RU

Kreml Tramp-Putin görüşünün təşəbbüskarı olmadığını bəyan edib

Uşakov: Görüş ideyası ABŞ tərəfindən irəli sürülüb, hazırlıq işləri davam edir...

Poliqon xəbər verir ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Vladimir Putin və Donald Tramp arasında qarşıdakı günlərdə keçirilməsi planlaşdırılan görüşün təşəbbüsçüsünün ABŞ tərəfi olduğunu bildirib. Putinin köməkçisinin sözlərinə görə, iki lider arasında ikitərəfli yüksək səviyyəli görüşün keçirilməsi prinsip etibarilə razılaşdırılıb və tərəflər artıq hazırlıq işlərinə başlayıblar.

ABŞ tərəfinin təklifi əsasında yaxın günlərdə Prezident Vladimir Putin və Donald Tramp arasında görüşün keçirilməsi barədə razılıq əldə olunub,” – deyə Uşakov TASS-a istinadla qeyd edib. O, görüşün keçiriləcəyi məkanın artıq müəyyən edildiyini, lakin yaxın günlərdə ictimaiyyətə açıqlanacağını əlavə edib. Görüşün gələn həftə baş tutması nəzərdən keçirilsə də, hazırlıq işlərinin neçə gün çəkəcəyini proqnozlaşdırmaq hələlik mümkün deyil.

Eyni zamanda, Uşakov Kremlin prioritetinin üçtərəfli yox, məhz Tramp ilə ikitərəfli görüşə hazırlıq olduğunu vurğulayıb. O bildirib ki, Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun Moskvaya səfəri zamanı Vladimir Zelenskinin də iştirakı ilə mümkün üçtərəfli görüş variantı qeyd edilsə də, Rusiya bu təklifə “tamamilə şərhsiz” yanaşıb.

“Biz diqqəti ilk növbədə Trampla ikitərəfli görüşə cəmləməyi və bu görüşün uğurlu və nəticəli keçməsini əsas hədəf kimi görürük,” deyə Uşakov əlavə edib.

Ağ Ev isə daha əvvəl əks mövqe irəli sürərək, Kremlin görüşün təşəbbüskarı olduğunu bildirmişdi. Ağ Evin mətbuat katibi Kerolayn Levitin sözlərinə görə, “ruslar Prezident Trampla görüş istəklərini ifadə ediblər və Tramp həm Prezident Putin, həm də Prezident Zelenski ilə görüşə açıqdır”.

CNN və The New York Times yazır ki, Tramp Uitkoffun Rusiyadan qayıtdıqdan sonra Avropa liderlərinə yaxın vaxtda Putinlə görüşəcəyini və daha sonra Zelenski ilə də görüş keçirmək istədiyini bildirib. Lakin Tramp özü bu planların detallarını, o cümlədən görüşlərin məkanı və konkret formatını açıqlamayıb. O, həmçinin Rusiya tərəfinin hansısa güzəştlərə gedib-getmədiyi barədə də danışmayaraq, Uitkoffun Moskva səfərini “irəliləyiş” kimi qiymətləndirməyib.

Uşakov daha əvvəl verdiyi açıqlamada Putin və Uitkoff arasında keçirilən görüşdə iki əsas mövzu – Ukrayna böhranı və ABŞ-Rusiya strateji əməkdaşlığının inkişaf perspektivlərinin müzakirə olunduğunu bildirmişdi. Lakin Trampla görüşdə konkret nəyin müzakirə ediləcəyi hələlik açıqlanmır.

Poliqon.info

Избранный
52
32
poliqon.info

10Источники