_(1).jpg)
"Bu gün, əslində, İran və Rusiyanın dənizdə xilasetmə əməliyyatlarının birlikdə təkmilləşdirilməsinə hansı mənada ehtiyacın olması sual doğurur. Çünki ayrı-ayrılıqda həm İran, həm də Rusiya dəniz dövlətidir və hər iki ölkənin dənizdə xilasetmə tədbirlərini müstəqil şəkildə təkmilləşdirmək üçün kifayət qədər imkanları mövcuddur. Məhz bu səbəbdən onların birlikdə bu sahədə əməkdaşlığı gücləndirməsi və ortaq əməliyyat keçirməsi hansı zərurətdən irəli gəldiyi ilə bağlı, bir daha qeyd edirəm ki, müəyyən suallar doğurur."
Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:
"Deməli, burada məqsəd sadəcə dənizdə xilasetmə sahəsində əməkdaşlığın təkmilləşdirilməsi olmamalıdır. Əgər məqsəd doğrudan da xilasetmə sahəsində qarşılıqlı təcrübə mübadiləsi olsaydı, bunu daha böyük okeanlarda, daha geniş akvatoriyalarda həyata keçirmək daha məntiqli olardı. O halda bu cür təlimlərin Xəzər kimi nisbətən kiçik və çıxışı məhdud olan bir dənizdə keçirilməsi ciddi suallar doğurur.
Belə görünür ki, əsas məqsəd İran və Rusiyanın bütün sahələrdə əməkdaşlığının davam etdiyini və bu prosesin "canlı" bir layihə olaraq hələ də aktuallığını qoruduğunu nümayiş etdirməkdir. Xüsusilə də İsraillə İran arasında baş vermiş 12 günlük hərbi qarşıdurmadan sonra İran-Rusiya münasibətlərində müəyyən qədər soyuqluq müşahidə olunurdu. Hətta bəzi iddialara görə, Rusiya Prezidenti Vladimir Putin İranı ABŞ-ın təşviq etdiyi yeni nüvə razılaşmasına qoşulmağa təşviq etmişdi. Sonradan bu məlumat rəsmi şəkildə təkzib edilsə də, müharibə zamanı Rusiya, heç olmasa ritorik səviyyədə, İrana dəstək vermədi.
Əvəzində, Rusiya bu münaqişənin diplomatik yollarla həllinin vacibliyini vurğuladı və faktiki olaraq, İrana, müharibənin gedişində döyüş meydanında dəstək verəcəyinə dair heç bir konkret mesaj ötürülmədi. Bu isə İranda müəyyən narazılıq və narahatlıq doğurdu. Hətta Putin ötən il iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq sazişində qarşılıqlı hərbi yardım maddəsinin olmadığını da açıq şəkildə bildirdi.
Bütün bunlar onu deməyə əsas verir ki, İran-İsrail müharibəsindən sonra İran-Rusiya münasibətlərində bir gərginlik, ən azından soyuqluq görüntüsü yaranmışdı. Çox güman ki, Xəzər dənizində keçirilən bu birgə təlimlərlə tərəflər həmin görüntünü dəyişməyə, ictimai rəyə münasibətlərin əvvəlki səviyyədə davam etdiyini göstərməyə çalışırlar. Eyni zamanda bu təlimin müəyyən siyasi mesajlar da verdiyini istisna etmək olmaz.
Bu mənada, hazırda Cənubi Qafqazda Rusiyanın mövqelərinin zəifləməsi prosesi baş verir. Paralel olaraq, Rusiyanın zəifləməsi İranın da mövqelərinin zəifləməsi deməkdir. Digər tərəfdən isə, bu zəifləmə Avropanın və xüsusilə Ermənistan xətti üzrə Cənubi Qafqazdakı təsir imkanlarını artırır.
Belə bir şəraitdə Rusiya və İran Xəzərdə birgə hərbi təlim keçirməklə həm də Avropaya və bölgədəki digər aktorlara müəyyən mesaj verməyə çalışa bilərlər. Bir sözlə, bu təlimləri sadəcə dənizdə xilasetmə tədbirlərinin təkmilləşdirilməsi çərçivəsində qiymətləndirmək doğru olmaz. Bu, daha geniş siyasi və strateji məqsədləri olan hərbi-siyasi manevrdir."
İbrahim Məmmədli