Yardımlıda yol tikintisi zamanı üzə çıxan yaşayış məskəndindən qədim dövərə aid evlər aşkar edilib.
Bu barədə APA-nın cənub bürosuna AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Anar Ağalarzadə məlumat verib.
Onun sözlərinə görə, rayonun Keçələkəran kəndində yerləşən Viləşçay qədim yaşayış məskənində aparılan arxeoloji tədqiqatlar zamanı son tunc – erkən dəmir dövrünə aid çoxsaylı maddi-mədəniyyət nümunələri aşkarlanıb.
Qazıntılar nəticəsində çay daşından tikilmiş ev bünövrələri, təsərrüfat quyuları, ocaq yerləri, müxtəlif formalı və ölçülü təsərrüfat küplərinə aid fraqmentlər, məişətdə istifadə olunan kiçik ölçülü və miniatür qab qırıntıları, eləcə də toxuculuqda istifadə edilmiş sümüklərdən hazırlanmış iy başlıqları üzə çıxarılıb.
Arxeoloqlar bildiriblər ki, bu tapıntılar bir vaxtlar ərazidə toxuculuğun, maldarlığın və digər sənət növlərinin geniş inkişaf etdiyini deməyə əsas verir.
Qeyd edək ki, Viləşçay qədim yaşayış məskəni Masallı-Yardımlı avtomobil yolunun 41-ci kilometrində kəndə yeni yolun çəkilişi zamanı aşkarlanıb.


