Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Cəlalın komandası bu gün Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində ilk görüşünü keçirib.
“Arda” bu mərhələdə Litvanın “Kauno Jalgiris” komandası ilə mübarizə aparır. Bu komandalar arasında keçirilmiş ilk görüş Litvada baş tutub. Cəlalın komandası səfərdə 1:0 hesablı qələbə qazanmaqla pley-offa vəsiqə yolunda önəmli addım atıb.
Yeganə qolu 53-cü dəqiqədə Antonio Vutov vurub. Komandasının start heyətində yer almış Hüseynov matçı əvəzolunmadan keçirib. Yığmamızın futbolçusu 23-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 14-də Bolqarıstanda keçiriləcək.
Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 54 rəsmi oyuna çıxıb, 1 qol vurub. Cəlal ötən mövsümü icarə əsasında “Şamaxı”da keçirsə də, bu yay yenidən Bolqarıstan klubuna qayıdıb.