RU

Azərbaycan diplomatiyasının Vaşinqton zəfəri  

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 7-8 avqust  tarixlərində Vaşinqtona etdiyi işgüzar səfər respublikamızın siyasi və diplomatiya tarixinə qızıl hərflərlə yazıldı. Prezident Donald Trampın dəvəti ilə reallaşan bu səfər Azərbaycan-ABŞ münasibətlərini yeni mərhələyə yüksəldilməsi və Azərbaycanla Ermənistan arasındakı sülh gündəliyinin hüquqi müstəvidə daha da möhkəmləndirilməsi, sülh sazişinin imzalanması istiqamətində əsas maneələrin aradan qaldırılması baxımından mühüm razılaşmaların əldə edilməsi ilə əlamətdar oldu. 

Məlum olduğu kimi Azərbaycan-ABŞ münasibətləri Baydenin bu dövlətə rəhbərliyi dövründə tarixdə görünməmiş dərəcədə pisləşmişdi. Bu da Bayden administrasiyasının Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallıqlara qarşı çıxmasından irəli gəlirdi. Ona görə  Vaşinqtondan ölkəmizin ünvanına müxtəlif ittihamlar səsləndirilir, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına maneçilik yaradan təxribatçı fəaliyyət həyata keçirilirdi. Bununla kifayətlənməyən Bayden-Blinken cütlüyü həm də beynəlxalq səviyyədə azərbaycanofobiyanın həyata keçirilməsinə dəstək verirdi.  

Prezident İlham Əliyev Vaşinqtonda ölkəmizin media nümayəndələrinə müsahibəsində bu məsələyə diqqət çəkərək vurğuladı ki, Bayden administrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi. Respublikamızla ABŞ arasında əvvəlki dövrdə əldə edilmiş nailiyyətlər və potensial demək olar ki, dondurulmuş vəziyyətə salınmışdı. Azərbaycanın Ermənistana hücum etməyi barədə şayiələr Vaşinqtonda da yaradılırdı və bu azərbaycanofobiyanın hərəkətverici qüvvəsi Bayden administrasiyası idi.

D.Trampın Prezident seçilməsindən sonra Azərbaycanla ABŞ arasında münasibətlərin müsbətə doğru dəyişməsi yönündə yeni imkanlar açıldı. İki dövlətin liderləri arasında telefon danışığının, eləcə də məktublar mübadiləsinin baş tutması tənəzzül dövrü keçirən siyasi əlaqələrin qaydaya salınması üçün münbit zəminin və tarixi şəraitin formalaşmasından xəbər verirdi. Bu baxımdan Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfəri nəinki Azərbaycan-ABŞ münasibətlərindəki  siyasi böhranı tamamilə qaldırdı, hətta dövlətlərarası əlaqələrin strateji səviyyəyə yüksəldilməsi üçün yeni siyasi-iqtisadi imkanlar yaratdı. Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində bu barədə danışan Prezident İlham Əliyev Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açıldığını bəyan edib: «Mən səfərin nəticələrini çox yüksək qiymətləndirirəm. İlk növbədə, Prezident Trampın dəvəti ilə Amerikada işgüzar səfərdə olmaq, əlbəttə ki, Azərbaycan-Amerika münasibətləri üçün çox önəmli bir məsələdir. Deyə bilərəm ki, bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır: əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi».

Səfər çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki ölkənin Prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanıb. Bu sənəddə təsbit edilən qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat, bağlantılar, tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi və müdafiə sahələrində əməkdaşlıq kimi məsələlər ölkəmizin qarşısında böyük imkanların açıldığını göstərir. Səfər çərçivəsində SOCAR və ExxonMobil korporasiyası arasında imzalanan  “Əməkdaşlıq haqqında Memorandum” isə şirkətlər arasında mövcud əlaqələri möhkəmləndirmək və Azərbaycanda həm qeyri-ənənəvi, həm də ənənəvi neft və qaz imkanlarının dəyərləndirilməsi istiqamətində potensial əməkdaşlığı ehtiva edir.

Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişafı baxımından digər mühüm məsələ bu səfər zamanı Prezident D.Tramp tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncamın imzalanması oldu. Məlum olduğu kimi torpaqlarımızın Ermənistan tərəfindən işğal olunduğu bir dövrdə - 1992-ci ildə ABŞ Konqresi Azərbaycanın guya Ermənistana "blokada" tətbiq etməsini bəhanə kimi göstərərək, Azərbaycana ABŞ-dan dövlət yardımının göstərilməsini qadağan edən qanunu qəbul etmişdir. Xüsusən Bayden administrasiyası 907-ci düzəlişdən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırdı. Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoymasının göstəricisi kimi 907-ci düzəlişin tətbiqi də dayandırıldı. Bu, Azərbaycan diplomatiyasının böyük uğurudur və Prezident İlham Əliyevin qeyd etdiyi kimi tarixi hadisədir.

Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfərinin digər mühüm məqamı Azərbaycanla Ermənistan arasındakı sülh prosesinin daha da möhkəmləndirilməsi, sülh sazişinin imzalanmasına doğru tarixi addımların atılmasıdır.  Məlum olduğu kimi 44 günlük müharibədən sonra iki dövlət arasında sülh sazişinin imzalanması üçün ilk olaraq Azərbaycan təşəbbüslə çıxış edib, bununla bağlı beynəlxalq hüquqa əsaslanan prinsipləri Ermənistana təqdim edib. Vaşinqtonda paraflanan sülh sazişi layihəsinin müəllifi də məhz Azərbaycandır. Bu baxımdan ABŞ-də sülh sazişinin imzalanması istiqamətində əldə edilən razılaşmalar– hər iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması və ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət məktubunun imzalanması Azərbaycanın sülhlə bağlı təşəbbüslərinin həyata vəsiqə almasından xəbər verir.

ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət məktubunun imzalanması ilə Azərbaycanın iki fundamental şərtindən biri Ermənistan tərəfindən yerinə yetirilib. Sülh sazişinin imzalanması ilə bağlı Azərbaycanın digər şərti Ermənistan konstitusiyasında dəyişiklik edilərək, ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılmasıdır. Vaşintonda paraflanan və mətni razılaşdırılan sülh sazişi Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırıldıqdan sonra istənilən vaxt imzalana bilər. Ermənistan tərəfi özü də bildirir ki, konstitusiyasında dəyişikliklər edilməlidir. Əgər bunlar baş verməsə və Ermənistan konstitusiyasından Azərbaycana olan ərazi iddiaların çıxarılmasa, bu, birinci növbədə ABŞ-a qarşı hörmətsizlik olacaq.

Azərbaycan və ABŞ prezidentlərinin və Ermənistanın baş nazirinin Vaşinqionda keçirilən görüşünün nəticəsi olaraq Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən imzalanan Birgə Bəyannamədə sülh sazişi ilə bağlı əldə olunan bütün razılaşmalar hüquqi baxımdan təsbit olundu. Və bu sənədin məzmunu bütövlükdə Azərbaycanın irəli sürdüyü sülh gündəliyini özündə tam ehtiva edir. O cümlədən sənəddə iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasına dair alan müddəa Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz keçidin təmin olunması ilə bağlı respublikamızın priortetlərinin həyata vəsiqə aldığını göstərir.

Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfəri bütün tərəfləri ilə göstərdi ki, dövlətimizin başçısı Azərbaycanın milli maraqlarını və mənafelərini uğurla təmin edir. Vaşinqtonda D.Tramp tərəfindən yüksək səviyyədə qarşılanma, olduqca səmimi atmosferdə keçirilən görüş, dövlətimizin başçısına Ağ Evin rəmzi açarının təqdim olunması cənab Prezident İlham Əliyevin qlobal səviyyədə ehtiram göstərilən siyasi lider olduğunu bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin Vaşinqton səfəri həm də onu göstərdi ki, 44 günlük Vətən müharibəsində, bir günlük antiterror tədbirlərində güc yolu ilə ədaləti yoluna qoyan Prezident İlham Əliyev, həm də özünün siyasi diplomatiyası ilə regionda dayanıqlı və etibarlı sülhü təmin edir.

 Bütövlükdə, Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfərinin nəticələri Azərbaycan diplomatiyasının tarixi uğuru və qələbəsi oldu

Asif ƏSGƏROV,

Milli Məclisin deputatı

Избранный
63
50
azerbaijan-news.az

10Источники