RU

Hakerlər lüks otellərdən turistlərin 40 minə yaxın şəxsi sənədlərini oğurlayıb

İtaliyada lüks otellərin serverlərindən turistlərin şəxsiyyətini təsdiq edən 38 min skan sənəd oğurlanıb və daha sonra darknet-də cəmi 20 min avroya satışa çıxarılıb...

Poliqon xəbər verir ki, Corriere del Veneto-nun məlumatına görə, xüsusən də kibercinayətkarlar Venesiyada 4 ulduzlu Ca' dei Conti və Balear adalarında 5 ulduzlu Hills Boutique Mallorca otellərinə hücum ediblər. Hakerlər həmçinin Milano Marittima, İskiya və Triestdəki otel serverlərini sındırıblar.

"Bu yaxınlarda İtaliyada fəaliyyət göstərən otellərdən oğurlanmış şəxsiyyəti təsdiq edən sənədlərin qeyri-qanuni satışının üstü açılıb. Bu, qonaqların qeydiyyat zamanı təqdim etdikləri sənədlərin yüksək keyfiyyətli skanlarıdır", deyə İtaliyanın Rəqəmsal İnformasiya Agentliyi (AGID) bildirib.

Qeyd olunur ki, bu sənədlər 2025-ci ilin iyun-iyul ayları arasında bir neçə İtaliya otelinə icazəsiz giriş yolu ilə oğurlanıb. Kibertəhlükəsizlik mütəxəssislərinin izah etdiyi kimi, hakerlər bu məlumatları cinayət təşkilatlarına sata bilər.

"Onlar real məlumatlar əsasında saxta sənədlər yarada, saxta bank hesabları və ya kredit xətləri aça, qurbanlara və ya onların şəxsi və peşəkar dairələrinə hücum etmək üçün sosial mühəndislik hərəkətləri həyata keçirə və ya iştirakçılar üçün hüquqi və ya maliyyə nəticələri olan rəqəmsal fərdi məlumatları oğurlaya bilərlər", deyə agentliyin açıqlamasında bildirilir.

Bu hücumların arxasında eyni şəxsin olduğu güman edilir.

"Bu, çox qəribə hadisədir. Otelçilər qonaqların sənədləri ilə faylları arxivləşdirə bilməzlər, bu, qanuna ziddir", deyə Venesiya Otelçilər Assosiasiyasının (AVA) direktor müavini Daniele Minotto izah edib.

Poliqon.info

Избранный
103
poliqon.info

1Источники