RU

Effektiv media siyasəti informasiya təhlükəsizliyini təmin edir

ain.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Meydanəli Yolçiyev,

YAP Daşkəsən rayon təşkilatının sədri

22 iyul Azərbaycan xalqının ictimai-siyasi və mədəni həyatında xüsusi əhəmiyyətə malik olan gündür. Məhz bu tarixdə – 1875-ci ilin 22 iyulunda maarifçi və publisist Həsən bəy Zərdabinin təşəbbüsü və böyük zəhməti ilə ölkəmizin ilk milli mətbu orqanı olan “Əkinçi” qəzeti nəşr olunmağa başlamışdır. Azərbaycan dilində dərc olunan bu qəzet maarifçilik hərəkatının ideoloji sütunlarından biri, milli oyanışın təzahürü olmuşdur. “Əkinçi”nin cəmi 56 sayı işıq üzü görməsinə baxmayaraq, onun ideyaları əsrlər boyu davam edən milli düşüncə, mədəni mübarizə və azad sözün təməlini qoymuşdur.

Milli mətbuatın təşəkkülü Azərbaycan cəmiyyətində milli özünüdərk, dil və mədəniyyətə bağlılıq, eləcə də dünyəvi təhsilin yayılması ilə sıx bağlıdır. “Əkinçi” qəzeti xalqın milli şüurunu oyadan maarifçi tribuna idi. O dövrün görkəmli ziyalıları – Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə və başqaları məhz mətbuat vasitəsilə cəmiyyətə yeni ideyalar təqdim etdilər.

XIX əsrin sonlarından başlayaraq Azərbaycan mətbuatı sürətlə inkişaf etməyə başladı. Bu faktor XX əsrin əvvəllərində milli istiqlal ideyalarının yayılmasında, mədəni dirçəlişin təmin olunmasında əhəmiyyətli rol oynadı. “Molla Nəsrəddin” kimi satirik nəşrlər tənqid və cəmiyyətə güzgü tutmaq missiyası daşıyırdı.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, yəni 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar söz və məlumat azadlığının təmin olunmasında mühüm dönüş yaratdı. 1998-ci ildə ölkədə dövlət senzurasının tamamilə ləğv olunması demokratik jurnalistikanın inkişafında önəmli addım kimi tarixə düşdü. Bu dövrdə yüzlərlə qəzet və jurnal fəaliyyətə başladı, informasiya məkanında rəqabət gücləndi. Kütləvi informasiya vasitələri vətəndaş cəmiyyətinin əsas dayaqlarından birinə çevrildi. Hökumət tərəfindən media orqanlarının iqtisadi müstəqilliyini gücləndirmək, onların hüquqi statusunu təkmilləşdirmək istiqamətində mühüm addımlar atıldı.

Ulu Öndər Heydər Əliyevin siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev tərəfindən Azərbaycan mətbuatının hüquqi bazasının möhkəmləndirilməsi məqsədilə bir sıra mühüm qanun və qərarlar qəbul olunmuşdur. Göstərilən ali siyasi iradə nəticəsində ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar olmuş, habelə qəzet və jurnal bolluğu yaranmışdır. Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” hazırlanmış və qəbul olunmuşdur. Dövlət başçısının müvafiq sərəncamları ilə milli mətbuatımızın 130, 135, 140 və 145 illik yubileyləri ölkə miqyasında geniş qeyd olunmuşdur. Bu yubileylər milli jurnalistikamızın tarixinə ədalətli qiymət verilməsini və nəsillərin varisliyini qəbul etməklə, mediamızın sabahkı hüdudlarına aydın baxışı təmin etmişdir.

Azərbaycan mətbuatı 44 günlük Vətən müharibəsi dövründə həm informasiya cəbhəsində, həm də milli həmrəyliyin təminində mühüm rol oynadı. Mətbuat orqanları, reportyorlar və müxbirlər haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin saxta təbliğatının ifşası və şanlı ordumuzun qəhrəmanlığının işıqlandırılması sahəsində peşəkarlıq nümayiş etdirdilər. Bu dövrdə formalaşan informasiya fəallığı postmüharibə mərhələsində də davam etdirilir və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri barədə dünya ictimaiyyətinə ardıcıl şəkildə məlumatlar çatdırılır.

2021-ci il 12 yanvar tarixində Prezident İlham Əliyevin Fərmanı ilə Medianın İnkişafı Agentliyi (MEDİA) yaradıldı. Yeni dövrdə bu agentlik medianın modernləşdirilməsi, onun peşəkarlıq səviyyəsinin artırılması və rəqabət qabiliyyətli media mühitinin formalaşması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. 2021-ci il dekabrın 30-da qəbul edilmiş “Media haqqında” Qanunla informasiya təhlükəsizliyi, media registri, jurnalist statusu və onlayn platformaların fəaliyyəti hüquqi müstəviyə gətirildi.

XXI əsrin ikinci onilliyindən etibarən internet media və sosial şəbəkələrin sürətli inkişafı ənənəvi mətbuata ciddi təsir göstərdi. Bu səbəbdən Azərbaycan dövləti yeni texnologiyaların tətbiqini və rəqəmsal medianın dəstəklənməsini öz media siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Hazırda ölkəmizin mətbuat orqanları təkcə çap formatında deyil, eyni zamanda rəqəmsal platformalarda da geniş fəaliyyət göstərirlər. Bu amillər həm operativlik, həm də informasiya əlçatanlığı baxımından ciddi irəliləyişə səbəb olmuşdur.

Jurnalistlərin sosial rifahının yaxşılaşdırılması, mənzil-məişət şəraitlərinin təmin edilməsi və sosial müdafiə tədbirləri uzun illərdir ki, dövlət siyasətinin mühüm istiqamətinə çevrilib. Prezident İlham Əliyevin sərəncamları ilə media işçilərinə müxtəlif güzəştlər, o cümlədən vergi azadolmaları və maddi yardımlar tətbiq edilir. Həmçinin, 2023-cü ildən etibarən media ilə bağlı gəlirlər 3 il müddətinə vergilərdən azad edilmişdir.

Azərbaycan milli mətbuatı 150 illik tarixi ərzində böyük bir inkişaf yolu keçərək “Əkinçi”dən başlayıb rəqəmsal informasiya dövrünə qədər uzanan şərəfli və zəngin bir irs formalaşdırmışdır. Azad sözə, peşəkar mediaya və cəmiyyətlə dövlət arasında körpü rolunu oynayan jurnalistikaya verilən önəm bu gün də ölkə rəhbərliyinin diqqət mərkəzindədir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
20
12
yeniazerbaycan.com

10Источники