RU

Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artdı

BAKI, 14 avqust. TELEQRAF

Bu ilin I yarısında Masallı Sənaye Məhəlləsində 1,5 milyon manatlıq məhsul istehsal edilib.

İqtisadi Zonaların İnkişafı Agentliyindən Teleqraf-a verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15% artım deməkdir.

İndiyədək isə ümumilikdə 15,9 milyon manatlıq məhsul istehsalı həyata keçirilib.

Qeyd edək ki, Masallı Sənaye Məhəlləsi dövlət başçısının 2016-cı il 13 iyun tarixli sərəncamı ilə yaradılıb, 2018-ci ilin 18 sentyabr tarixindən fəaliyyətə başlayıb.

Masallı Sənaye Məhəlləsində investisiya həcmi 14,7 milyon manatdan çox olan 9 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, 6 müəssisə artıq fəaliyyətə başlayıb.

Sahibkarlar tərəfindən görülmüş işlərə ümumilikdə 2,12 milyon manat investisiya yatırılıb, 70-dən artıq daimi iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə əlavə olaraq 12,6 milyon manat investisiyanın yatırılması, 300-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Sənaye Məhəlləsi mebel məhsullarının, tikinti materiallarının istehsalı, tütün emalı və s. sahələr üzrə ixtisaslaşıb.

Xatırladaq ki, Masallı Sənaye Məhəlləsində sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün əlverişli investisiya mühiti yaradılıb. Belə ki, rezidentlər dövlət vəsaiti hesabına təchiz edilmiş hazır infrastrukturla, həmçinin mövcud tikinti sahələri ilə təmin edilirlər. Bundan başqa sənaye məhəllələrinin rezidentləri İqtisadiyyat Nazirliyindən təşviq sənədi əldə etməklə 7 il müddətinə bir çox vergi və gömrük güzəştlərindən faydalana bilərlər.

Избранный
31
12
teleqraf.com

10Источники