Xəbər vediyimiz kimi, 30 iyul 2025-ci il tarixində Rusiya Federasiyasının Kamçatka yarımadası sahillərində 8,7 bal gücündə güclü zəlzələ baş verib. Yeraltı təkanların episentri Petropavlovsk-Kamçatskidən 161 km məsafədə yerləşib.
Milli.Az xəbər verir ki, zəlzələ nəticəsində yarımada təxminən 2 metr cənub-şərqə doğru yer dəyişib.
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb. Bildirilir ki, bu dəyişiklik Yaponiyada 2011-ci ildə baş verən Tohoku zəlzələsi ilə müqayisə edilə bilər.
2011-ci ildə baş vermiş və 9.0 bal gücündə qeydə alınan Tohoku zəlzələsində də torpaq səthində oxşar dəyişikliklər müşahidə edilmişdi. Həmin zəlzələ də tarixdə qeydə alınmış ən güclü beşinci zəlzələ olaraq yadda qalmışdı.
Zəlzələdən sonrakı 12 saat ərzində 130-dan çox afterşok qeydə alınıb. Ümumilikdə, bölgədə 700-ə yaxın təkan baş verib. Həmçinin, Klyuçevskaya Sopka vulkanı püskürüb, bir neçə digər vulkan da aktivləşib.
Zəlzələ 3-4 metrlik sunami dalğalarına səbəb olub. Dalğalar Kamçatka sahillərinə və Saxalin bölgəsinə çataraq bir neçə müəssisəyə zərər vurub. Petropavlovsk-Kamçatskidə bəzi binalar, o cümlədən uşaq bağçalarının divarları zədələnib. Yüngül xəsarət alanlar olsa da, insan tələfatı yoxdur.
Dövlət Duması Kamçatkada qeydə alınan iki metrlik yerdəyişmənin Rusiya sərhədlərinə təsir etmədiyini və adi xəritələrdə göstərilməyəcək qədər kiçik olduğunu bildirib. Lakin bu dəyişiklik dənizçilərin naviqasiya sistemlərinə təsir edə bilər.
Rusiyada son bir həftədə yaşanan bu seysmik və vulkanik aktivlik "alov halqası" boyunca daha geniş miqyaslı püskürmələrin də baş verə biləcəyi ilə bağlı narahatlıqlar doğursa da, mütəxəssislər zəlzələlərin sadəcə yaxınlıqdakı vulkanları aktivləşdirdiyini, halqanın digər bölgələrində artan vulkan aktivliyi gözlənilmədiyini bildiriblər.
Fidan
Milli.Az