Azərbaycanda son illər aparılan tikinti işlərində zəlzələyə davamlılıq məsələsi diqqət mərkəzində saxlanılır. Yeni inşa olunan binaların zəlzələyə davamlılıq standartları Fövqəladə Hallar Nazirliyi yanında Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət Xidməti tərəfindən müəyyən edilir və icra olunur.
Maraqlıdır, Azərbaycanda yeni inşa olunan binaların zəlzələyə davamlılıq standartları necə müəyyən edilir?
Avtosfer.az-ın məlumatına görə, əmlak məsələləri üzrə tanınmış ekspert Ramil Osmanlı “Konkret.az”a açıqlamasında bildirib ki, bu məsələ illər əvvəl müəyyən narahatlıq yaratsa da, hazırda ciddi şəkildə nəzarət olunur.
Onun sözlərinə görə, istifadə olunan tikinti materiallarının keyfiyyətindən betonun tərkibinə və tikinti qaydalarına uyğun istifadəsinə qədər bütün proseslər müvafiq standartlara uyğun yoxlanılır.
“Azərbaycanda orta seysmik göstəricilər təqribən 8-9 bal aralığında dəyişir. Məsələn, bina tikintisinə başlanandan tamamlanmasına qədər hər mərhələdə nəzarət həyata keçirilir. Hətta hər mərtəbənin betonu töküləndə nümunələr götürülərək laboratoriyada yoxlanılır. Bu səbəbdən keyfiyyətli və təhlükəsiz inşaat təmin edilir,” – deyə ekspert vurğulayıb.
Ramil Osmanlının sözlərinə görə, hazırda Azərbaycanda problem yarada biləcək ciddi hal mövcud deyil.