RU

“Pragma” İctimai Birliyi Laçında yeni layihənin icrasına start verib

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ətraf mühitin və təbii resursların qorunması istiqamətində növbəti mühüm addım atılıb. 

"Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə, "Şərqi Zəngəzurun Laçın rayonunda su təhlükəsizliyi” adlı Sosial-Ekoloji Layihənin icrasına başlayıb. Layihənin əsas məqsədi Laçın rayonunda su ehtiyatlarının və infrastrukturun mövcud vəziyyətini öyrənmək, icmaları və cəmiyyəti məlumatlandırmaqla Şərqi Zəngəzurda və bütövlükdə Azərbaycanda su təhlükəsizliyinin təmin olunmasına töhfə verməkdir.

Layihə çərçivəsində aşağıdakı fəaliyyətlər nəzərdə tutulur:

Dövlət qurumlarından su infrastrukturunun inkişafı ilə bağlı məlumatların toplanması;

İcmalar üçün maarifləndirici tədbirlərin təşkili;

Bulaqlar və su mənbələri barədə məlumatların toplanması və ictimaiyyətə çatdırılması;

Su təhlükəsizliyi ilə bağlı müsahibələr və hüquqi şərhlər hazırlanaraq yayılması.

Bu fəaliyyətlər nəticəsində cəmiyyətin məlumatlılıq səviyyəsi yüksələcək, sudan səmərəli istifadə vərdişləri formalaşacaq və yerli icmaların su təhlükəsizliyi problemlərinin həllinə fəal iştirakı təşviq ediləcək.

Layihə Laçın rayonu və Şərqi Zəngəzur iqtisadi zonası başda olmaqla, bütün Azərbaycan ərazisini əhatə edir. Hədəf qruplar isə Laçın rayonunda daimi məskunlaşmış keçmiş məcburi köçkünlər, bölgənin bərpasında çalışan işçilər, dövlət və özəl sektora daxil olan qurumların nümayəndələri, ekoloji həssas qruplar, QHT və media təmsilçiləri, eləcə də aktiv vətəndaşlardır.

"Bu layihə vasitəsilə biz, Laçın rayonunda su təhlükəsizliyinə dair real mənzərəni cəmiyyətə təqdim edəcək, həm də icmaların və aidiyyəti qurumların bu sahədə daha fəal mövqe tutmasına şərait yaradacağıq", – deyə "Pragma" İctimai Birliyinin sədri Taleh Şahsuvarlı bildirib.

Layihənin nəticələri su ehtiyatlarının dayanıqlı idarə olunması, ətraf mühitin qorunması və su təhlükəsizliyinə dair ictimai iştirakçılığın genişlənməsi baxımından mühüm töhfə olacaq.

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
3
cebheinfo.az

4Источники