Azərbaycan dilinə yeni söz peyda olmaqdadır – borcutma. Bunun qarışıq bir mənası var. Amma buna rəğmən açmağa çalışacağıq.
Deməli, Azərbaycanın futbol klubları avrokubok oyunlarında səfərə media ezam etmir. Əvvəllər arabir belə təşəbbüslər olurdu (“Qarabağ”’ “Neftçi” timsalında), indi heç yoxdu.
Son 2-3 ildə yarandı bu “ənənə”.
Baş məşqçilərimizə bəzən sual verməyə jurnalist tapılmır. Xoş olmayan görüntülər yaranır. Lakin bu hal klubları nə narahat edir, nə də fərqindədilər…
Bu məqamda bir detala da toxunum. Hansısa uzaqgörən yoldaş, “klub niyə aparmalıdır” deyib, irad bildirə, hətta iraddan da artığını icad edə bilər. Ok.
Azərbaycan klublarının idman mətbuatını bu baxımdan görməzdən gəlməsi yay fəslində keçərli ola bilər bəlkə də, ancaq soyuqda, bəzən çovğunda stadiona gəlib reportaj, müsahibə hazırlayan, ölkə futbolunu işıqlandıran o İDMAN JURNALİSTİ, “…mən Azərbaycan futboluna xidmət eləmişəm” deyənlərin hamısından çox xidmət edib.
Azərbaycanın büdcəsi hesabına fəaliyyət göstərən, büdcədən köçürmə gecikən kimi fəaliyyəti iflic olan klub dərk etməlidir…
Bu rejimdə, bu formasiyada heç bir idman jurnalistinin borcu yoxdur onlara.
Qınaqdan çəkinib bu mövzudan yazmırlarsa, sanmayın ki, narazı / narahat deyillər. Bircə jurnalistdir; haqqını tələb edən kimi təəccüblənirsiniz. Həkimə, müəllimə və sair və ilaxıra işi düşəndə cibinə hoppananlar, jurnalistə işi düşəndə, “borcundur daaa…”, “təmiz işlə!…” köpüklənir.
Ara itib, məzhəb qarışıb. Köhnə qaydalar təkcə media üçündür…
Kəsəsi, hamı əzbər bilir ki, Azərbaycanlı idman jurnalistinin ezamiyyətə redaksiya hesabına getməsi namümkündür.
İndi TV-yə işə düzələk?
Klublarların avrokubok oyunlarında səfərə getməyin başqa yolu qalmayıb da, nə edək…
Borcumuz yoxdur. Siz də deyə bilərsiniz ki, borclu deyilik. Amma reallıq budur: borc’udursunuz, möhtərəm klublar. Xəfifcə aradan çıxırsınız, artıq heç biriniz bunu etmirsiniz.
Kamil Əhməd
P.S.
Belə bir söz yox idi.
Belə bir yazı da olmamalıydı.
Dövlət dotasiyası olmasa, 95% klublar da olmayacaqdı.
Vəziyyətə baxanda, nəyinsə düz getmədiyi aşkar görünür.