RU

Rəşad Sadıqov bu addımı atmasa...

Avrokubok təmsilçilərimizdən yalnız “Zirə” mərhələ adlaya bilmədi.

Konfrans Liqasında “Hayduk”la münasibətlərinə aydınlıq gətirən “qartallar” “keçid imtahanından kəsildi”.

Rəqibin gücü, zədəli futbolçuların çoxluğu, Bakıda əldən verilən qol imkanları – bu və digər səbəblər yekunda bizimkilərin yox, xorvatların sevinməsinə yol açdı.

Hətta mərhələ keçilsəydi belə, “Zirə”nin əvvəlki “Zirə” olmadığı və bəzi komponentlərdə “Araz-Naxçıvan”la “Sabah”dan geri qaldığı aşkar görünürdü.

Salifu Sumanı satan, Rafael Utziqlə problem yaşayan, Brahim Konate, Vinsent Till, Eldar Quliyev kimi futbolçularını itirib, Anje Mutsinzini səfərə apara bilməyən“Zirə”nin hazırkı heyətlə uğur qazanmaqda çətinlik çəkəcəyi gün kimi aydındır.

Rəşad Sadıqovun özü də reallıqdan xəbərdardır. Baş məşqçi “Hayduk” səddinin keçilməməsinə görə günahı başqa yerdə yox, komandanın özündə tapmasıyla məsələdən agah olduğuna işarə vermiş oldu.

Heyət yetərsizdir. Bu futbolçularla son 2 ildəki kimi yüksək hədəflər uğrunda mübarizə aparmaq çətin olacaq. Sumayla Utziqsiz “Zirə” dadını itirib, “kəmşirin” görünür.

Komandanın güclənməyə ehtiyacı var. Xüsusən hücumçu və cinah yarımmüdafiəçilərinin transferi mütləqdir.

Davit Volkovla Junior Martinsin ümidinə qalmaq düşmənlərin üzərinə əliyalın çıxmağa bənzəyir. Sabah onlar zədələnsə, yaxud cəzalansa, “Zirə”nin “nəfəsi kəsiləcək”.

Rəşad Sadıqov yeni futbolçuların alınmasıyla bağlı rəhbərliklə söhbət etməli, arzusuna çatmalıdır.

HƏBİB / SPORTİNFO.AZ

Избранный
15
sportinfo.az

1Источники