BAKI, 8 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp mümkün üçtərəfli danışıqlar öncəsi Rusiya lideri Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə ayrı-ayrılıqda görüşlər keçirə bilər.
Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Adı açıqlanmayan yüksək rütbəli ukraynalı məmur bildirib ki, Trampın Avropa liderləri ilə görüşü zamanı ayrı-ayrı görüşlərin mümkünlüyü müzakirə olunub.
Bir müddət əvvəl “The New York Times” öz mənbələrinə istinadən ABŞ Prezidentinin gələn həftə Rusiya lideri ilə görüşmək niyyətində olduğunu yazmışdı.
Məlumata görə, Amerika lideri hər iki dövlət başçısı ilə ayrı-ayrılıqda görüşdükdən sonra üçtərəfli danışıqlar keçirməyi planlaşdırır.