RU

Razılaşmalar real nəticə verərsə ən çox Ermənistan fayda götürəcək Aydın Sezer

Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Bu layihənin Türkiyənin xeyrinə bir proses kimi təqdim edilməsi erməni politoloqun ya həddindən artıq millətçiliyindən, ya da Ankara və türklərə qarşı qərəzindən irəli gəlir"

“Cənubi Qafqaz artıq tamamilə Türkiyənin nəzarətinə keçib". Bunu erməni politoloq Ara Poqosyan deyib.

“Türkiyənin dövlət telekanalı TRT bildirib: “Cənubi Qafqazda sülh bərqərar olub. Bakı və İrəvan diplomatik münasibətləri bərpa etmək və Zəngəzur dəhlizinin açılması barədə razılığa gəlib”.

Türkiyə, Azərbaycan, Rusiya və İran mediasının əldə edilmiş razılaşmaya reaksiyalarını təhlil edəndə məlum olur ki, bütün bunların məğzi Cənubi Qafqazın tamamilə Türkiyənin təsir dairəsinə keçməsi ilə bağlıdır. Yenə deyirəm, ABŞ-nin yox, Türkiyənin”, - ekspert qeyd edib.

Poqosyanın sözlərinə görə, Türkiyə kapitalı Gürcüstanda dominantlıq edir və ciddi siyasi faktordur:

“Artıq Ermənistan da Türkiyə və Azərbaycanın enerji, infrastruktur, iqtisadi, demoqrafik çevrəsində görünür. Bu andan etibarən Ermənistanın ticarət dövriyyəsi bu ikisi ilə bağlı olacaq.

Rusiya və İran regionda yeni hegemonun yaranmasından narahatdır, çünki ənənəvi olaraq, Ankaranın bölgədə rolu məhdud olub və həmişə balans qorunub saxlanılıb, indi isə bu tarazlıq dəyişir. İran təkcə yol deyil, həm də geosiyasi oyunçu rolunu itirir. Rusiya ərazisinə görə nə qədər strateji dərinliyə malik olsa da, yenə də ən mühüm enerji və tranzit zonalarından birində - Cənubi Qafqazda təsirini itirir, bunun müqabilində Türkiyə dominant nüfuz qazanır”.

Ekspert əlavə edib ki, ABŞ-nin regionda strateji yox, taktiki marağı var və bu səbəbdən İran və Rusiyadansa, Türkiyənin Cənubi Qafqazda güclənməsində maraqlıdır.

Türk siyasətçi və yazar Aydın Sezer "Sherg.az"a deyib ki, Vaşinqtonda imzalanmış Üçtərəfli bəyanat və ya sonradan açıqlanan Azərbaycan–Ermənistan razılaşmaları çərçivəsində hazırda Cənubi Qafqazda atılmış konkret bir addım yoxdur:

"Trampın prosesə daxil olması ilə Ermənistan–Azərbaycan arasındakı problemlərin həllində yeni bir mərhələyə keçildiyini söyləyə bilərik. Bununla belə, hazırkı vəziyyət etibarilə hər hansı nəticələnmiş bir məsələ yoxdur. Əvvəlcə bunu vurğulamaq lazımdır. Çünki bir çoxları bu hadisələri açıq nəticə verən razılaşma və ya tətbiq kimi görür ki, bu, doğru deyil. Digər tərəfdən ABŞ-nin nəzarəti altında Cənubi Qafqazda bir nəqliyyat dəhlizinin istifadəyə verilməsi bölgəyə xarici güclərin daxil olması deməkdir. Bu isə yeni gərginliklərin yaranmasına gətirib çıxara bilər. Bu gərginliklər təkcə Rusiya və ya İran deyil, bəlkə də Azərbaycan, Türkiyə və Ermənistan üçün də indidən proqnozlaşdırmadığımız hadisələrə səbəb ola bilər. Mən, bu məsələdə tamamilə Türkiyənin nəzarətində olacağı fikrində deyiləm. Çünki yolun ABŞ  şirkəti tərəfindən tikiləcək və 99 il ərzində istismar ediləcək olması, həm türk, həm də Azərbaycan nəqliyyat vasitələrinin Vaşinqtonla qarşılıqlı münasibətdə olmasını zəruri edəcək".

Ekspertin sözlərinə görə, bu layihənin Türkiyənin xeyrinə bir proses kimi təqdim edilməsi erməni politoloqun ya həddindən artıq millətçiliyindən, ya da Ankara və türklərə qarşı qərəzindən irəli gəlir:

"Əldə olunmuş razılaşmalar real nəticə verərsə, hansı ki, buna kifayət qədər şübhələrim var - ən çox Ermənistan fayda götürəcək. Sonrakı mərhələdə, Azərbaycan və Türkiyə də qazanc əldə edəcək. Çünki coğrafi baxımdan Türkiyə ilə Azərbaycan birbaşa əlaqədədir. Ona görə də erməni analitikin mövqeyinə qətiyyən qatılmıram. Amma bölgəyə ABŞ-ın daxil olması, yeni gərginliklərin yaranmasına şərait yaradacaq. Bunun isə nə Türkiyə, nə də Azərbaycan üçün faydalı və müsbət bir inkişaf olduğunu şəxsən düşünmürəm".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
28
40
sherg.az

10Источники