RU

Liderlik fəlsəfəsinin nümayişi - TƏHLİL

Prezident İlham Əliyevin simasında zənginləşən qalibiyyət formulu Vaşinqtonda da təsdiqləndi

Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına (ABŞ) işgüzar səfəri tarixi anları ilə yadda qaldı. Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüş, imzalanan Birgə Bəyannamə təkcə Cənubi Qafqazda sabitliyin təminatı baxımından deyil, bütünlükdə müasir dünyamızın siyasi masasında həllini gözləyən bir çox məsələlərin «Qordi düyünü»nün açılması prosesinin başlanğıcı, dönüş nöqtəsi kimi dəyərləndirildi. Bütün dünya icimaiyyəti bir həqiqətin şahidi oldu: Sülh prosesinin siyasi iradə ilə təmin olunması ən optimal variantdır. BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququna əsasən ərazi bütövlüyünü, suverenliyini tam təmin edən Azərbaycan regional təhlükəsizlik tərəfdarı olduğunu təsdiqlədi. Hərbi, siyasi, informasiya cəbhələrində diplomatik gedişlərin, dövlətçilik təcrübəsinin, üzaqgörənliyin uğurlu nəticəsi olan «Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş»in paraflanması sülh razılaşmasının imzalanmasına etibarlı, hüquqi keçid oldu. Vaşinqton görüşlərində yaddaqalan və beynəlxalq aləmdə nadir rast gəlinən, vasitəçilik platforması olsa da , illərdən bəri səmərəsiz fəaliyyəti ilə Qarabağ münaqişəsini daha da mürəkkəbləşdirən Minsk qrupunun tərəflərin birgə razılığı ilə ləğv olunması sülhə doğru atılan addım idi. Bəyannamədə Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında maneəsiz əlaqənin yaradılması, ölkəmizin tranzit suverenliyinin tanınması, eyni zamanda, Ermənistanın beynəlxalq ticarət şəbəkəsinə çıxışını təmin edəcək bəndlərin yer alması razılıqla qarşılandı. Bu baxımdan «Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu»” (TRIPP) layihəsi beynəlxalq iqtisadi hüquq qazanmaqla BMT Dayanıqlı İnkişaf Məqsədlərinə uyğundur. Sərhədlərin toxunulmazlığı ilə BMT Nizamnaməsinə və 1991-ci il Almatı Bəyannaməsinə istinad olunan həqiqətlər bu sənəddə təsdiqlənir.

Ermənistanın girovuna çevrilən Baydenin yarıtmaz komandasından fərqli olaraq Tramp Administrasiyası tərəfindən «Azadlığa Dəstək Aktı»na əlavə olunan 907-ci düzəlişin icrasının dayandırılması Prezident İlham Əliyevin daha bir diplomatik qələbəsi idi. Vaşinqtonda imzalanan Birgə Bəyannamə Cənubi Qafqazın gələcək taleyinin müsbət notlar üzərində davamını təsdiqləyən Siyasi Yol Xəritəsidir.

Prezident İlham Əliyevin ABŞ səfərində nümayiş etdirdiyi siyasi uzaqgörənlik, dövlətçilik iradəsi və diplomatik məharəti, sadəcə olaraq, müasir dövrün liderlik fəlsəfəsinin nümayişi deyil, dərin strateji təfəkkürün, illərdən bəri ölkəmizə qarşı aparılan təxribatların iflası, həqiqətin yalanlar üzərində Qələbəsi idi.Vaşinqtonda imzalanan Bəyannamədə Azərbaycanın milli maraqları tam şəkildə nəzərə alındı, ərazi bütövlüyü və suveren hüquqları birmənalı şəkildə təsdiqləndi. Bu, Azərbaycan Prezidentinin beynəlxalq aləmdə qazandığı etimadın, diplomatik uğurlarının daha bir təsdiqi idi.

ABŞ Prezidenti Donald Trampın, dövlət başçımız İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Ağ Evdə mətbuata birgə bəyanatlarının beynəlxalq aləmdə , xarici KİV-lərdə geniş işıqlandırılması ölkəmizə diqqəti daha da artırır.

Donald Trampın Ermənistan ilə Azərbaycan arasında kommersiya və səyahət əlaqələrinin qurulmasında, diplomatik münasibətlərin yeni mərhələ üzrə davamında Azərbaycanın səylərini yüksək dəyərləndirməsi Birgə Bəyannamədə TRIPP, yəni, «Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”»nun əksini tapması, xüsusi tranzit ərazi vasitəsilə Azərbaycanla Ermənistanın suverenliyinə qəti şəkildə hörmət olunması çərçivəsində Naxçıvan bölgəsinə tam çıxış əldə edilməsi bilavasitə Prezident İlham Əliyevin illərdən bəri göstərdiyi qətiyyətin nəticəsidir. «Biz, həmçinin müdafiə sahəsində Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında əməkdaşlığa olan məhdudiyyəti aradan qaldırırıq. Bu, həm Sizin və həm də mənim üçün əhəmiyyətli məsələdir. Bir Prezident olaraq mənim ən böyük istəyim dünyada sülhün və sabitliyin bərqərar edilməsidir» söyləyən ABŞ Prezidentinin Ağ Evin rəmzi açarının dünya siyasətində qətiyyəti , sülhə və humanizmə verdiyi dəstəyi ilə fərqlənən dördüncü tanınmış, dünya siyasətində zəngin təcrübəsi ilə özünü təsdiqləmiş şəxs kimi aəzərbaycanlı həmkarı İlham Əliyevə təqdim etməsi ABŞ-Azərbaycan əlaqələrinə verilən dəyər, dövlət başçımıza şəxsi hörmət və etimadın ifadəsi idi. Azərbaycan ilə ABŞ arasında ikitərəfli, dövlətlərarası münasibətlərin genişlənməsində yeni mərhələ olan , bir neçə ay ərzində Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması ilə bağlı təşəbbüsü Azərbaycan üçün tarixi nailiyyət adlandıran Prezident İlham Əliyevin vurğuladığı kimi, bu addım ölkəmiz üçün inkişaf yolunda iqtisadiyyatın şaxələndirilməsi, gələcəyə böyük nikbinliklə baxmaq üçün yeni imkanlar yaradır. 33 il Azərbaycana qarşı tətbiq olunan ədalətsiz 907-ci düzəlişin aradan qaldırılması da Prezident İlham Əliyevin beynəlxalq sülhün təminatına, xeyirxahlıq təşəbbüslərinə verilən dəyər idi.

«Bizə qarşı tətbiq edilmiş bu məhdudiyyət 33 ildən sonra bu gün aradan qaldırıldı. Həqiqətən bu gün Azərbaycan xalqının yaddaşına həm qürur, həm də Prezident Trampa minnətdarlıq hissi ilə həkk olunacaq. Onun həm Azərbaycana olan münasibəti və təkcə bizim regionumuz deyil, - bu gün mən bunu fikir mübadiləmizdə qeyd etdim, - cəmi bir neçə ay ərzində Prezident Tramp Afrikada, Asiyada və nəhayət, Cənubi Qafqazda 30 il ərzində əldə oluna bilinməyəni təmin etdi» sözləri ilə qarşıdakı sabitlik dövründə daha böyük layihələrin reallaşacağını əminliklə söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, təhlükəsizlik üçün etimad mühiti formalaşdıracaq ABŞ görüşü tarixə əmin-amanlıq səhifəsi kimi yazılacaq. Prezident Donald Trampın cənab İlham Əliyev haqqında söylədiyi «Bu o deməkdir ki, Siz güclü və ağıllı insansınız, regionunuz dünyanın gözəl bölgəsidir. Bu işdə iştirak etmək mənim üçün böyük şərəfdir» sözləri Cənubi Qafqazda sabitliyin bərpası naminə yorulmadan çalışan dövlət başçımızın fəaliyytinə verilən dəyər idi. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzalanması iki dövlət başçısının beynəlxalq sülhə verdikləri ən layiqli töhfə oldu.

Prezident İlham Əliyevin Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsi lider qətiyyətinin daha bir nümunəsi kimi dünyanın ən tanınımış dövlət başçıları, siyasətçilər tərəfindən dəstəkləndi, xarici KİV-lərin əsas informasiyası kimi yayımlandı.

Vaşinqtona işgüzar səfərini Amerika-Azərbaycan münasibətlərində əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi adlandıran Prezident İlham Əliyev yeni salnamənin müəllif və təşəbbüskarı olduğunu dövlət başçısı kimi 22 illik təcrübəsi, məntiqli açıqlaması ilə təsdiqlədi.

Azərbaycanla ABŞ arasında energetika, nəqliyyat, bağlantılar, tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi və müdafiə sahələrində əməkdaşlığı və digər məsələləri əhatə edəcək qarşılıqlı sərmayə qoyuluşunun sürətləndirilməsi ilə bağlı əldə olunan razılıqlar iki ölkənin beynəlxalq aləmdə maraqlarının eyniləşdirilməsinə də təsir göstərəcək. Donald Trampı müharibələrə başlamayan yeganə Amerika Prezidenti adlandıran cənab İlham Əliyevin dünyada, bölgədə sülhün təminatı, qarşılıqlı əməkdaşlıq üçün çağırışlarının hər biri humanizm prinsiplərinə sadiqlik nümunəsidir. Trampın Afrikada, Asiyada və Cənubi Qafqazda sülhün əldə olunması naminə göstərdiyi səyləri Qoşulmama Hərəkatına sədrliyi müddətində uğurla yerinə yetirən Prezident İlham Əliyev 907-ci əlavənin ləğvi ilə bağlı qərarı qarşılıqlı əməkdaşlıq üçün önəmli addım adlandırdı: «Təbii ki, bu gün Azərbaycanın xarici yardıma ehtiyacı yoxdur, ölkəmiz xarici yardımdan asılı deyil. İqtisadiyyatımız sabitdir, xarici borcumuz ÜDM-in yeddi faizindən də azdır. Özümüz donor ölkəyə çevrilmişik. Beləliklə, bu gün 907-ci düzəliş əsasən siyasi və rəmzi məna daşıyır. Bu, artıq ədalətsizliyin artıq aradan qalxdığını göstərir. Beləliklə, bu, Prezidentin adından çox mühüm siyasi jest idi. Eyni zamanda, bu gün onun ofisində bu sənədlə bərabər, Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması haqqında sənədi də imzaladıq. Bu iki mühüm hadisə bu gün baş verib. Buna görə də mən avqustun 8-ni dövlətlərarası münasibətlərimizdə tarixi gün hesab edirəm və bu da bütün regiona çox müsbət təsir göstərəcək.»

Qarabağ münaqişəsi hərbi-siyasi yollarla öz həllini tapmışdır. Sülh müqaviləsinin beynəlxalq hüquqa əsaslanan şərtlərinin müəllifi və təşəbbüskarı Azərbaycandır. Avropa İttifaqı Şurası Prezidentinin təşəbbüsü ilə Brüssel görüşləri keçirilsə də fundamental məsələ ilə bağlı xarici müdaxilələr tərəflər arasında sülh sazişinin imzalanmasına imkan ermirdi. Yalnız 2023-cü ilin antiterror əməliyyatından sonra Ermənistan artıq reallıqlarla barışmalı oldu. «Hesab edirəm ki, bu, Cənubi Qafqaz üçün çox önəmli tarixi məsələdir. Əminəm ki, bu gün Ağ Evdə paraflanan sülh sazişi artıq bölgəyə sülh gətirib» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, sülh saşinin imzalanması Ermənistan üçün ev tapşırığıdır.

Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının dəyişilməsi ilə Cənubi Qafqaz bölgəsində dayanıqlı sülhə nail olunacaq. Prezident İlham Əliyevin «Mən bu gün mətbuat konfransında da qeyd etdim, biz dünyanın bir nömrəli paytaxtında, dünyanın bir nömrəli ofisində, dünyanın ən qüdrətli Prezidentinin iştirakı ilə bunu etdik. Əlbəttə, hər kəs başa düşür ki, bunun nə qədər böyük əhəmiyyəti var, həm ölkəmiz üçün, həm bölgə üçün, həm geniş coğrafiya üçün. Biz haqq-ədaləti müharibə yolu ilə bərpa etdik. İndi isə buna siyasi müstəvidə də nöqtəni qoyduq» sözləri xarici havadaralara Ağ Evdən ciddi və qəti mesajdır. Vaşinqton görüşündə Ermənistan cəmiyyətində və hakim dairələrində, havadarlarında guya Azərbaycanın Ermənistanın daxili işlərinə qarışmaq isterikasına da son qoyuldu. Sülh sazişinin paraflanması və Minsk qrupunun ləğvi ilə bağlı birinci maneə aradan qaldırdı. Azərbaycanla bağlı qərəzli şayiələrə, xüsusilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsi ilə bağlı təxribatların əsassız olduğu təsdiqləndi. Prezident Trampın şahidliyi ilə Ermənistanın baş nazirinin şəxsən imzaladığı Birgə Bəyannamədə Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz keçidlə bağlı Azərbaycanın mövqeyi dəstəkləndi. «Eyni zamanda, biz Naxçıvan Muxtar Respublikasında dəmir yolunun bərpasına başlayırıq. Deməli, bizə bu 40 kilometrlik dəmir yolu lazımdır ki, Azərbaycanın iki hissəsini birləşdirə bilək. Bu, təkcə dəmir yolu ilə bitmir. Biz elektrik ötürücü xətləri, fiber-optik xətlər, potensial olaraq Azərbaycanın və Xəzərin digər tayından qonşularımızın enerji resurslarını daşıya biləcək enerji infrastrukturları haqqında düşünürük» sözləri ilə Bayden Administrasiyasının müəllif olduğu anti-Azərbaycan təxribatlara qarşı daha kəskin mübariə aparılacağını qətiyyətlə bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, Vaşinqton görüşü USAID və Menendez, Peloni, Pelosi, Şermann, Marki, Kristofer Smit və Adam Şiff kimilərə əsl demokratiya və birlik zərbəsi oldu. Sülh sazişinin imzalanması ilə Azərbaycanla rəsmi İrəvan arasında bütün sahələr üzrə əlaqələr yaranacaq, Ermənistan tranzit nəqliyyat ölkəsinə çevriləcək.

ABŞ-la Azərbaycan arasında imzalanan Anlaşma Memorandumunda enerji əməkdaşlığına xüsusi diqqət yetirilib. Neft, qaz, potensial bərpaolunan enerji mənbələri hesabına bu gün Azərbaycan NATO-nun 10 üzvünü, ABŞ-ın 10 müttəfiqini təbii qazla təchiz edir. Ölkəmizin boru kəməri 14 ölkəni əhatə edir. Bu yaxınlarda Suriyaya təbii qaz tədarükü ilə Azərbaycan artıq Yaxın Şərq regionuna daxil olub. Bu gün coğrafiyası Avropanı, eləcə də Yaxın Şərqi əhatə edən Azərbaycanın enerji diplomatiyasının yeni istiqamətlər üzrə genişlənməsi ölkəmizin «Enerji gündəliyi»nin tərkib hissəsidir.

Vaşinqtona səfəri, keçirilən görüşlərdə, aparılan danışıqlarda məntiqli açıqlamaları, lider cəsarəti ilə Cənubi Qafqazda davamlı sülhün təmin olunmasında qətiyyət göstərən Prezident İlham Əliyev regionumuzu yenidən hərbi poliqona çevrilmək təhlükəsindən xilas etdi. Sülh danışıqları üçün münbit şərait yartmaqla gənclərimizi şəhid olmaqdan, şəhər və kəndləri dağılmaqdan qorudu. Regionumuzu yeni müharibələrə sürükləyən qərəzli qüvvələrə birdəfəlik «Durun!» dedi. 44 günlük Vətən müharibəsində Zəfəri ilə beynəlxalq ictimaiyyəti heyrətləndirən Prezident İlham Əliyev sülh gündəliyinə də inamlı yol açdı. Azərbaycanın Qlobal Cənubda siyasi, iqtisadi əlaqələrdə aparıcı rolu və xidmətləri təsdiqləndi. Dəfələrlə qeyd olunduğu kimi, bu gün Mərkəzi Asiya regionu, Cənubi Qafqaz, ondan Şərqdə və Qərbdə yerləşən ölkələr sabit dövlətlərdir. Xüsusilə də Qarabağ münaqişəsi başa çatandan sonra sabitlik, təhlükəsizlik və inkişaf üçün perspektivlər daha aydın və genişdir. Yəni, bu, bağlılıq layihələrinin təşviqi baxımından mühüm amildir. İkinci amil qonşularla xoş münasibətlərdir. Bu olmadığı təqdirdə ölkə tranzit ölkə ola bilməz. «Qonşularımızla deyil, qonşularımızın qonşuları ilə də yaxşı münasibətlərə malik olmaq» prinsipi sülh üçün başlıca hədəfdir. Bu sahədə də ölkəmizin fəal, sevik diplomatik fəaliyyəti özünü doğruldur. Prezident İlham Əliyevin «Biz son 10 il ərzində etimad qurmağa çalışmışıq. Biz nümayiş etdirməyə çalışmışıq ki, ölkəmiz etibarlı tərəfdaşdır və sözümüzün imzamız qədər dəyəri var. Bu, bu günə qədər də məhz belə olmuşdur» sözləri Vaşinqton səfərinin ümumi ahəngini tam əks etdirir.

Xuraman İsmayılqızı, "İki sahil"

Избранный
77
50
ikisahil.az

10Источники