RU

Azərbaycanla bağlı xəbəri 5 mənbə təsdiqlədi... Bu, ABŞ üçün də prioritetdir...


Tramp administrasiyası Azərbaycanı və bəzi Mərkəzi Asiya müttəfiqlərini “İbrahim sazişləri”nə cəlb etmək üçün Bakı ilə fəal müzakirələr aparır. Bu barədə “Reuters” agentliyi məsələ ilə bağlı məlumatlı beş mənbəyə istinadən xəbər yayıb.

“İbrahim sazişləri” ABŞ prezidenti Donald Trampın 2020-ci ildən 2021-ci ilə qədər olan prezidentlik dövründə ilk dəfə İsraillə dörd ərəb dövləti arasında diplomatik münasibətlər qurmaq üçün imzalanıb. İkinci prezidentliyi müddətinin əvvəlindən Tramp administrasiyası razılaşmaların genişləndirilməsinin və bura yeni ölkələrin daxil edilməsinin prioritet olaraq qaldığını bildirib. Anonimlik şərti ilə “Reuters” agentliyinə danışan mənbələr qeyd edib: “Ərəb ölkələrindən fərqli olaraq, Azərbaycan və Mərkəzi Asiya ölkələri artıq İsraillə sıx əlaqələrə malikdir, bu, o deməkdir ki, sazişlərin genişləndirilməsi ticarət və hərbi əməkdaşlıq sahəsində əlaqələrin dərinləşməsinə imkan yaradaraq, əsasən simvolik xarakter daşıyacaq”. Eyni zamanda, sözügedən media orqanının yazdığına görə, Vaşinqton Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması üçün Ermənistanla münasibətləri normallaşdırmasını istəyir. “Reuters” mənbələrinin məlumatına görə, bu məsələ prezident Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun mart ayında Bakıya səfəri zamanı müzakirə edilib və bundan sonra Vitkoffun köməkçisi Arye Laytstoun yazda Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Daha sonra Trampın nümayəndəsi də bununla bağlı müsahibə verib: “Mən bir sıra ölkələrin “İbrahim sazişləri”nə qoşulmasından danışıram. Bu, Ermənistan və Azərbaycanla baş verə bilər, bizim fikrimizcə, onlar arasında münaqişənin yekun həlli çox, çox yaxındır. Hər ikisi, məncə, “İbrahim sazişləri”nə qoşulmaq arzusunu ifadə edə bilər. Bu, prezident Tramp üçün böyük təşəbbüsdür və o, buna inanır". Bu müzakirələr çərçivəsində, “Reuters”in məlumatına görə, Azərbaycan rəsmiləri həmçinin Mərkəzi Asiya ölkələrinin, o cümlədən Qazaxıstanın rəsmiləri ilə əlaqə saxlayıb, onların “İbrahim sazişləri”nə qoşulmaqda nə dərəcəd maraqlı olduqlarını dəyərləndiriblər. “Reuters” qeyd edir ki, 2020-ci ilin sentyabrında Ağ Evin qazonunda imzalanmış bu tarixi sənədlər indi Tramp administrasiyası üçün geniş məna kəsb edir. Əgər illər əvvəl onların məqsədləri bir tərəfdən İsrail, digər tərəfdən Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Mərakeş və Sudan arasında diplomatik əlaqələr qurmaq idisə, indi genişlənmənin ikinci mərhələsi, deyəsən, ABŞ və İsrail arasında yumşaq gücdən istifadə mexanizminə, daha sıx əlaqələrə çevrilir. Məsələn, Sudan illər əvvəl bu müqaviləyə qoşulanda ABŞ bu ölkəni terrorizmə sponsorluq edən dövlətlər siyahısından çıxarmaqla yanaşı, 1,2 milyard dollar kredit ayırıb. Eynilə, Mərakeş İsrailin suverenliyini tanıyanda ABŞ bunun müqabilində Mərakeşin Qərbi Sahara üzərində suverenliyini tanıyıb.

Azərbaycan məsələsində, İsrail və Azərbaycan analitiklərinin fikrincə, Sovet İttifaqının dağılmasından dərhal sonra Konqresin qəbul etdiyi 907 saylı qətnaməyə əsasən, Bakı

illərdir Vaşinqtondan dəstək almamışdı. 11 sentyabr terror aktlarından sonra ABŞ prezidentləri vaxtaşırı olaraq bu embarqonu dayandırsalar da, o, əslində Amerikanın alətlər dəstində qalmaqda davam edir. ​Bundan əlavə, İsrail mətbuatının yazdığına görə, İsrail son aylarda İsrail, Azərbaycan və ABŞ arasında üçtərəfli əməkdaşlıq üçün zəmin yaratmaq məqsədilə Vaşinqtonla danışıqlar aparır. Xüsusilə, İsrailin hakim koalisiyasının və parlamentdəki “Şas” partiyasının üzvü Simon Moşiaşvili ötən ilin mayında parlamentə Azərbaycanla strateji müttəfiqliyin daha da gücləndirilməsini tələb edən və həmin ölkənin “İbrahim sazişləri” çərçivəsində daxil edilməsi imkanlarını nəzərdən keçirən xüsusi qanun layihəsi təqdim edib. “Jerusalem Post” qəzetinin yazdığına görə, Moşiaşvili iddia edib ki, “İbrahim sazişləri”nə qoşulan ölkələr dərhal müxtəlif iqtisadi və təhlükəsizlik stimulları alırlar. Bundan əlavə, BƏƏ-nin baş ravvini Eli Abadi başda olmaqla, Trampın kürəkəni Cared Kuşnerin yaxın adamı olan və “İbrahim sazişləri”nin imzalanmasında böyük rol oynamış bir sıra nüfuzlu ravvinlər ötən ilin yazında prezident Trampa məktub göndərərək Bakı nı bu razılşamaya daxil etməyə çağırıblar. Həmin danışıqlar fonunda ötən ay Xankəndidə təşkil olunmuş media forumu zamanı prezident İlham Əliyev təfərrüatları açıqlamadan bəyan edib ki, Azərbaycanla ABŞ arasında münasibətlər tezliklə yeni, daha yüksək səviyyəyə qalxa bilər. “Reuters” qeyd edir ki, şimalda Rusiya və cənubda İran arasında olan Azərbaycan Mərkəzi Asiya ilə Qərb arasında ticarət axınında əsas halqadır. Qafqaz və Mərkəzi Asiya həm də təbii sərvətlərlə, o cümlədən neft və qazla zəngindir ki, bu da müxtəlif böyük dövlətlərin regionda nüfuz uğrunda rəqabət aparmasına səbəb olub. Agentliyə müsahibə verən iki mənbə qeyd edib ki, Amerikanın Mərkəzi Asiya ölkələri ilə müzakirələri hələ də rüşeym mərhələsindədir, Azərbaycanın timsalında isə danışıqlar kifayət qədər irəlidədir və bir neçə həftə və ya ay ərzində saziş imzalana bilər. Bir neçə gün əvvəl prezident Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun da “Fox News”a müsahibəsində müqavilənin genişləndirilməsindən danışıb: “İbrahim sazişləri” genişlənəcək və bu ilin sonuna kimi ona daha 6-10 ölkə ona qoşulsa, təəccüblənmərəm”. Qeyd edək ki, ötən ilin martında Ermənistan və Azərbaycan sülh sazişi üzrə danışıqları yekunlaşdırdıqlarını elan edəndə Buş administrasiyası dövründə müdafiə nazirinin müavini olmuş Set Kropsi “Wall Street Journal”da rəy yazısı dərc edərək bunun tarixi bir məqam olduğunu və Vaşinqtonun Bakı ilə münasibətləri yaxşılaşdırmalı olduğunu iddia edib. Keçmiş amerikalı məmur pərdəarxası danışıqların təfərrüatlarını da açıqlayıb və qeyd edib ki , prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev bu ilin fevralında İsrailə səfəri zamanı Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması mövzusunu müzakirə edib. Bundan əvvəl İsrailyönlü lobbi qrupu Bakıya səfər etmişdi, ardınca srailin nüfuzlu beyin mərkəzlərindən biri olan Begin-Sadat Center Bakının “bu qrupda mükəmməl olacağını” bəyan edən böyük analitik məqalə dərc etmişdi.

Nahid SALAYEV

Избранный
25
baki-xeber.com

1Источники