Çimərlik voleybolu üzrə ölkə çempionatı başa çatıb. "Rekord az" xəbər verir ki,  bu gün Bakı Su İdmanı Sarayında birinciliyin final qarşılaşmaları keçirilib. Həm qadınlar, həm də kişilərin yarışında “AZERRAIL-1” komandaları çempionluq uğrunda mübarizədən qalib ayrılıblar.

Qadınların finalında “AZERRAIL-1” və “AZERRAIL-2”, kişilərin həlledici görüşündə isə “AZERRAIL-1” və “Xilasedici-2” komandaları üz-üzə gəlib. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunların nəticəsinə əsasən, həm qadınlar, həm də kişilər arasında “AZERRAIL-1” komandaları qızıl medal qazanıblar.

Oyunlardan sonra mükafatlandırma və bağlanış mərasimi keçirilib. Qalib və mükafatçılara diplomlar, medallar vəAzərbaycan Voleybol Federasiyasının tərəfdaşı olan VMF saat fabriki tərəfindən hədiyyələr təqdim olunub.

Mükafatları AVF-nin prezidenti Şahin Bağırov, baş katib Faiq Orucov, İdarə Heyətinin üzvü Elqar Bağırov, Əməkdar idman ustası, Avropa çempionatının mükafatçısı Aliyə Paşayeva və VMF saat fabrikinin direktoru Orxan Məmmədov təqdim ediblər.

Qalib komandalar eyni zamanda Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təşkil edilən klublararası Avropa çempionatında iştirak hüququ əldə ediblər. Xatırladaq ki, ötən mövsüm bu yarışda ölkəmizi təmsil edən “AZERRAIL”in qadın və kişi komandaları çempion olub.

İyulun 21-də start götürən yarış Avropa Voleybol Konfederasiyasının reqlamentinə uyğun olaraq keçirilib. Reqlamentə əsasən, hər klub çempionata ən azı iki komanda ilə və 18 yaşdan yuxarı idmançılarla qatılıb. İki dəfə məğlub olan komanda çempionatda mübarizəni dayandırıb.

Qadınlar arasında mükafatçılar:

 Qızıl medal – “AZERRAIL-1” (Larisa Smeltsova/ Çinarə Quliyeva) 

Gümüş medal – “AZERRAIL-2” (Vera Klimoviç / İlhamə Əzimova)

 Bürünc medal – “Milli Aviasiya Akademiyası-1” (Nəzrin Kərimli / Amina Ramazanova)

 

Kişilər arasında mükafatçılar:

 Qızıl medal – “AZERRAIL-1” (Konstantin Semenov / Heydər Məmmədli)

 Gümüş medal – “Xilasedici-2” (Andrey Melnikov / Həsən Hüseyn Mermer / Asif Əliyev) 

• Bürünc medal – “AZERRAIL-2” (İbrahim Məmmədov / Muhammad Aslanlı)