RU

“Anamın bütün nəsihətlərinə əməl etdim” - şəhid leytenant Səttər Piriyevin son sözləri...


Ofelya Piriyeva: “Xocavəndin adsız yüksəkliyindən çox-çox irəlidə düşmənlə əlbəyaxa döyüşərək şəhadətə ucalıb”

Bir ana gözləyir yolunu hər gün,
Bir ana saçını yolub ağlayır…
Bir sirli dünyadır şəhidlik, ana,
Şəhidin yasını ellər saxlayır…

Şəhid leytenant Səttər Piriyevin anası Ofelya Piriyeva oğlunun yolunu hər gün gözləyir, balasının hənirini duyur, ruhunu hiss edir. Bəzən ona elə gəlir ki, Səttər heç yerə getməyib, evdədir. Evi-eşiyi axtarır, qapı-bacaya, çala-çəpərə boylanır ki, bəlkə balasını görə bildi, Səttərini görə bilmir ana. Vətən torpağına qanı tökülən şəhid balasının iyini onun uyuduğu torpaqdan alır, qanla və göz yaşı ilə yoğrulan müqəddəs torpaqdan.

Əslində, Səttərgilin getdiyi müqəddəs şəhidlik yolu bir əbədiyyət ünvanıdır, tarixə köçən bir ünvan.

Ana oğlundan danışır,

Gözlərindən qəm oxunur

Ana oğlundan danışır

İçinə nisgil toxunur

Balasına həsrətdi ana…

Şəhid anaları, şəhid ataları ilə görüş bir ayrı aləmdir, heç kəsin vaqif ola bilmədiyi aləm. Onların özləri yer üzündə olsa da, əslində yarı canları da, ruhları da, fikirləri də torpağın altında yatan oğullarının yanındadır. “Birdən balama soyuq olar” deyib məzarlığa tələsirlər atalar, analar. “Birdən balamın məzarının üstündəki çiçəklər soluxar” deyib yüyürürlər Şəhidlər Xiyabanına.

Fikirləri hey şəhidlədir, hey onunla danışıb dərdləşirlər. Ofelya ana da onlaran biri.

Qubada yaradıcılıq ezamiyyətində olarkən Ofelya ana ilə tanış olub dərdləşdik. Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi “44 gün-Tarixi Zəfər” kitabının II və III cildlərinin təqdimatına Ofeliya Piriyeva da gəlmişdi, tədbirdə ürəkdağlayan bir çıxış da etdi.

Şəhid Səttərin anası Ofelya xanım oğlu haqqında bizə ətraflı məlumat verdi.

“Oğlum özü şəhid olsa da, torpaqlarımızı azad etməyi və əsgərlərinin həyatını qorumağı bacardı, bircə öz canını qoruya bilmədi”

Piriyev Səttər Fuad oğlu 1998-ci ilin 25 oktyabrında Quba rayon Zərdabi qəsəbəsində anadan olub, 2004-cü ildə Zərdabi qəsəbə Bayram Şixəmirov adına orta məktəbin birinci sinfinə daxil olub, 2012-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirərək Cəmşid Naxçıvanski adına Hərbi liseyə qəbul olunub. 3 illik lisey təhsilini bitirdikdən sonra 2015-ci ildə Heydər Əliyev adına Ali Hərbi məktəbinə daxil olub. 2019-cu ildə həmin məktəbi bitirərək leytenant rütbəsinə yiyələnib və Beyləqanın “N” saylı hərbi hissəsində xidmətə başlayıb.

Ana deyir ki, Səttər uşaqlıqdan və təhsil aldığı illərdə bir çox yarışlarda iştirak edib, diplomlara, mükafatlara, medallara layiq görülüb: “2018-ci ildə isə Azərbaycan ordusunun 100 illiyi münasibətilə “Azərbaycan Ordusunun 100 illiyi” medalına layiq görülüb. Kursant olduğu vaxtlarda “N” saylı hərbi hissəsinin Tank Əleyhinə bölüyünün tağım komandiri vəzifəsində xidmət edib. Motoatıcı bölmə, hissə və birləşmələrin döyüşə tətbiqi, xüsusi təyinatlı, texnika və sistemlər və s. ixtisaslarına yiyələnib.

Oğlumun ürəyi Vətən sevgisi ilə döyünürdü və o, leytenant rütbəsində Vətən müharibəsində fəal iştirak edib, torpaqlarımızın azad olunmasında qəhrəmanlıqlar göstərib. Səttər Müharibə başladığı gündən Füzulidən Xocavəndə qədər döyüş yolu keçib. Əsas döyüşdüyü yer isə Xocavənd rayonu olub. Xocavənd rayonunda bir çox qruplarımızı mühasirədən xilas edib, özü yaralı olduğu halda onlarla yaralı əsgəri döyüş meydanından çıxarıb və yaralı halda döyüşüb”.

“Xocavənd fatehi leytenant Piriyev dəstəsi ilə birgə son dəfə mühasirəyə düşür və Xocavənd rayonunda adsız yüksəkliyə bayraq sancmaq üçün sevinc və fərəh hissi ilə təpəyə çıxır. “Təpəni bir az çıxdıqdan sonra yüksəkliyin sonunda qaraltı hiss edir və əsgərləri qorumaq məqsədilə Səttər ən öndə gedir. Yüksəklikdəkilərin ermənilər olduğunu dərhal anlayır və əsgərlərinə “siz ehtiyatla aşağı düşün, mən sizi qoruyacağam” deyir. Əsgərlərini aşağı düşürmək üçün oğlum erməniləri məşğul etməyə, fikirlərini yayındırmağa çalışır. O, ermənilərlə ingilis dilində danışır və özünü sipər edərək əsgərlərinin yüksəklikdən aşağı enməsinə şərait yaradır. Bu zaman düşmən atəş açır və Səttər əsgərlərinə “ziqzaq qaçın” əmrini verib. Həmin vaxt güllə, minamyot yağış kimi yağmağa başlayır, oğlum bütün bunlara baxmayaraq əsgərlərini aşağı düşürməyi bacarıb, özü isə geri qayıda bilməyib.

Düşməni azdırmaq məqsədilə oğlum əlindəki az sayda silah-sursatla düşmənlə üç gün təkbaşına mübarizə aparıb, döyüşüb. Lakin noyabrın 9-da silah-sursatı tükənir, gülləsi bitir. Xocavəndin adsız yüksəkliyindən çox-çox irəlidə düşmənlə əlbəyaxa döyüşərək şəhadətə ucalır…”

Səttərdən qalan xatirələr saralıb-solmur, əbədiyyən tər-təzə qalır. “Mən anamın bütün nəsihətlərinə əməl etdim: həm əsgərlərimi, həm də Vətənimi canım bahasına qorudum”-deyib şəhid leytenant Səttər Piriyev. Onun bu sözü Anaya böyük təsəllidir. Belə bir fakir var ki, anasını sevən oğul Vətənini də sevir, Vətənə ana münasibəti bəsləyir.

Səttər Piriyev şəhadətə yüksəlsə də, ruhu şaddır, çünki canı bahasına qoruduğu torpaq azaddır. Ana danışır: “Oğlumun ruhu şaddır. Oğlum özü şəhid olsa da torpaqlarımızı azad etməyi və əsgərlərinin həyatını qorumağı bacardı, bircə öz canını qoruya bilmədi.

Səttər 44 günlük Vətən müharibəsinin 44 gününü də şücaətlə döyüşüb.

Onunla həmişə danışanda “özünü qoru, özünü mənə salamat çatdır”-deyirdim. O da mənə “sənin kimi bütün analar övladını mənə əmanət edir. Mən özümü qorusam onları kim qorusun”- deyirdi. Mənim oğlum belə oğul idi...”

Leytenant Piriyev haqqında döyüş yoldaşlarının, əsgərlərinin gözəl xatirələri də var. Bir əsgəri deyir ki, “Piriyev bizi döyüşə aparmırdı, bizi qorumaq üçün hər şey edirdi. Bizi həmişə arxada saxlayır, özünü qabağa verirdi”.

Digər döyüş yoldaşı deyir: “Leytenant Piriyev çox gözəl yoldaş, çox gözəl zabit idi. Çörəyi kəsirdi özü yemirdi, deyirdi gəlin yeyin. 1l litr suyu 10 nəfərə 2 gün qurtum-qurtum içirdib deyirdi suyu içməyin, qənaət edin. Biz onun sayəsində qabağa getdik...”

Anası danışır: “Leytenant oğlumun ən böyük arzusu Şuşaya bayraq sancmaq idi”.

Onun haqqında yazılan yazılardan birində qeyd olunur ki, Piriyev həmin adsız yüksəklikdə addımlayan son şəhidimizdir və onun nəşi həmin yüksəklikdən çox-çox öndə tapılıb.

“Səttərin nəşi tapılanda üzərində aşiqi olduğu üçrəngli bayrağımız və xəritəmiz olub”-deyən ana bildirdi ki, oğlunun qolundakı saat onlara təhvil verilib.

Ölümündən sonra leytenant Piriyev "Vətən uğrunda","İgidliyə görə","Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif olunub.

Vətənin mərd oğlu şəhid leytenat Səttər Piriyev Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərib, canını qurban verib, amma əsgərlərini də, torpağını da qoruyub, ermənilərin adsız yüksəkliyi ( Üçtəpə də deyilir-İ.S) aşıb irəli gəlməməsi üçün sinəsini sipər edib. Belə oğullar yetirib Vətən torpağı, belə oğullar doğub bizim analar!

İradə SARIYEVA
Quba-Bakı

Избранный
24
baki-xeber.com

1Источники