RU

"TASS-ın "Stepanakert" yazması ideoloji müharibənin formasıdır" -Fəzail İbrahimli

"Rusiyanın kifayət qədər ciddi informasiya agentliyinin bu cür mövqe tutması təsadüfi deyil. Bu, Rusiya - Azərbaycan münasibətlərində müəyyən gərginliyin ifadəsidir. Ortada hərbi, siyasi və ideoloji qarşıdurma var. Onlar əllərindən nə gəlirsə, edirlər. Hətta bəzən ermənidən daha artıq erməni kimi davranırlar. Mən tam əminliklə deyə bilərəm ki, həmin yazının hazırlanmasında, bu ideyanın ortaya atılmasında erməni izləri var. Buna yüz faiz əminəm".

Bu fikirləri Redaktor.az-a açıqlamasında millət vəkili Fəzail İbrahimli Rusiyanın TASS agentliyinin “Stepanakert” ifadəsindən istifadə etməsinə münasibət bildirərkən dedi.

Onun sözlərinə görə, artıq mövcud olmayan bir rejimin -  “Dağlıq Qarabağ” və ya “Artsax”ın adını gündəmə gətirmək absurddur:

"Belə yanaşmalar Azərbaycanın ağrılı və tarixi travmalarına toxunmaq cəhdidir. Çünki “Dağlıq Qarabağ” məsələsi bizim üçün bir zədə, bir yaradır. Biz bu əzabları bir əsrdən çoxdur ki, müxtəlif mərhələlərdə yaşamışıq. Müstəqillik dövründə səkkiz rayonumuzun işğalı ilə bağlı keçdiyimiz acı yol hər kəsə məlumdur. Əgər təqvimi diqqətlə nəzərdən keçirsək, görərik ki, Azərbaycan tarixinin son 100 ilində demək olar ki, ilin 11 ayında erməni faktorunun təsiri ilə Rusiya mənşəli faciələr baş verib.

Yanvarın 20-də törədilən qətliamın arxasında Sovet Rusiyası dayanırdı. Fevral ayında Xocalı soyqırımı Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə törədildi. Mart soyqırımı isə sovet, erməni və bolşevik ittifaqının birgə cinayətidir. Qeyd edim ki, Leninin Moskvadan Şaumyanı Qafqazın canişini təyin etməsi ilə başlayan prosesdə rus və bolşevik hərbi qüvvələri birlikdə hərəkət edirdilər. Mart hadisələrinin əsas məqsədi isə Qafqazı türksüzləşdirmək idi.

Aprel ayında Azərbaycan Xalq Cümhuriyyəti 11-ci Qızıl Ordu tərəfindən devrildi. 1920-ci ilin həmin aylarında ermənilər yenidən fəallaşaraq Qubadlının və digər ərazilərin işğalında iştirak etdilər. 90-cı illərdə isə may, iyun və iyul aylarında Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Füzuli kimi şəhərlər ard-arda işğala məruz qaldı.

1991-ci ilin noyabrında isə yüksək rütbəli məmurların olduğu helikopter qəzası baş verdi. Yəni bizim tariximizdə baş verən bir çox faciələr erməni-rus müttəfiqliyinin nəticəsidir. Ona görə də bu gün yazılan, səsləndirilən hər cür ideoloji mesaj “Artsax”, “Dağlıq Qarabağ” ifadələri artıq tarixə dəfn olunub. Bu anlayışların tabutuna sonuncu mismar da vurulub".

Deputat vurğuladı ki, Rusiya tərəfi hər şeyi çox yaxşı bilir:

"Sadəcə olaraq, ideoloji müharibənin başqa bir mərhələsində Azərbaycana psixoloji təsir göstərmək və daxili ağrılı nöqtələrimizə toxunmaq üçün bu ifadələrdən istifadə edirlər. Amma bu cəhdlər artıq nəticəsizdir. Çünki biz bu gün öz torpağımıza sahibik. Güclü və müasir ordumuz var. Böyük dövlətlərlə siyasi və hərbi əməkdaşlığımız mövcuddur. Haqq bizim tərəfdədir. Xalqımız vətən və dövlət məsələsində vahid mövqedədir, monolitdir. Ən əsası isə ölkənin başında qətiyyətli, iradəli və uzaqgörən lider dayanır. Belə olan halda, kiminsə “Dağlıq Qarabağ”, “Artsax” deyə nəsə yazması sadəcə ürək bulandıra bilər. Bu tip addımlar bizi yolumuzdan döndərə bilməz", - deyə Fəzail İbrahimli bildirdi.

Nuriyyə NATİQQIZI

Избранный
90
1
redaktor.az

2Источники