Azərbaycan ədəbiyyatının və poeziya ənənələrinin yaşadılması, zəngin milli-mədəni irsimizin təbliği və gələcək nəsillərə ötürülməsində rolu olan, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Vaqif Poeziya Günləri hər il olduğu kimi, bu il də iyul ayının ikinci ongünlüyündə qeyd edilir.
Festivalın rəsmi açılış mərasimi Molla Pənah Vaqifin doğulduğu Qazax rayonunda keçirilib. Qazaxdan başlanan poeziya marafonu qədim Gəncənin zəngin mədəni mühitində davam edərək söz və sənətsevərləri bir araya gətirib. Əvvəl Mir Cəlal Paşayevin Ev-muzeyində "Poeziya saatı" təşkil olunub. Tədbirdə tanınmış yazıçı və şairlər çıxış edərək poeziyanın insan qəlbinə təsir gücündən, onun ruhun dərinliklərinə necə nüfuz etdiyindən danışıblar. Sonra Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası solistlərinin iştirakı ilə konsert proqramı təqdim olunub.
Qeyd edək ki, Vaqif Poeziya Günləri Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilir.
Sabir ƏLİYEV,
“Azərbaycan”