RU

Göygöllə Kəlbəcərin birləşməsinə çox qalmayıb

Bu ərazidə dünyanın ən uzun avtomobil tunellərindən biri inşa olunur

Artıq 5 ilə yaxındır ki, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması istiqamətində misli görünməyən tikinti-quruculuq işləri davam edir.  

Erməni vandalizminin qurbanına çevrilmiş şəhər və kəndlərin yenidən, daha müasir formada qurulması, tamamilə dağıdılmış infrastrukturun bərpası, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının təmin edilməsi Azərbaycan dövlətinin prioritet fəaliyyət istiqamətlərindəndir.

Hər gün demək olar ki, ölkəmizin müxtəlif şəhər və rayonlarından keçmiş məcburi köçkün soydaşlarımızın doğma yurda köç karvanları hərəkət edir. 

Əlbəttə ki, Böyük qayıdışın təmin ediməsi üçün vacib olan ən mühüm məsələlərdən biri də yol-nəqliyyat infrastrukturunun tamamilə yenidən qurulmasıdır. Hər iki iqtisadi rayonda tikinti-quruculuq işləri ilə paralel olaraq yolların da yenidən qurulması, körpü və tunellərin tikintisi həyata keçirilir.

2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində, həmçinin dövlət başçısının sərəncamları əsasında 44 avtomobil yolu layihəsinin tikintisi aparılıb. Bu layihələrin ümumi uzunluğu 3400 kilometr təşkil edir.  Bunlardan 7 avtomobil yolunun (Zəfər yolu, Əhmədbəyli-Füzuli-Şuşa yolu, Tərtər-Suqovuşan-Talış avtomobil yolu, Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolu, Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolu, Bərdə-Ağdam avtomobil yolu, Füzuli-Hadrut avtomobil yolu) tikinti işləri başa çatdırılıb. 

Tikintisi davam edən 37 layihənin isə 2025-2026-cı illərdə başa çatdırılması planlaşdırılır. Bu layihələr çərçivəsində ümumilikdə 45 tunel, 447 körpü, 16 viaduk inşa ediləcək. 45 tunelin ümumi uzunluğu 70,8 km, 447 körpünün ümumi uzunluğu 9581,6 m, 16 viadukun ümumi uzunluğu isə 3871 metr təşkil edir.

Prezident İlham Əliyevin tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən mühüm infrastruktur layihələrindən biri də Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumata əsasən, layihənin tikintisi sürətlə davam edir. Layihənin ümumi uzunluğu 82 kilometrdir. Avtomobil yolu Göygöl və Kəlbəcər rayonlarını birləşdirir. Yolun Toğanalı-Kəlbəcər hissəsi 56, Kəlbəcər-İstisu hissəsi isə 26 km uzunluğundadır. Yolun 16-cı kilometrindən etibarən Murovdağ silsiləsi başlayır və burada yüksəklik 1 700 metrdən başlayaraq 3 250 metrədək yüksəlir.

Bu ərazidə dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası aparılır. Ümumi uzunluğu 23 min 401,8 metr olan tunel iki gediş və iki gəliş olmaqla 4 zolaqlı olacaq. Bundan əlavə, layihə çərçivəsində 561,2 m, 626,9 m, 500 m və 947,9 m uzunluğunda daha 4 tunel də tikilir.

Murovdağ tuneli (Tunel №3) sol və sağ hissələrdən ibarət olmaqla 11 min  711,5 və 11 min 690,3 metr uzunluqdadır. Tuneldə ümumilikdə 18 min 160,3 metrlik qazma və beton püskürtmə işləri başa çatdırılıb. Tunelin sağ və sol hissələrini birləşdirən 37 keçid tunelindən 36-sı inşa olunub, biriində işlər davam edir.

Prezidentin tapşırığına əsasən, yol 2, 3 və 4 hərəkət zolaqlı olmaqla I, II və III texniki dərəcələrə uyğun şəkildə inşa edilir. Yolun əsas hissəsi II texniki dərəcəyə (2 hərəkət zolaqlı, yoxuşlarda əlavə zolaqlı), Murovdağ tuneli olan hissə isə I texniki dərəcəyə (4 hərəkət zolaqlı) uyğun tikilir.

Layihə çərçivəsində ümumi uzunluğu 2968 metr olan 6 yol qovşağı və 4594 metr uzunluğunda 35 bağlantı yolun tikintisi də nəzərdə tutulub. Ümumilikdə layihə üzrə fiziki işlərin icra səviyyəsi 85 faizə çatıb.

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu Göygöl rayonunun Toğanalı kəndindən başlayaraq işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. Bu yol rayon mərkəzi ilə yanaşı, bölgənin bir çox yaşayış məntəqəsinə və məşhur "İstisu" istirahət zonası istiqamətində rahat və təhlükəsiz nəqliyyat əlaqəsini təmin edəcək.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Избранный
32
azerbaijan-news.az

1Источники