RU

AFFA Rauf Allahverdiyevlə əməkdaşlığı dayandırdı - İKİ SƏHVİN TARİXÇƏSİ

Futbol azarkeşlərinin bir o qədər də yaxşı tanımadığı hakim Rauf Allahverdiyev bu il aprelin 2-də gündəmə gəldi.

O, Azərbaycan Kubokunun yarımfinalında “Neftçi” - “Sabah” matçının 90+1-ci dəqiqəsində meydan sahiblərinin qapısına penalti təyin etməməsinə görə diqqətləri öz üzərinə çəkdi. VAR otağında kobud səhvə yol verən R.Allahverdiyev epizodu incələməyə lüzum görmədi.

Qarşılaşmadan sonra AFFA tərəfindən araşdırmalara başlanıldı. Qaydalara əsasən, araşdırma müddətində R.Allahverdiyevə Premyer Liqa və kubok oyunlarına təyinat verilmədi. Ancaq sözügedən hakim araşdırma gedə-gedə mətbuata bir neçə dəfə açıqlama verərək AFFA rəhbərliyinin ünvanına kəskin ifadələr səsləndirdi.

Bu gün fanat.az saytında sensasiya hesab edilə biləcək məlumat yayımlandı. Yayılan məlumatda R.Allahverdiyev KİV nümayəndələrinə verdiyi müsahibələrə görə günahını səmimi etiraf edib. O, AFFA-ya gedərək izahat yazıb, səhvini boynuna alıb, fikir və ifadələrinin həqiqəti əks etdirmədiyini bildirib. İzahatda qeyd olunun ki, R.Allahverdiyev barəsində çıxarılacaq qərarın necə olmasından asılı olmayaraq, mediada təkzib verəcəyimi də bəyan edib.

Bu gün Rauf Allahverdiyevlə əlaqə saxladıq. O, Offsideplus.az saytına açıqlamasında barəsində çıxarılacaq istənilən qərara hörmətlə yanaşacağını, təkzib verəcəyini söyləyib: "Mən həqiqətən də AFFA-da olmuşam, izahat yazmışam. Günahımı etiraf edirəm. Barəmdə qərar verilərkən ailə vəziyyətimin və öhdəmdə 2 azyaşlı övladımın olmasının nəzərə alınmasını xahiş etmişəm".

Rauf Allahverdiyev saytımıza açıqlamasında qeyd etdi ki, AFFA onunla əməkdaşlığı davam etdirməyəcək. Onunla iyunun 1-də başa çatan müqavilənin müddəti uzadılmayıb.

Bunun isə bir sadə səbəbi var: araşdırma müddətində AFFA tərəfindən hakimə rəsmi qaydada hər hansı yazılı məlumat və ya bildiriş təqdim edilmədiyi halda, onun ictimaiyyətə təqdim etdiyi əsassız bəyanatlar, AFFA-nın nüfuzuna və işgüzar imicinə xələl gətirə biləcək böhtan xarakterli açıqlamalar.

Beləcə, VAR otağındakı diqqətsizlik azmış kimi Rauf Allahverdiyev dilinin də bəlasına düşüb.

Görünən budur ki, AFFA belə bərbad hakimliklə ciddi mübarizə yolunu tutub. Məqsəd ölkə çempionatının və kubok yarışlarında xüsusilə prinsipial görüşlərdə obyektivliyin, şəffaflığın tam qorunmasıdır. Yalnız kəskin qərarlarla inkişafa nail olmaq, futbolun ən həssas hissələrindən biri olan hakimliyin səviyyəsini qaldırmaq mümkündür.

Избранный
17
1
hurriyyet.az

2Источники