"Macarıstan lideri sənədi niyə imzalamayıb və Avropa hansı mesajı verir?.."
ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putinin avqustun 15-də Alyaskada keçirilməsi planlaşdırılan sammiti ərəfəsində Avropa İttifaqında mühüm diplomatik hərəkətlilik yaşanıb.
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "Die Welt" nəşri yazıb.
Məlumatda deyilir ki, Avropa İttifaqının 27 üzvündən 26-sı, yalnız Macarıstan istisna olmaqla, birgə bəyanat qəbul edərək Ukraynaya dəstəyini və Rusiyanın təcavüzkar müharibəsinə qarşı mövqeyini təsdiqləyib.
Bəyanatın məğzi
Sənəddə Aİ liderləri Trampın müharibəni dayandırmaq və Ukraynada "ədalətli və dayanıqlı sülh" qurmaq səylərini alqışlayıblar. Onlar vurğulayıb ki, beynəlxalq sərhədlər güc yolu ilə dəyişdirilə bilməz, sülh isə beynəlxalq hüquqa - suverenlik, ərazi bütövlüyü və müstəqillik prinsiplərinə əsaslanmalıdır.
Liderlər həmçinin bəyan ediblər ki, Ukrayna xalqı öz gələcəyini sərbəst müəyyən etmək hüququna malikdir və onun taleyi ilə bağlı hər hansı sülh planı Ukraynanın iştirakı olmadan qəbul edilə bilməz.
Bəyanatda Rusiyanın təcavüzkar müharibəsinin Avropa və beynəlxalq təhlükəsizlik üçün daha geniş təsirləri olduğu qeyd edilir. Aİ ABŞ və digər tərəfdaşlarla birlikdə Kiyevə siyasi, maliyyə, iqtisadi, humanitar, hərbi və diplomatik dəstəyini davam etdirəcəyini, mövcud sanksiyaları saxlayacağını və yenilərini tətbiq edəcəyini vurğulayıb.
Orbanın imtinası və arqumentləri
Macarıstan baş naziri Viktor Orban sənədi imzalamayan yeganə lider olub. O, "İks" sosial şəbəkəsində açıqlama yayaraq qərarını belə əsaslandırıb:
- Bəyanat Aİ liderləri dəvət edilmədiyi bir görüş üçün şərtlər müəyyən etməyə çalışır.
- Aİ-nin bu prosesdən kənarda qalması özü-özlüyündə üzücüdür, vəziyyəti daha da pisləşdirəcək yeganə şey isə kənardan göstəriş verməkdir.
- Ən məntiqli addım - ABŞ-Rusiya görüşünə bənzər Aİ-Rusiya sammitini təşkil etməkdir.
Orban uzun müddətdir ki, Aİ-nin Ukraynaya hərbi və maliyyə yardımına, həmçinin Kiyevin Aİ-yə üzvlük prosesinə qarşı çıxır. O, Ukraynanın üzvlüyünü Macarıstan və Avropa üçün iqtisadi və hərbi fəlakət adlandırır, Rusiya enerji resurslarından imtinanı isə Aİ iqtisadiyyatı üçün dağıdıcı hesab edir.
Tramp-Putin görüşü öncəsi Avropanın narahatlığı
"Politico" nəşrinin yazdığına görə, Avropa liderləri Trampdan Putinlə görüşündə Ukraynanın maraqlarını müdafiə etməsini və Avropanın təhlükəsizliyinə zərər verəcək razılaşmalara getməməsini gözləyir. Lakin Trampın hakimiyyətə qayıtdıqdan sonra Avropaya münasibətdə daha soyuq siyasət yürütməsi Brüsseldə ehtiyatlı nikbinliyi doğurur. Bu səbəbdən Avropa Alyaska sammitindən əvvəl həm birgə mesaj vermək, həm də Vaşinqtona Ukraynanın taleyinin masa arxasında satıla bilməyəcəyi xəbərdarlığını göndərmək istəyir.