RU

AQTA-nın ekvivalentlik qərarı hansı imkanları yaradacaq? - ŞƏRH

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Almaniya, ABŞ, Çin, Yaponiya, İsveçrə, İtaliya və digər bir sıra ölkələrin qida təhlükəsizliyinə nəzarət sisteminin ekvivalentliyini tanıyıb. Bu qərar həmin ölkələrin yüksək riskli qida məhsulları istehsal edən müəssisələrinə əlavə qiymətləndirməyə ehtiyac olmadan Azərbaycana məhsul ixrac etməyə imkan verir. Müvafiq qərar, adıçəkilən ölkələrin qida təhlükəsizliyi sistemlərinin əvvəlcədən AQTA tərəfindən qiymətləndirilməsi və ticarət dövriyyəsi zamanı ortaya çıxmış uyğunsuzluqların statistik təhlili əsasında verilib. İndiki mərhələdə bu yanaşma ölkələrarası qida məhsulları ticarətinə müsbət təsir göstərəcək, lakin qərarda vurğulandığı kimi, hər hansı uyğunsuzluq və ya təhlükəli məhsul ixracı halı təkrarlanarsa, ekvivalentlik ləğv edilə bilər.

Bu qərarın iqtisadi və institusional müstəvidə əhəmiyyətini təhlil edərkən ilk olaraq qlobal ticarət mühitində texniki baryerlərin azaldılmasının rolu nəzərə alınmalıdır. Ekvivalentliyin tanınması, təkcə logistika proseslərinin sadələşdirilməsi ilə deyil, həm də idxalçı və ixracatçı şirkətlərin idarəetmə xərclərinin azalması ilə nəticələnir. Yəni, artıq həmin ölkələrin istehsalçı müəssisələri məhsullarını Azərbaycan bazarına çıxarmaq üçün vaxt və resurs tələb edən paralel sertifikatlaşdırma prosedurlarına ehtiyac duymayacaqlar. Bu isə həm bazarda rəqabəti gücləndirəcək, həm də istehlakçıların seçim imkanlarını artıracaq.

Digər tərəfdən, iqtisadi baxımdan bu qərar Azərbaycanın idxal strukturu və ərzaq təminatı sisteminə daha dinamik yanaşmanı təşviq edir. Məsələn, yüksək riskli kateqoriyaya daxil olan ət, süd məhsulları və dəniz məhsullarının keyfiyyətli və təhlükəsiz şəkildə ölkəyə daxil olması həm sağlamlıq, həm də ərzaq təhlükəsizliyi baxımından önəmli faktordur. AQTA-nın bu yanaşması göstərir ki, qurum yalnız daxili nəzarəti deyil, həm də xarici ticarət tərəfdaşları ilə institusional əməkdaşlığı strateji alət kimi nəzərdən keçirir. Bu isə qida təhlükəsizliyinin artıq lokal deyil, regional və qlobal konteksdə idarə olunmasına keçid niyyətinin göstəricisidir.

Qərarın geoiqtisadi əhəmiyyəti də diqqətdən yayınmamalıdır. Tanınan ölkələr sırasında Avropa İttifaqı, Asiya və Amerika regionlarını təmsil edən dövlətlərin yer alması Azərbaycanın beynəlxalq qida təhlükəsizliyi sistemlərinə inteqrasiya səviyyəsinin artdığını göstərir. Bu isə orta və uzunmüddətli perspektivdə ölkənin Dünya Ticarət Təşkilatı ilə danışıqlarında da texniki harmonizasiya sahəsində mövqelərini gücləndirə bilər.

Bununla yanaşı, AQTA-nın qərarında ehtiyatlılıq prinsipi də qorunub saxlanılıb. Belə ki, ekvivalentlik tanınsa da, təkrar pozuntu hallarında həmin statusun ləğvi ehtimalı saxlanılır. Bu yanaşma həm çevik, həm də məsuliyyətli idarəetmənin nümunəsidir. Yəni, Azərbaycan qida təhlükəsizliyində beynəlxalq standartlara açıq olsa da, daxili istehlakçının sağlamlığı və bazarın etibarlılığı prioritet olaraq qorunur. Bu, dövlət siyasətinin balanslı və müasir tənzimləmə yanaşmalarına əsaslandığını göstərir.

Qlobal iqtisadi trendlərə uyğun olaraq, dünya ölkələri qida məhsulları ticarətində sərt sanitariya və fitosanitar tələblər tətbiq etməklə bir növ “qida diplomatiyası” formalaşdırırlar. Azərbaycanın bu qərarı da göstərir ki, ölkəmiz həmin diplomatiyada passiv deyil, aktiv iştirakçı olmağa çalışır. Bu isə təkcə idxal deyil, eyni zamanda gələcəkdə Azərbaycanın öz qida məhsullarının ixrac coğrafiyasını genişləndirməsi üçün də əhəmiyyətli bir mexanizm rolunu oynaya bilər. Çünki qarşılıqlı tanınma prinsipi əsasında Azərbaycanın da qida təhlükəsizliyi sistemləri daha çox ölkə tərəfindən tanına bilər.

Избранный
17
aznews.az

1Источники