RU

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 235 Bakı şəhəri, 2 avqust 2025-ci il

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 112-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 112-VIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 20 iyul tarixli 315 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7, maddə 1648) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi ilə bağlı məlumatın forması”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. ikinci abzasdan “haqqının alınması” sözləri çıxarılsın;

1.2. “Qeyd” hissəsində “haqqının alındığı məntəqələrdə” sözləri “məntəqələrində” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 mart tarixli 76 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 3, maddə 510; 2024, № 3, maddə 304, № 7, maddə 897) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1.4-cü yarımbənddən “(şlaqbaumlar, elektron ödəniş terminalı və açıq məntəqə)” sözləri çıxarılsın;

2.2. aşağıdakı məzmunda 2.1.4-1-ci yarımbənd əlavə edilsin:

“2.1.4-1. buraxılış məntəqəsi – ödənişli avtomagistrallarda nəqliyyat vasitələrinin giriş-çıxışına nəzarət etmək məqsədilə yaradılmış və keçid zolaqlarında quraşdırılmış, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr və qurğularla təchiz edilmiş məntəqədir;”;

2.3. 2.1.5-ci yarımbənd ləğv edilsin;

2.4. 3.2.1-ci yarımbənddə “ödənişin tutulması” sözləri “ödəniş” sözü ilə əvəz edilsin;

2.5. 3.6-cı bəndin ikinci cümləsində “olan nəqliyyat vasitələrinin buraxılmasını təmin edən buraxılış məntəqəsi (açıq məntəqə)” sözləri “istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağı” sözləri ilə əvəz edilsin;

2.6. 3.7-ci bənddə “ödənişin tutulması” sözləri “ödəniş əməliyyatı” sözləri ilə əvəz edilsin;

2.7. 4.1.8-ci yarımbənddə “ödənişin tutulması məntəqələrində” sözləri “ödəniş məntəqələrində” sözləri ilə əvəz edilsin;

2.8. 4.2.1-ci yarımbənddə “ödəniş” sözü “buraxılış” sözü ilə, “maneəni (şlaqbaumu) açmamaq” sözləri “maneəni götürməmək (şlaqbaumu açmamaq)” sözləri ilə əvəz edilsin;

2.9. 5.2.3-cü yarımbənddə “(şlaqbaumun) açılması” sözləri “götürülməsi (şlaqbaumun açılması)” sözləri ilə əvəz edilsin;

2.10. 5.3.1-ci yarımbənddə “ödəniş” sözü “buraxılış” sözü ilə əvəz edilsin;

2.11. 5.3.2-ci yarımbənddə “gedişini özbaşına” sözləri “keçidini” sözü ilə əvəz edilsin;

2.12. 5.3.3-cü yarımbənddə “(şlaqbaumu) özbaşına yığışdırmaq” sözləri “özbaşına götürmək (şlaqbaumu açmaq)” sözləri ilə əvəz edilsin;

2.13. 5.3.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“5.3.4. ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallara daxil olmaq və ya oradan çıxmaq;”;

2.14. 5.3.5-ci və 5.3.6-cı yarımbəndlər ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Избранный
17
xalqqazeti.az

1Источники