Mətləb Salahov: “Azərbaycan 30 illik erməni işğalı ilə barışmadı, torpaqlarını azad etdi, beynəlxalq ədaləti öz gücünə bərpa etmək nümunəsi yaratdı”
Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda ukraynalı jurnalistin müharibə şəraitində Ukrayna xalqına nə məsləhət verə biləcəyilə bağlı sualına cavabında qeyd edib ki, heç vaxt işğalla barışmayın:
“Bu, bizim də etdiyimiz addım olub. Danışıqlar prosesi dövründə - mən 2003-cü ilin sonundan bu prosesin içində olmuşam - 17 il ərzində çoxsaylı təkliflər və görüşlər baş tutub. Bizə reallıqlarla barışmalı olduğumuz barədə saysız-hesabsız mesajlar verilib”.
Maraqlıdır, Azərbaycanın heç vaxt işğalla barışmaması Qarabağ münaqişəsinin həllində nə kimi rol oynadı?
“Azərbaycan yeganə dövlətdir ki, müharibəni qalibiyyətlə başa vurması faktı dünyaya yeni təcrübə gətirdi, bu, başqa ölkələr üçün də nümunə rolunu oynadı”
Jurnalist-ekspert Mətləb Salahov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, 1988-ci ildən başlayaraq Ermənistan qüvvələrinin Azərbaycan ərazilərinə hücumları, törətdikləri vəhşiliklər və Azərbaycanın 30 faiz ərazilərinin işğal edilməsi artıq acı, amma keçmiş tarix kimi yalnız yaddaşlarda yaşayır. Torpaqlarımız işğal edilmiş, Azərbaycan vətəndaşlarına qarşı amansız vəhşilik və terror həyata keçirilmiş, mədəni abidələrimiz məhv edilmişdi: “Bu, tarixi faktdır. Lakin o da önəmli faktdır ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayıb. Bir faktı xüsusilə vurğulamaq lazımdır ki, dəfələrlə Ermənistana və onun arxasında duran dövlətlərə bildirilib ki, əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, Azərbaycan öz ərazi bütövlüyünü hərbi yolla bərpa edəcək. Əfsuslar olsun ki, Ermənistan və onun havadarları Azərbaycan rəhbərliyinin bu xəbərdarlıqlarını diqqətə almadılar.
Digər baxımdan, BMT Təhlükəsizlik Şurasının Ermənistan işğalı barədə qəbul etdiyi dörd qətnamə də gərəksiz kağız parçası kimi ortada idi. Yalnız Azərbaycanın qətiyyətli və əzmkar mövqeyi sayəsində beynəlxalq hüququn prinsipləri bərpa edildi. Bu qətnamələr 1993-cü ildə qəbul edilmişdi, ancaq 27 il ərzində icra edilməyib. Ermənistan bu qətnamələrin icrasına maraq göstərmirdi, faktiki olaraq məhəl qoymurdu. Beynəlxalq ictimaiyyət, birlik isə sadəcə olaraq buna göz yumurdu və Ermənistana hər hansı sanksiyalar tətbiq edilmədi. Baxmayaraq, dəfələrlə Azərbaycan məsələ qaldırdı ki, Ermənistana qarşı sanksiyalar tətbiq edilsin, Ermənistan cəzalandırılsın. Lakin “demokratiya” bağıran beynəlxalq qurumlar bu ədalətsizlik qarşısında İrəvana sığal çəkirdilər. Bu faktdır. Nəticədə 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanı döyüş meydanında darmadağın edərək 300-dən çox şəhər və kəndi azad etdi. Bu, tarixdə analoqu olmayan böyük hərb salnaməsi idi. Təkcə bir faktı vurğulayaq ki, ikinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb. Azərbaycan yeganə dövlətdir ki, müharibəni qalibiyyətlə başa vurması faktı dünyaya yeni təcrübə gətirdi. Bu, başqa ölkələr üçün də nümunə rolunu oynadı”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycan gəncinin baxışı, dövlətin siyasi-hərbi iradəsi tamamən üst-üstə düşdü ki, bu da Azərbaycanın geostrateji mövqeyi və dünyadakı hörməti də önəmli rol oynadı. Faktiki olaraq həmin dönəm pandemiyaya təsadüf etmişdi: “Amma bütövlükdə beynəlxalq birlik Azərbaycanın haqlı mövqeyinə də etiraz edəcək səbəb tapmadı. Müəyyən aparıcı ölkələr müxtəlif bəyanatlı açıqlamalar versələr də, prosesə bilavasitə müdaxilə edə bilmədilər. Bu da önəmli faktordur. Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə ukraynalı jurnalist Dmitri Qordonun Azərbaycan liderinin müharibə şəraitində olan Ukrayna xalqına nə məsləhət görə biləcəyi ilə bağlı sualını cavablandırarkən dediyi fikir sözün əsl mənasında tarixi önəm daşıyır: heç vaxt işğalla razılaşmayın!
Bəli, bunu o Prezident deyir ki, rəsmi İrəvanın arxasında duran güclərin hay-küyünə, informasiya təxribatlarına baxmayaraq 30 illik erməni işğalına son qoydu, tarix yazdı. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması dövlətimizin gücünün göstəricisidir. Azərbaycan xalqı Ermənistanın işğalçı siyasəti ilə heç zaman barışmadı və otuz il ərzində iqtisadiyyatını, ordusunu gücləndirdi. Ən əsası isə, insanlarda, yetişən gənc nəsildə güclü vətənpərvərlik ruhu formalaşmışdı. Məhz bu ruh müasir qələbəni şərtləndirən mühüm amil oldu. Doğrudur, ötən illər ərzində güclənən ordumuz müasir silahlarla təchiz olundu, amma xalqımızda, gənclərimizdə yüksək vətənpərvərlik ruhu olmasaydı, bu tarixi qələbəni qazanmaq çətin olardı. Lakin beynəlxalq güclərin, xüsusilə ATƏT-in artıq keçmişdə qalan Minsk qrupunda yer alan dövlətlərin Azərbaycanın işğal altındakı torpaqlarından çıxması üçün Ermənistana heç bir təsir göstərməmələrinə, üstəlik bu vəziyyətin uzun illər davam etməsi üçün, beynəlxalq hüquq normalarının reallaşdırlmaması üçün göstərdikləri “qəhrəmanlıqlar”a baxmayaraq, Azərbaycan xalqının əzmkar mövqeyi həlledici oldu”.
Günel CƏLİLOVA