RU

Beynəlxalq Riyaziyyat Olimpiadasında bərbad nəticə: İllərdir uğursuzluğa alışırıq

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avstraliyada keçirilən 66-cı Beynəlxalq Riyaziyyat Olimpiadası (IMO) Azərbaycan komandası üçün çox uğursuz bitib. Heç bir medal qazana bilməmişik. Əlbəttə, bizim kimi medalsız qalan komandalar var. Amma ictimaiyyəti qəzəbləndirən həm də postsovet məkanında xeyli ölkənin bizim uğursuzluq fonunda Avstraliyada medallar əldə etməsidir.

Bizimyol.info xəbər verir ki, Beynəlxalq Riyaziyyat Olimpiadasında Qazaxıstan 6 (4 gümüş, bürünc), Özbəkistan (4 gümüş, 1 bürünc) və Qırğızıstan (2 gümüş, 3 bürünc) isə hərəyə 5 medal qazanıblar. Türkmənistan, adətən, belə yarışlarda çox fərqlənmir. Amma bu dəfə Orta Asiya ölkəsi hesabına 3 medal yazdırıb (2 gümüş, 1 bürünc). Ermənistan olimpiadanı 3, Gürcüstan 2 bürünclə bitirib.

Olimpiadada birinci yeri 6 qızıl medalla Çin tutub. ABŞ ikinci (5 qızıl, 1 gümüş), Cənubi Koreya isə üçüncü olub (4 qızıl, 2 gümüş). Qonşu dövlətlərdən Türkiyə və İran da 6 medal əldə etməyi bacarıb. Hər iki ölkədə medallardan ikisi qızıl olub.

Bu siyahı düşünmək üçün çox material verir. Deməli, vəziyyət düşündüyümüzdən də pisdir. Belə çıxır ki, yerli fənn olimpiadaları düzgün istiqamətləndirmə missiyasını yerinə yetirmir. Ümumilikdə beynəlxalq yarışlara hazırlıq lazımi səviyyədə getmir. Sosial mediada ayrı-ayrı valideynlərin yazdıqlarından ümumi mənzərəni daha yaxşı anlamaq olur. Rəylərdə valideynlərin üzərinə daha böyük yük düşdüyü yazılır. Yəni olimpiadalarda uğur barədə valideynlər təhsil funksionerlərindən daha çox düşünür.

Daha çox kitab təbliğatçısı kimi tanınan Sərxan Rüstəmovun fikrincə, bu məsələdə çox adamın üzərinə məsuliyyət düşür. O hesab edir ki, ailə dəstəyi ilə yaxşı müəllimlərin vəhdəti şagirdləri uğura apara bilər.

“Bizdə tək problem qızıl medalın olmamasıdır, yoxsa uyğun mühitin olmaması? Öz dərs dediyi fənlərdən minimal balı toplaya bilməyən müəllimlər və ya adi yazı qaydalarını bilməyən, fikrini ifadə etməkdə çətinlik çəkən, oxuduğunu anlamayan valideynlər belə şagirdlər yetişdirə bilərmi? Biz valideynlər uşaqların dünyasına nə qədər bələdik? Övladımızı, onların potensialını nə qədər kəşf etmişik? Ümumiyyətlə, qızıl medal hər şeyi həll edirmi? Bu yaxınlarda çinli bir şagirdin imtahan üçün oxumalı olduğu kitabların və vəsaitlərin fotosu paylaşılmışdı, uşaqdan 3 dəfə hündür idi. Bizdə də DİM imtahanlarına hazırlıq üçün çoxlu vəsait oxudulur. Həqiqətənmi uşaqları bu qədər yükləməliyik?!”

Söz yox, suallar çoxdur. Medal qazanılmamasını faciəyəy çevirməmək də olar. Amma illərdir bu müstəvidə uğursuz oluruq. Riyaziyyat təhsilin vacib halqasıdır. Bu qədər uğursuzluq təsadüfi ola bilməz. Təhsil funksionerləri hər kiçik nəticəni şişirtməyi sevir, lakin problemlər üzərində düşünməyi xoşlamırlar. Türkiyə komandasını olimpiadaya azərbaycanlı professor Azər Kərimov hazırlaşdırıb. Biz niyə öz mütəxəssisimizin qədrini bilmirik? Niyə belə dəyərli insanlar vətənindən didərgin salınır? Bax, belə suallar üzərində düşünmək lazımdır.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
83
icma.az

1Источники