RU

Cənubi Qafqaz üçün qərar anı: Tarixi görüş üçün gerisayım başladı

“Artıq bir neçə gündür ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ABŞ-da – konkret olaraq Ağ Evdə görüşün təşkil olunacağı ilə bağlı fikirlər səsləndirilir. Məlumata görə, bu görüşün təşəbbüskarı Amerika Birləşmiş Ştatlarının prezidenti  Donald Trampdır. Bu fakt məsələnin əhəmiyyətini daha da artırır.
Qeyd edək ki, hələlik Azərbaycan tərəfindən bu görüşlə bağlı rəsmi münasibət bildirilməsə də, Prezident İlham Əliyevin ABŞ-a səfəri barədə məlumatlar mediada öz əksini tapıb. Bu da ehtimalı gücləndirir ki, Ağ Evdə yüksək səviyyəli görüş baş tuta bilər. Məsələyə Azərbaycan prizmasından yanaşdıqda, bu təşəbbüsün reallaşmasına gətirib çıxaran əsas səbəbkarın Azərbaycan dövləti və onun siyasi iradəsi olduğunu vurğulamaq lazımdır”
Bunu Moderator.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib.
O qeyd edib ki, Azərbaycan İkinci Qarabağ müharibəsində keçmiş Qarabağ münaqişəsinə son qoydu:
“Müharibədən sonra həyata keçirilən antiterror tədbirləri və davam edən siyasi-diplomatik proseslər nəticəsində Ermənistan sülhə məcbur edildi. Nəhayət, bu ilin mart ayında sülh sazişi layihəsinin razılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Son olaraq isə Əbu-Dabidə keçirilən görüşdə əldə olunan müsbət nəticələr, o cümlədən Azərbaycan tərəfinin konstruktiv mövqeyi bu prosesin davamlı xarakter aldığını göstərdi.
Hazırda ABŞ-da belə bir görüş təşəbbüsünün irəli sürülməsi, xüsusilə də Donald Trampın bu məsələdə aktiv rol alması diqqətəlayiqdir. Trampın şəxsi mövqeyi və yanaşması bu mərhələdə əhəmiyyətli rol oynaya bilər. Onun əvvəlki prezidentliyi dövründə Azərbaycana münasibəti demokrat administrasiyadan fərqli olaraq, daha anlayışlı və obyektiv idi. Respublikaçılar arasında da fərqli mövqe sərgiləyən Tramp prezidentliyi müddətində Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə qarşı hər hansı mənfi reaksiya göstərmədi. İndiki mərhələdə də onun komandası tərəfindən Azərbaycana ünvanlanan müsbət mesajlar bu görüşün uğurla nəticələnəcəyinə dair nikbinlik yaradır.
Donald Tramp administrasiyası dövründə Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə bu ölkə ilə bağlı səsləndirdiyi mövqelər, Trampın prezident seçilməsindən sonra iki lider arasında baş tutmuş telefon danışığı və həmin danışıq zamanı qarşılıqlı hörmətə əsaslanan fikirlərin ifadə olunması təsadüfi deyildi. Tramp prezident olduğu dövrdə Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı bir neçə dəfə sülh çağırışları səsləndirdi ki, bu da ABŞ-ın regiona marağının davamlı olduğunun göstəricisidir.
Əslində, bu mövqenin arxasında duran əsas səbəb ondan ibarətdir ki, ABŞ administrasiyası, xüsusilə Donald Tramp və onun komandası artıq Cənubi Qafqazda münaqişənin faktiki olaraq həll olunduğunu anlayır. Azərbaycan İkinci Qarabağ müharibəsi ilə uzun illər davam edən münaqişəni başa çatdırdı və hazırda sülh sazişinin imzalanması mərhələsinə keçilib. Bu isə ABŞ üçün, xüsusilə də Donald Tramp üçün ciddi fürsət yaradır”.
 
Politoloq vurğulayıb ki, Tramp  Rusiya-Ukrayna, Yaxın Şərq və digər qlobal münaqişələrin diplomatik yolla həllinə nail olacağını bəyan edir:
 “Belə bir zamanda Cənubi Qafqazda, xüsusilə də Azərbaycan və Ermənistan arasında sülh prosesinin son mərhələsində olması, Tramp üçün öz sülh təşəbbüslərini nümayiş etdirmək baxımından mühüm imkan yaradır.
Bu təşəbbüs, bir tərəfdən, onun beynəlxalq nüfuzunu artırmaq və Nobel Sülh Mükafatına iddiasını gücləndirmək məqsədi daşıyırsa, digər tərəfdən, ABŞ-ın Cənubi Qafqazda siyasi maraqlarının davam etdiyini də göstərir.
Əlbəttə, bu təşəbbüsə fərqli yanaşmalar ola bilər. Amma bizim üçün əsas nəticə ondan ibarətdir ki, artıq beynəlxalq aktorlar – xüsusilə də ABŞ – regionda sülhdən başqa yol olmadığını qəbul edirlər. Qeyd edilməli bir başqa məqam da budur ki, Donald Tramp yalnız siyasətçi deyil, eyni zamanda uğurlu bir biznesmendir. Onun qərarlarında həm siyasi, həm də strateji və iqtisadi baxışın izləri görünür. Cənubi Qafqazda sabitlik və əməkdaşlıq isə həm regional, həm də qlobal miqyasda böyük faydalar vəd edir.
Biz bilirik ki, biznesmenlər – xüsusilə də uğurlu sahibkarlar – müharibə və qarşıdurmalardan deyil, sabitlik və təhlükəsizlik şəraitində inkişaf edən iqtisadi proseslərdən yana olurlar. Donald Tramp da bir iş adamı kimi bu məntiqlə düşünür. O, Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqları – sabitliyin və təhlükəsizliyin təmin olunması, nəqliyyat və iqtisadi kommunikasiyaların bərpası istiqamətində atılan addımları dəstəkləyir. Bu siyasət Trampın həm siyasi, həm də iqtisadi baxışlarına uyğun gəlir və Azərbaycanın mövqeyini müsbət yöndə təsdiqləyir.
Düşünürəm ki, Trampın bu yanaşması, onun sülh təşəbbüsünə verdiyi dəstək bölgədəki proseslərə ciddi müsbət təsir göstərə bilər. Çünki Cənubi Qafqaz yalnız regional deyil, həm də qlobal güclərin maraq dairəsində olan çox həssas bir məkandır. Bu regionun özəlliyi ondadır ki, ABŞ-ın ciddi maraq göstərdiyi bir neçə mühüm dövlət – Rusiya, İran və Türkiyə – Cənubi Qafqazla sərhəddədir. Bu isə regionun geosiyasi çəkisini daha da artırır.
Rusiya uzun illərdir bölgədə əsas təsir gücünə malik aktor kimi çıxış edir. İranla bağlı isə məlumdur ki, ABŞ-İran münasibətləri kəskin rəqabət və qarşıdurma üzərində qurulub. Digər tərəfdən, Türkiyə ABŞ-ın NATO-dakı əsas müttəfiqlərindən biridir və Cənubi Qafqazda mühüm mövqeyə sahibdir”.
 
Xəyal Bəşirov regionun aparıcı dövləti olan Azərbaycanın Orta Dəhlizin əsas qovşaqlarından biri olaraq, ABŞ üçün yalnız siyasi yox, həm də strateji və iqtisadi baxımdan mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb:
 “Çünki bu dəhliz ABŞ üçün Çinlə əlaqələrin alternativ yoludur və qlobal ticarət marşrutlarının təhlükəsizliyi baxımından önəm daşıyır.
Burada bir məsələni də xüsusi vurğulamaq lazımdır: ABŞ, xüsusilə Trampın komandasının strateji planlamasında, Rusiya təsirinin Cənubi Qafqazdan tədricən sıxışdırılması və regionun daha təhlükəsiz, proqnozlaşdırıla bilən bir siyasi məkana çevrilməsi məqsədi də görünür. Yəni ABŞ bir təşəbbüslə bir neçə hədəfə eyni anda çata bilər: sülhə töhfə vermək, nüfuz qazanmaq, regionda mövqeyini möhkəmləndirmək və Rusiya təsirini minimuma endirmək...
Ukrayna məsələsində ABŞ hələlik Rusiyanı danışıqlar masasına əyləşdirməyə nail ola bilməyib. Bu, zaman alan mürəkkəb prosesdir. Lakin diqqətçəkən məqam ondan ibarətdir ki, 10 iyul tarixində Əbu-Dabidə keçirilən Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüşdən öncə ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uitkov Rusiyaya səfər edərək Vladimir Putinlə görüş keçirdi. Eyni hal Ağ Evdə gözlənilən Azərbaycan-Ermənistan görüşü öncəsi də təkrarlandı – Uitkov bu dəfə yenidən Moskvada oldu və Rusiya Prezidenti ilə təxminən üç saat davam edən müzakirələr apardı. Görüşdən sonra tərəflər danışıqların müsbət keçdiyi barədə məlumatlar yaydılar.
Bu səfərlər göstərir ki, Donald Tramp təkcə region ölkələri ilə deyil, eyni zamanda Rusiya ilə də paralel danışıqlar apararaq, öz diplomatik kanallarını işə salır və Cənubi Qafqazda sülh təşəbbüsünü gücləndirməyə çalışır. Maraqlıdır ki, Ağ Evdə planlaşdırılan görüşün tarixi – 8 avqust – həm də Trampın Rusiya ilə bağlı verdiyi 12 günlük vaxtın sonuncu gününə təsadüf edir. Bu da göstərir ki, baş verənlər sıradan diplomatik hadisələr deyil və arxasında daha geniş geosiyasi hesablamalar dayanır.Ümumilikdə isə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yürüdülən uğurlu xarici siyasət – İkinci Qarabağ müharibəsindən sonrakı mərhələdə regionda yaratdığı yeni geosiyasi reallıqlar – artıq ABŞ tərəfindən də qəbul olunur və dəstəklənir. Bu da Azərbaycanın sülh gündəmini beynəlxalq aləmdə legitimləşdirir.
Daha bir maraqlı məqam – bir neçə gün əvvəl Xankəndidə keçirilmiş III Qlobal Media Forumu ilə bağlı görüntülərin Donald Trampın sosial şəbəkə hesabında paylaşılmasıdır. Həmin görüntülərdə “Şuşa”, “Xankəndi” və “Qarabağ” toponimlərinin açıq şəkildə qeyd olunması, əslində, ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi ifadə edir. Çünki ABŞ kimi böyük və nüfuzlu bir dövlətin prezidentinin  sosial şəbəkə hesabında yayımlanan hər bir paylaşım ciddi nəzərdən keçirilir, mətnində yazılan hər söz, hətta nöqtə və vergül belə təsadüfi olmur. Bu baxımdan, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü artıq təkcə region dövlətləri tərəfindən deyil, dünya gücləri – xüsusilə də ABŞ tərəfindən də fakt olaraq qəbul edilməkdədir”.
 
Mehin Mehmanqızı
 
Избранный
24
moderator.az

1Источники