RU

Azad edilmiş ərazilərdə həyat yenidən qaynayır...


Məlum olduğu kimi, 2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın müasir tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Otuz ilə yaxın Ermənistanın işğalı altında qalmış Qarabağ və ətraf rayonlarımız ordumuzun rəşadəti, xalqımızın birliyi və dövlətimizin siyasi iradəsi nəticəsində azad olundu.

Lakin hərbi qələbə yalnız başlanğıc idi. Qarşıda duran əsas vəzifə bu torpaqlara həyatın yenidən qaytarılması, əhalinin təhlükəsiz və layiqli şəkildə geri dönməsini təmin etmək idi. Bu məqsədlə Azərbaycan dövləti “Böyük Qayıdış” adlanan genişmiqyaslı proqram həyata keçirməyə başladı və artıq çoxsayl nailiyyətlərə də imza atılıb.

Qarabağda və Şərqi Zəngəzurda 50 mindən çox insan yaşayır

Elə bu günlərdə Xocalı rayonunun Xanyurdu kəndinə yola salınan növbəti köç karvanı kəndə çatıb, açarlar sakinlərə təqdim olunub.

Qeyd edək ki, Xanyurdu kəndinə ilk mərhələdə 33 ailə və ya 122 nəfər, bu mərhələdə isə 19 ailə və ya 62 nəfər köçürülüb. Bununla da kəndə köçürülən ailələrin sayı 52-yə və ya 184 nəfərə çatıb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır. Amma gələn ilin sonun abu rəqəm dəfələrlə artacaq. Azərbaycan dövləti işğaldan azad olunan ərazilərdə demək olar ki, əsas infrastruktur layihələrin başa çatdırıb. Bu da köç prosesinin dah sürətlə həyata keçrilməsinə imkan verir. Hazırda bu məqsdələ inşa edilən evlərin sayı da sürətlə artır. Məsələn, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair 1-ci dövlət proqramına uyğun olaraq Ağdam şəhərinədə 5 yaşayış məhəlləsinin tikintisi reallaşacaq. Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sərabibildirir ki, həmin məhəllələrdə tikinti işləri davam edir: "Ötən ilin may ayının 2-də prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Ağdam şəhərində 2-ci yaşayış məhəlləsinin təməli qoyulub. Hazırda 2- ci yaşayış məhəlləsi üzrə 11 kvartalda tikinti işləri davam edir. 2-ci yaşayış məhəlləsində 11 kvartal üzrə 66 çoxmənzilli bina tikilir. Onlardan 60-ı yaşayış, 6-ı isə qeyri-yaşayış binalarıdır. Bu məhəllədə 1268 mənzil olacaq. Bu məhəllədəki binalarda 114 ədəd 1 otaqlı, 464 ədəd 2 otaqlı, 536 ədəd 3 otaqlı, 154 ədəd 4 otaqlı mənzillər olacaq. 2-ci yaşayış məhəlləsinə Ağdam sakinlərinin geri qayıdışı bu ilin sonuna kimi reallaşacaq". Onu da qeyd edək ki, bu il keçmiş məcburi köçkünlərin yeni ərazilərə köçürülməsi də planlaşdırılır. Məsələn, 2025-ci ildə Kəlbəcər rayonuna da köç olacağı gözlənilir.Böyük Qayıdış çərçivəsində Kəlbəcərə ilk dəfə 81 ailə köçəcək. Artıq ailələrin hansı binada və mənzildə yaşayacağı ilə bağlı püşkatma keçirilib.

Mina problemi həll edilir, qayıdış prosesi sürətlənir

Böyük Qayıdış təkcə əhalinin köçürülməsi prosesi deyil, həm də işğaldan azad olunmuş torpaqların tam bərpası, sosial-iqtisadi inkişafının təmin olunması, infrastrukturun yenidən qurulması, mədəni və ekoloji dirçəliş proqramıdır. Dövlətin əsas məqsədi bu əraziləri yenidən ölkənin iqtisadi, mədəni və turizm xəritəsinə daxil etmək, burada müasir və dayanıqlı yaşayış mühitləri yaratmaqdır.

Strateji baxımdan, Böyük Qayıdış Qarabağın Azərbaycanın siyasi, iqtisadi və sosial həyatına tam inteqrasiyasını təmin etməklə yanaşı, bölgədə sabitliyi və təhlükəsizliyi möhkəmləndirir. Bu, həm də Azərbaycan xalqının tarixi ədaləti bərpa etməsi, öz doğma yurd-yuvalarına qayıtması deməkdir. İşğal dövründə azad olunmuş ərazilər tamamilə dağıdılmış, şəhər və kəndlər viran qoyulmuşdu. Buna görə də ilk mərhələdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirildi. Füzuli, Zəngilan və Laçında beynəlxalq hava limanlarının tikilməsi bölgənin həm iqtisadi, həm də turizm potensialını artırdı. Şuşa, Ağdam, Cəbrayıl, Kəlbəcər və digər rayonlarda yollar, körpülər, elektrik və qaz xətləri, su təchizatı sistemləri əsasən yenidən quruldu və proses davam edir. Azad olunmuş torpaqlar zəngin təbii sərvətləri, münbit torpaqları və turizm imkanları ilə Azərbaycanın iqtisadiyyatına böyük töhfə verir. Kənd təsərrüfatı üçün geniş ərazilərin istifadəyə verilməsi, suvarma sistemlərinin yenidən qurulması, həm daxili bazara, həm də ixrac imkanlarına müsbət təsir göstərəcək. Eyni zamanda, mədənçilik, alternativ enerji və ekoturizm sahələri də prioritet istiqamətlər sırasındadır. Xüsusən Kəlbəcər və Laçın rayonlarında bərpa olunan enerji layihələri icra olunur, su elektrik stansiyaları və günəş panelləri quraşdırılır. Onu da qeyd edək ki, Böyük Qayıdış planı mərhələli şəkildə həyata keçirilir. İlk olaraq, təhlükəsizlik məsələləri, xüsusən dəminaların təmizlənməsibaşlıca prioritetdir. Bu sahədə böyük işlər görülür, minlərlə hektar ərazi minalardan təmizlənərək yaşayış və təsərrüfat üçün yararlı hala gətirilir. Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və bir neçə özəl şirkət həyata keçirir.Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı may ayında açıqladığı hesabata görə, müharibənin başa çatdığı beş il ərzində - 2020-ci ilin noyabr ayından 2025-ci il iyunun 1-dək humanitar minatəmizləmə fəaliyyətinə cəlb edilən qurumlar tərəfindən ümumilikdə 204 min 763 hektar ərazi minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənib. İlkin qiymətləndirmələrə görə, Ermənistan işğal dövründə torpaqlarımıza 1,5 milyon mina basdırıb. Ərazilərdə icra edilən qeyri-texniki tədqiqat və texniki tədqiqat əməliyyatları nəticəsində təkcə keçmiş təmas xətti boyu ərazilərin deyil, eləcə də mülki təyinatlı ərazilərin də mina və müharibənin digər partlayıcı qalıqları ilə ciddi şəkildə çirkləndiyi müəyyən olunub. ərazilər təmizləndikcə, köç prosesi də sürətlənir.

Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Избранный
16
baki-xeber.com

1Источники