Hərbi eskalasiyalar zamanı yoxlanılmış məlumat mənbələrinə etibar etmək və süni intellekt vasitəsilə yaradılmış feyk xəbərlərə uymamaq xüsusilə vacibdir.
Bu barədə “Report”a “Euronews“ telekanalının baş direktoru Klaus Ştrunts bildirib.
"Hərbi şəraitdə hər iki tərəfdən gələn məlumatlarla işləmək son dərəcə çətindir. Çünki belə vəziyyətdə kommunikasiya silaha çevrilir və bütün saytlar bundan istifadə edir. Jurnalistlər olaraq bizim vəzifəmiz təkcə həqiqəti çatdırmaq deyil, həm də reallığı göstərməkdir", - o qeyd edib.
K.Ştruntsun sözlərinə görə, belə dövrlərdə jurnalistlər üçün problemin, münaqişənin bütün tərəfləri ilə maraqlanmaq xüsusilə vacibdir.
"Bütün arqumentlər və mövqelər toplanıb sistemə yükləndikdə, süni intellekt onları emal edib nəticə verə bilər. Lakin biz bu yolun yalnız başlanğıcındayıq. Əminəm ki, insan resursu hələ də istənilən maşından daha vacibdir", - o əlavə edib.