İranda mövcu rejimin Zəngəzur dəhlizi ilə bağlı isterikası davam edir.
Tribunainfo.az xəbər verir ki, Vaşçinqton görüşündən sonra bu ölkənin rəsmiləri açıqlamalar verirlər.
Lakin diqqət çəkən məqam odur ki, İran hökuməti tamam başqa, SEPAH, Xamineyinin ofisi isə bir ayrı firirdədirlər.
Ötən gün İran prezidenti Məsud Pezeşkian yerli mediaya açıqlamasında bildirib ki, sərhədlər qorunsa, Tehran Zəngəzur dəhlizinin əleyhinə deyil. O qeyd edib ki, dəhliz məsələsində İranın maraqları nəzərə alınıb. “Merdiada bu mövzu çox şişirdilib. Heç də hər şey təqdim olunan kimi deyil. İranın Zəngəzur dəhlizində maraqları nəzərə alınıb”.
İranın XİN başçısı Abbas Əraqçı da təxminən buna bənzər fikirlər söyləyib. “Biz Ermənistan və Azərbaycan arasında istənilən sülhü alqışlayırıq. Biz beynəlxalq sərhədlərdə heç bir dəyişikliyi qəbul etmirik. Azərbaycan və Ermənistanın birgə bəyanatında da bu elementlər nəzərə alınıb və hörmət edilib. Dəhliz müzakirəsindən tamamilə imtina edilib və indi tranzit yolun müzakirəsi Ermənistanın suverenliyi altındadır”.
Tribunainfo.az bildirir ki, dövlət rəsmilərindən fərqli olaraq İranın molla rejimi tamamilə fərqli yanaşma ortaya qoyub. Məsələn, İranın dini lideri Əli Xamineyi açıqlamasında deyib ki, ölkəsi Ermənistanla sərhədinin bağlanmasının əleyhinədir.
Parlamentin vitse-spikeri Əli Nikzad isə Zəngəzur dəhlizini sülh deyil, müharibə dəhlizi olduğunu iddia edib. “Bu dəhliz müharibə üçün nəzərdə tutulub. Biz tərəfləri əvvəlki razılaşmalara əməl etməyə çağırırıq”.
Analoji açıqlamalar Xamineyinin müşaviri Əli Əkbər Vilayəti və digərlərindən də gəlib.
Bütün bunların fonunda diqqəti çəkən məqam odur ki, İran rejimi daxilində baş verənlər normal siyasi proses deyil. O zaman sual yaranır: bu parçalanmadır, yoxsa fikir ayrılığı?
Məsələni Tribunainfo.az-a şərh edən siyasi ekspert Fikrət Fəraməzoğlu bildirib ki, Pezeşkian hökuməti ilə Xamineyinin ofisi arasında yaşananlar hələlik fikir ayrılıqlarının təzahürüdür. Onun sözlərinə görə, İran prezidenti hakimiyyətə gəldikdən sonra israrla bütün qonşu ölkələrlə münasibətlərin normallaşmasını müdafiə edib. “O, bütün açıqlamalarında əvvəlki yanaşmalara qarşı çıxır. Bu da səbəbsiz deyil. Çünki İran heç bir qonşusu ilə normal münasibətə malik deyil. Diqqət edin, iki il öncə Pakistan və İran bir birilərinin ərazilərinə raket zərbəsi endirmişdi. Pezeşkian bu günlərdə İslamabada səfər edərək, bu münasibətlərin yenidən qurmağa nail oldu. Analoji durum İraqla da yaşanır. Azərbaycana olan münasibət isə göz qabağaındadır”.
Ekspert qeyd edib ki, faktiki fikir ayrılıqları zaman içində rejimdaxili parçalanmaya da səbəb ola bilər. O hesab edir ki, bu gün hökumətin rejimə göstərdiyi müqavimət hələlik balansın qorunmasını ehtiva edir. “Amma gedişat onu göstərir ki, bu uzun çəkməyə də bilər. Çünki Pezeşkian hökuməti İranın daxilində yaşanan problemlərin məhz Xamineyi ofisində təmsil olunanların yanlış siyasətindən qaynaqlandığını yaxşı bilir. Ara-sıra bunu dilə gətirməkdən də çəkinmir”.
Fəraməzoğlu deyib ki, Pezeşkianın öncəki prezidentlərdən fərqi odur ki, o, molla təfəkküründə deyil, siyasətə rasional yanaşır və ölkəsini böhrandan çıxarmaq üçün cəhdlər edir. “Əgər Pezeşkianın indiyə qədər verdiyi açıqlamalar diqqət etsək, bunu aydın görə bilərik. O, dəfələrlə bildirib ki, İranın iqtisadi və siyasi böhran yaşamasının səbəbi sanksiyalardır, yaxın qonşularla münasibətlərin düzgün tənzimlənməməsi ilə əlaqəlidir. İstər Azərbaycanla, istərsə də Zəngəzur dəhlizi ilə bağlı son açıqlamaları təsdiq edir ki, o, faktiki gərginliyin məhz rejim mənsublarından qaynaqlandığını nümayiş etdirir. Bu fikir ayrılıqlarının isə uzun zaman davam etməsi mümkün deyil. Bu, mütləq hansısa nöqtədə toqquşmaya səbəb olacaq. Və daxili parçalanmaya keçəcək”.
Fərda Uğur