Yer kürəsində
son 2 ayın ən güclü maqnit qasırğası gözlənilir. O, bu gün başlayacaq.
Avqustun 5-də Günəşdə sondan əvvəlki güc sinfinə (M4,4) məxsus partlayış
olub.
Eyni zamanda plazma emissiyası baş verib, lakin bulud planetimizə doğru deyil,
təxminən 45 dərəcə bucaq altında yana doğru yönəlib. Alimlər bu hadisənin
planetimiz üçün təhlükə yaratmadığı qənaətinə gəliblər. Bununla belə, yenilənmiş
məlumatlara görə, Yer üçün geomaqnit nəticələri gözləniləndən qat-qat güclü
olacaq.
Belə ki, Yer buludun yüksəksürətli nüvəsindən təsirlənəcək. Bunun nəticəsində
maqnit sahəsinə güclü zərbə dəyəcək.
Proqnozlara
görə, Kp geomaqnit indeksi (geomaqnit aktivliyini xarakterizə edən göstərici)
6-ya yüksələcək. Bu, iyunun 13-dən bəri müşahidə olunmayıb.
Belə miqyaslı hadisələr güc baxımından orta hesab olunur. Lakin onlar enerji
sistemlərinə, kosmik aparatların işinə və radio dalğalarının yayılmasına təsir
göstərə bilir.
Geomaqnit vəziyyətinin pisləşməsi cümə gecəsi Yerin böyük tac dəliyinin təsir
zonasına daxil olduğu vaxt başlayacaq. Ümumilikdə, Günəşdəki vəziyyət mürəkkəb
kimi qiymətləndirilir - cəmi bir gündə avqustun 6-da 18 partlayış baş
verib.
Məsələ ilə bağlı News365.az -a danışan həkim Rasif Bağırov bu günlərdə bəzi insanların səhhətlərinə qarşı çox diqqətli olmalarını vacib hesab edir:
“Belə günlərdə
müəyyən xroniki xəstəlik keçirmiş cavan adamlarda baş ağrıları müşahidə olunur
və belə hava əsasən 50 yaşdan yuxarı insanların səhhətinə mənfi təsir göstərir.
Məsələn, qanında müəyyən yağların miqdarı yüksək olan, qanında qatılıq olan,
bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara belə hava pis təsir edir.
Bu da özünü baş ağrıları, halsızlıq kimi simptomlarla göstərə bilər. Belə hava
hətta hipertoniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola bilər.
Ona görə də bu günlərdə 50 yaşından yuxarı və qan təzyiqindən əziyyət çəkən
insanlar bir qədər diqqətli olmalıdırlar”.
News365.az