RU

Vaşinqtonda atılan imza Cənubi Qafqazda yeni dövrün başlanğıcıdır - ŞƏRH

Bakı, 9 avqust, AZƏRTAC

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində “Cənubi Qafqazda dayanıqlı sülhün və əməkdaşlığın təməli atıldı” desək, yanılmarıq. ABŞ Prezidenti Donald Trampın evsahibliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçirilməsi və imzalanan sənədlər bunu deməyə əsas verir. Əldə edilən razılaşmalar bütövlükdə, regionumuzun rifahına xidmət edəcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Cənubi Qafqazda sülh və əməkdaşlıq naminə ortaya qoyulan iradə digər regionlara nümunədir. Nəzərə almaq lazımdır ki, Vaşinqton görüşünə aparan yol dövlətimizin və xalqımızın maraqlarını qətiyyətlə müdafiə edən Prezident İlham Əliyevin siyasi iradəsinin ifadəsidir. Belə ki, dövlətimizin başçısının düşünülmüş strategiyası, “Dəmir yumruq” amili, beynəlxalq hüquq normalarına əsaslanan siyasət məntiqi yekununa çatmaqdadır. Azərbaycan Ermənistan tərəfindən yürüdülən 30 illik işğal siyasətinə öz gücü ilə son qoydu, özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Müəyyən beynəlxalq güclər, Ermənistanın havadarları Cənubi Qafqaz üçün müəyyən təxribatçı planlar hazırlasalar da, Prezidentimizin polad iradəsi nəticəsində həmin planların hamısı iflasa uğradı. Ermənistan hakimiyyəti də öz havadarlarına güvənməyinin fəsadlarını görmüş oldu. Bütün bunlardan sonra bölgəmizdə dayanıqlı sülh üçün yeni imkanlar açılır.

Onun sözlərinə görə, Vaşinqton görüşünün nəticələri bunu deməyə tam əsas verir. Belə ki, liderlər tərəfindən imzalanmış Birgə Bəyannamə xüsusi önəm kəsb edir. Sənəd Azərbaycanın maraqlarına tamamilə cavab verir. Birgə Bəyannamədə çox mühüm məqamlardan biri iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bənddir. Burada, regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb. Sənəddə Ermənistan ərazisində xüsusi bağlantı layihəsi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun həyata keçiriləcəyi təsbit olunub. Bu müddəa Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni özündə əks etdirir. Zəngəzur dəhlizinin açılması Naxçıvanın uzunillik blokadasına son qoyacaq. Digər tərəfdən isə bu dəhlizin geosiyasi əhəmiyyəti də olduqca böyükdür. Bu layihənin reallaşması Azərbaycana iqtisadi gəlirlər gətirməklə yanaşı, siyasi dividentlər də qazandıracaq.

“Eyni zamanda, hər iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsi paraflanıb və ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu imzalanıb. Əlbəttə, hər iki məsələ çox önəmlidir. Layihənin paraflanmasından sonrakı mərhələ sülh sazişinin imzalanmasından ibarətdir. Ermənistan konstitusiyasına dəyişikliklər edildikdən sonra sazişin imzalanması üçün heç bir problem qalmayacaq. Prezident İlham Əliyevin Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində dediyi kimi, Ermənistanın ev tapşırıqları da var. Bununla bağlı dövlətimizin başçısı deyib: “Bildiyiniz kimi, onların konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası məsələsi imkan vermədi ki, bu gün sülh sazişi imzalansın. Amma bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda imzalana bilər. Lakin bu gün mən bəzi suallara münasibətimi bildirəndə dedim ki, bir halda Azərbaycan və Ermənistan rəhbərləri bu paraflamanı Ağ Evdə etməyi qəbul ediblərsə, deməli, hesab etmək olar ki, artıq bölgəmizə dayanıqlı sülh gəlib. Hesab edirəm ki, bu, həm Azərbaycan, həm Ermənistan, həm bütün bölgə üçün xüsusi əhəmiyyətə malik olan məsələdir. Odur ki, bugünkü gün, o cümlədən buna görə tarixi gün sayıla bilər”.

ATƏT-in Minsk qrupu barədə fikirlərini bölüşən deputat bildirib ki, birgə müraciət bu təsisatın artıq rəsmən tarixin arxivinə göndərilməsi deməkdir. O, həmçinin qeyd edib ki, Minsk qrupunun ləğvi sülh sazişinin imzalanması üçün Azərbaycanın iki şərtindən biridir və beləliklə, həmin şərtlərdən biri öz həllini tapmış oldu. Hətta fəaliyyət göstərdiyi müddətdə ATƏT-in Minsk qrupu münaqişənin həlli üçün heç bir əməli addım atmadı. Bu təsisat ermənipərəst mövqe sərgiləyərək münaqişənin dondurulmuş vəziyyətdə qalmasında maraqlı idi. İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupu faktiki olaraq fəaliyyət göstərmirdi. Ona görə də qurumun rəsmən ləğvi tamamilə qanunauyğun addımdır. Bütün bunlar isə regionda sülhün bərpası baxımdan mühüm əhəmiyyət daşıyır.

“Prezident İlham Əliyev Ağ Evdə mətbuata bəyanatı zamanı isə mühüm mesajlar verərək deyib: “Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik. Bu, nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük bir imkandır. Beləliklə, həqiqətən də məhz Tramp rifah və sülh marşrutu rabitə, əlaqələr baxımından divarları yox edəcək, əlaqələr yaradacaq və bir sıra ölkələr üçün investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacaqdır”. Dövlətimizin başçısı bəyanatında ABŞ və Azərbaycan arasındakı ikitərəfli münasibətlər yeni pilləyə qalxdığını da vurğulayaraq qeyd edib: “ABŞ və Azərbaycan arasındakı ikitərəfli münasibətlər yeni pilləyə qalxır və bizim strateji tərəfdaşlığımız artıq başlayır. Bu istiqamətdə bir neçə ay ərzində sənədlər və bütün mətnlər hazırlanacaq. Azərbaycan üçün bu, tarixi nailiyyətdir. Çünki bu gün strateji tərəfdaşlıq kontekstində dünyanın ən böyük ölkəsi ilə əlaqələr qurulur. Əlbəttə ki, bu, həm böyük imkan, eyni zamanda, böyük öhdəlik və məsuliyyətdir. Strateji tərəfdaşlıq formatı bir çox sahəni əhatə edir - qarşılıqlı investisiya, ticarət, rabitə, süni intellekt, tranzit, eyni zamanda, müdafiə sahəsi, terrorçuluğa qarşı mübarizə və digər sahələr də buraya daxildir. Ümid edirik ki, bu və digər sahələrdə çox fəal şəkildə əməkdaşlığa imza atacağıq”. İki ölkənin prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanması da böyük əhəmiyyət kəsb edir. Sənədə əsasən, qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək Strateji Tərəfdaşlıq Xartiyasının növbəti 6 ay ərzində hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupu yaradılması nəzərdə tutulur. Həmçinin dövlət başçılarının görüşü çərçivəsində Donald Tramp tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə Sərəncamın imzalanması da böyük əhəmiyyət kəsb edir. Azərbaycana qarşı ədalətsiz bir sənədin tətbiqinin dayandırılması da ölkələrimiz arasında əməkdaşlığın inkişafına müsbət təsir göstərəcək”, - deyə YAP İdarə Heyətinin üzvü əlavə edib

Deputat vurğulayıb ki, regionda baş verən müsbət dəyişikliklər Cənubi Qafqaz xalqlarının rifahı naminədir: “Beləliklə, Vaşinqton görüşünün nəticələri kifayət qədər uğurlu oldu. Prezident İlham Əliyev yerli media nümayəndələrinə müsahibəsində keçirilən görüşləri və imzalanan sənədləri geniş şərh edib. Eləcə də, müsahibədə Azərbaycan-ABŞ münasibətləri, 907-ci düzəlişin ləğvi, Minsk qrupunun buraxılması və s. barədə fikirlərini də ifadə edib. Bütün bunlar Cənubi Qafqın gələcəyi üçün nikbin olmağa əsas verir. Eyni zamanda, proseslər Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin və rolunun daha da güclənəcəyini təsdiqləyir”.

Избранный
66
50
azertag.az

10Источники