BAKI, 5 avqust. TELEQRAF
Texas ştatının qubernatoru Qreq Ebbott seçki dairələrinin bölgüsünə dəyişiklik edilməsi üzrə qanunvericilik təşəbbüsünün qəbul edilməsinə mane olmaq məqsədilə ştatı tərk edən Demokratlar Partiyası nümayəndələrinin həbs edilməsi barədə sərəncam imzalayıb.
Teleqraf xəbər verir ki, sərəncam qubernatorun “X” sosial şəbəkəsindəki səhifəsində dərc edilib.
Onun sözlərinə görə, ştatın Nümayəndələr Palatasındakı demokratlar öz vəzifələrindən imtina ediblər və "daşqın fəsadlarının aradan qaldırılması tədbirlərini və əmlak vergisinin azaldılmasını girov saxlayırlar".
Ebbott vurğulayıb ki, sərəncam bütün "itkin düşmüş" Texas demokratları tapılana qədər qüvvədə qalacaq.
Həmçinin qubernator Texası tərk edən demokratlara qarşı ştat qanunvericiliyinin mümkün pozuntularını araşdırmağı tapşırıb.