RU

Azərbaycan güləşçisi: "Ümid edirəm ki, dünya çempionatında tilsimi qıracağam"

Qadın güləşi üzrə U-20 Avropa çempionu olan Azərbaycan güləşçisi Ruzanna Məmmədova (62 kq) dünya çempionatında uğur qazanmaq istəyir.
 
Moderator.az xəbər verir ki, idmançı bunu Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
 
O, qarşıdan gələn mundiala ciddi hazırlaşdığını bildirib:
 
"Dünya çempionatına hazırlıq yaxşı gedir. Artıq təlim-məşq toplantısının ikinci həftəsindəyik. İndi daha yüngül məşq edirik. Çünki yarışa az qalıb. Özümü yaxşı hiss edirəm. Nə qədər hazır olduğumu yarış göstərəcək".
 
Güləşçi son vaxtlarda müəyyən zədələrdən əziyyət çəkib:
 
"Problem həmişə var. Dizlərimdə ağır zədə olur. İnşallah, yarışlardan sonra əməliyyat olunmağı fikirləşirəm. Hələ ki, bu ağrıya dözərək, məşqə davam edirəm".
 
Üç il əvvəl U-17 Avropa və dünya çempionu olan Ruzanna Məmmədova bu il eyni nəticəni U-20-də təkrarlamaq istəyir:
 
"İnşallah ki, alınar. Alınmağını istəyirəm. Bilirsiz ki, son dünya medalım elə 2022-ci ildəki dünya çempionluğum olmuşdu. Ondan sonra nədənsə dünya çempionatlarında nəticə qazana bilməmişəm. Ümid edirəm ki, bu dəfə tilsimi qıracağam. Bunu çox istəyirəm. Bilirsiz ki, dünya çempionatı çox çətin keçir. Asiya və Amerika qitəsindən güclü güləşçilər var. Avropadan isə rus rəqibimi qeyd edə bilərəm. Olduqca çətin yarış kəçəcək. İnşallah, öhdəsindən gələcəyik".
 
Məmmədova mundialda əsas rəqib saydığı güləşçilərin görüşlərini izlədiyini söyləyib:
 
"Hər yarışdan qabaq Dünya Güləş Birliyinin saytını gözdən keçirirəm. Əsas rəqib gördüyüm və ya kimlə qarşı-qarşıya gəlmə ehtimalım varsa, hamısının keçirdiyi görüşlərə bir-bir baxıram".
 
Avropa çempionu ara sıra çəkisinin artdığını vurğulayıb:
 
"Bəzən müəyyən səbəblərə görə çəkim artır. Eyni qalmır. Karyerama 62, 65 və ya 68 kq-da davam edə bilərəm. Bu, gələcəkdə hansı fiziki durumda olmağımdan asılıdır".
Избранный
45
1
moderator.az

10Источники