RU

Sirli-sehrli gecələr

Sirli-sehrli, nurlu, qürurlu, bir-birindən uğurlu gecələr. Sakitliyi, həzinliyi, gözəlliyi, bənzərsizliyi ilə həmişə bizi sehrinə salan, gözümüzdə daim ucaldıqca ucalan, ən heyrətamiz möcüzələri xatırladan, şirin nağıl kimi damla-damla ürəyimizə, qəlbimizə yatan, daim sevincimizə sevinc qatan, ürəyimizdən dərdi, qəmi silib atan gecələr. 

Hər axşam sirli-sehrli, baxdıqca, seyr etdikcə ruhumuza dinclik, əmin-amanlıq, sakitlik gətirən, uca göylərdən, Aydan, ulduzlardan bizə salamlar yetirən gecələr. Bəzən uzun, bəzən qısa, bəzən xoş, ürəyəyatımlı, bəzən yorucu, bezdirici, üzücü gecələr. 

Küləkli-küləksiz, yağışlı-yağmurlu, qarlı-çovğunlu gecələr. Necə də yaraşıqlı, bir az işıqlı, qaranlığa, zülmətə bürünmüş, sübhün gözəlliyinə ürəkdən vurulmuş gecələr. Sanki axşamdan səhərə qədər karvanlara qoşulub dağlardan aşmış, düzlərdən keçmiş, uzun yol qət etmiş, əldən düşüb yorulmuş, güclü küləklər kimi sovrulmuş gecələr. Buludlu-buludsuz, ulduzlu-ulduzsuz gecələr, sevinci, fərəhi, qəmi, kədəri sərhədsiz gecələr.

Hərdən sakit, rahat, rəvan, səssiz-küysüz, hərdən də səsli-küylü, nadinc, dəlisov gecələr. Dərindən-dərin, sərindən-sərin, şirindən-şirin, bəzəyi olan gecələr.  

İllərdən, əsrlərdən, qərinələrdən, dünənlərdən, ötənlərdən, keçənlərdən, savaşlardan, müharibələrdən, dava-dalaşlardan, qədim-qədim tarixlərdən xəbər verən gecələr. Yəqin elə buna görə də nə yatar, nə də dincələr gecələr. Doğrudan da, hamı yatar, dincələr, ancaq heç vaxt yatmaz, gözünü belə yummaz, qırpmaz, sübhədək oyaq qalar, qaranlıqlara, zülmətlərə dayaq olar gecələr. Həmişə yer üzünə göy üzündən soraq verər gecələr. Bəs bu yazıq gecələr, heç bilinməzmi ki, harada qalar, harada yatar, harada yaşayar gecələr?..

Sinəsi, başının üstü həmişə ulduzlarla dolu olan, sabaha qədər yatmayan, sübhün açılmasını gözləyə-gözləyə gözünü yummayan gecələr. Buna görə kimsədən heç bir pay ummayan, gecənin keşiyini çəkməkdən heç vaxt yorulmayan, usanmayan gecələr. Qaranlıqdan başqa rəngə boyanmayan, heç vaxt ayaq saxlamayan, dayanmayan, dincəlməyən gecələr.

İstərdik ki, çox yorulmasın, hərdən oturub dincəlsin, toxdasın, sakitləşsin, daha da gözəlləşsin, şirinləşsin, həzinləşsin, heç vaxt istiyə düşməsin, getdikcə sərinləşsin, dərinləşsin gecələr. Heç vaxt yorğun qalmasın, gecənin qaranlığında, sakitliyində insanlardan gördüklərindən, eşitdiklərindən gözləri dolmasın, məyus olmasın, acı fikirlərə, narahat düşüncələrə qapılmasın gecələr. Qoy həmişə üzü gülsün, çöhrəsi gülüşə bürünsün, ürəyi açılsın, könlü şadlansın, qəlbi sevinclə, fərəhlə dolsun, çiyinlərinin üstündə saxladığı Aydan, ulduzlardan həmişə üzünə təbəssüm süzülsün. Bütün dərdləri, ağrıları çözülsün, həmişə olduğu kimi qəşəng və gözəl görünsün gecələr.  

Ən gözəl, dəyərli, qiymətli əsərlər də elə insanları sehrində saxlayan, mehrinə salan sirli-sehrli gecələrdə yazılır. Sanki yazıldıqca bu əsərlərə, bu əsərlərin mətninə gecələrin gözəlliyi də, bənzərsizliyi də hopur. Bu gözəllikdən, bu bənzərsizlikdən sanki dünya da heyrətə gələrək silkələnib yerindən qopur. Bəlkə də elə buna görə də sirli-sehrli gecələrdə yazılan əsərlər maraqla oxunur, həzin-həzin ürəklərə, qəlblərə, könüllərə xoş sözlərlə xalça kimi toxunur. Onları riqqətə gətirir, sevgisini, məhəbbətini coşdurur, zaman-zaman oxucu sevgisi qazanır, qaranlıqda əbədi məşəl kimi yanır. Elə buna görə də gecənin zil qaranlığının bətnindən günəşli, yuxulu bir səhər yavaş-yavaş gözünü açıb oyanır. Dünyamız qaranlıqlardan, zülmətlərdən qurtulub asta-asta işığa, nura boyanır.

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Избранный
32
azerbaijan-news.az

1Источники