RU

Kanadalı tibb bacısı o dünyadan döndü: "Orada sevgi və anamın səsi vardı..."

"Klinik ölüm keçirən qadının ürəyi dayandı, amma ruhu danışdı ..."

Kanadalı tibb bacısı Culiya Evansın yaşadıqları interneti sarsıdıb. 2018-ci ildə o, gözlənilməz bir hadisə ilə - zanbaq çiçəklərinə qarşı kəskin allergiya ilə üz-üzə qalıb.

Moderator.az xəbər verir ki, bu barədə "LadBible" nəşri yazıb.

Nəşr qeyd edir ki, sadəcə bir buketin yanında olmaq və təsadüfən onun tozunu udmaq Culiya üçün həyat və ölüm arasındakı xətti keçmək demək idi. Kliniki ölüm keçirən qadın bu təcrübəni illər sonra bölüşərək deməyə söz tapmayıb: "İfadə edə bilməyəcəyiniz bir şeydir. Orada insan yalnız sevgini hiss edir…".

Allergiya, səhv dərman və "partlayan" ürək

Hadisə adi bir gün baş verib. Culiya zanbaq dolu bir vazanın yanında olarkən təsadüfən onun tozcuqlarını udur. Dərhal bədəni anafilaktik şoka düşür. "O an artıq göyərməyə başladığımı xatırlayıram", - o, deyir. Ətrafdakı həmkarları dərhal müdaxilə edib adrenalin (EpiPen) vurur, lakin dərmanla bağlı yanlışlıq baş verir. "Bir-birimizin gözünə baxdıq və dərhal anladıq: bu, o dərman deyildi", - Gulya xatırlayır.

Bədəni bir anlıq enerji ilə dolur, özünü komiks qəhrəmanı Halk kimi hiss etdiyini deyir. Lakin az sonra ürəyi dayanır. Dərmanların güclü təsiri nəticəsində qadının nəbzi yox olur, vəziyyəti "nəbzsiz taxikardiya" kimi tanınan hal alır. Bədəni əvvəlcə göyərir, sonra solğunlaşır, ardınca ölüm rəngi - boz tonlara boyanır. "Mən sadəcə çarpayıda uzanmış, cansız bir bədən idim", - o, deyir.

Anasının səsi və sevgi dolu işıq

Kliniki ölüm anında Culiya inanılmaz bir şey yaşayır. Uşaq yaşlarında itirdiyi anasının səsini eşidir: "Hər şey yaxşıdır, qızım. Ana buradadır, ağlama". Səs elə real gəlir ki, sanki anası yanında dayanıb. Ardınca başqa bir cümlə gəlir: "Biz onu yenidən itirdik". Və o an qaranlıq deyil, əksinə hər şeyi bürüyən bir sevgi hissi ilə əhatələnir. "O hissi təsvir edə biləcək heç bir insan sözü yoxdur. Orada elə bir sevgi vardı ki… mən özümü sevməyi öyrəndim. O işıq sanki ev idi. Mənim üçün deyil, hamımız üçün. Orada həyatını itirmiş hər kəsi hiss etdim. Hamısı orada idi", - o, bölüşür.

Bədənə qayıdış və bir gülümsəmə

Birdən o, yenidən bədəninə çəkildiyini hiss edir. Gözlərini açanda, özünü tibbi cihazlara bağlı, çılpaq halda görür. "Yalnız bir şeyi düşündüm: "Mənim sevimli mavi büstqalterimi kim kəsdi?" - deyə zarafatla xatırlayır. Sonra həkimlərdən kimsə deyir: "O, geri döndü!" Və bu, ikinci doğuluş kimiydi. Onu xilas edən tibb bacısı Şeril həmin anda sanki anasının simasına bürünür - təsadüfən onun da adı Şeril imiş. Culiya indi bu təcrübəyə təbəssümlə baxır və o günün səhərini belə xatırlayır: "Düşünürəm ki, bu gün işə çıxmayım".

Gerçəklik, yoxsa bir xatirə?

Culiyanın hekayəsi tək deyil. Daha öncə bir neçə amerikalı da kliniki ölüm anında oxşar təcrübələr yaşadığını, "bu dünyanın əslində bir yuxu" olduğunu və gerçək varlığın yalnız ölümdən sonra başladığını deyib. Onların hamısı eyni mesajı alıb: sevgi hər şeyin cavabıdır.

Избранный
31
moderator.az

1Источники