RU

Yuxu rejimində də cinsi ayrı-seçkilik - Qadınlar niyə çox yatmalıdır?

Qadınların kişilərlə müqayisədə daha çox yuxu yatması bir tənbəllik və ya fərdi xüsusiyyətdən deyil, bədənlərinin və beyinlərinin daha çox bərpaya ehtiyac duymasından irəli gəlir. Yəni günü kəskinsüjetli, dramatik serial kimi keçən qadının gecə “reklam fasiləsi” də uzun çəkir. Yuxu, əslində qadın beyninin təmiri, müasir dillə desək, güncəllənməsidir. Qadın beyni niyə belə bir reabilitasiyaya ehtiyac duyur? Ana təbiət niyə öz həmcinslərinə əlavə “istirahət paket”i verir?

Mühərrik kimi işləyən beynin “servis xidməti” də olmalıdır
 

MÖVZU İLƏ BAĞLI:

Günortadan sonra uzun saatlar yatmaq riskli imiş - Araşdırma


Qadın beyni, ümumiyyətlə mürəkkəb şəkildə işləyir, yəni eyni anda bir neçə işi planlayır, müxtəlif məsələlərin həllinə yönəlir. “Corabımın tayı hanı” sualından tutmuş, “Sabah toya nə geyinəcəm” kimi tərəddüdlər arasında qalan, öz problemləri bir yana sosial veriliş qəhrəmanlarının pafoslu çıxışlarına da kövrələn, həyəcanlanan qadın beyni gün ərzində gücləndirilmiş iş rejimində çalışır, bu da daha çox sərfiyyat deməkdir.

Qadınlar stresə də fərqli reaksiya verirlər, problemlərə “əl sallayıb” keçmirlər, əksinə onu daha da şişirdirlər, ssenariləşdirirlər. Bu qədər emosionallıq, gərginlik, “dağı arana, aranı dağa” gətirmək həm bədəni, həm də beyni yorur.

Ona görə də əlavə yuxu tələb olunur ki, beyin özünü “zavod rejimi”nə qaytara bilsin – ən azından növbəti gecəyədək...

Həmçinin qadınlar kişilərdən fərqli olaraq təkcə çörəkpulu qazanmaq dərdində də deyillər. İşləyən qadınların üstəlik məişət qayğıları, ailə nizamlanması, digər tərəfdən yaşlı valideyn nigarançılığı da olur ki, bu da beynin həddən artıq yüklənməsinə gətirib çıxarır. Həyatın hər küncündən problemlər qadının üstünə tökülüncə, başını itirməməyin ən sadə yolu vaxtında və bol və keyfiyyətli yuxudur.

Şəfiqə Şəfa, Bizim Media

Избранный
19
bizim.media

1Источники