Bu fikirləri siyasi şərhçi Əhəd Məmmədli Olaylar.az-a açıqlamasında deyib. Siyasi şərhçi bildirib ki, Duqin, Putin komandasına yaxın, mənəvi-siyasi məsələlər üzrə müşavir kimi tanınır. Bəziləri onu Putinin "mənəvi atası" adlandırsa da, mən bununla razı deyiləm. Belə hesab etmək düzgün deyil; Duqin Putinə mənəvi rəhbərlik edə biləcək bir fiqur deyil. O, ən çox aldığı mövqelər üzrə tanınır, amma nəticə etibarilə həmin mövqelər də məhduddur.
Siyasi şərhçi qeyd edib ki, hazırda Duqin açıq tənqidlər edir. "Çar" adlı internet televiziya və YouTube kanalı vasitəsilə Rusiya ilə bağlı mövqeyini ifadə edir. Kanalın adında "Çar" sözünün olması onun monarxist-imperialist düşüncəsini vurğulamaq məqsədini göstərir. Duqin imperialist, Putin kimi şovinist, milliyyətçi və ortodoks pravoslav fundamentalistidir. O, bəlkə də rus şovinistindən daha çox pravoslavçıdır. Duqin tənqid edir, amma bu tənqid hələ də həmin diktator məntiqinə uyğundur.
Ə. Məmmədlinin sözlərinə görə, Vaşinqtonda imzalanan sənəd Rusiya üçün hələlik tam fəlakət demək deyil: "Bəli, müəyyən mənada bunu "Trampın tərif gecəsi" adlandırmaq olar, amma Rusiya hələ də Cənubi Qafqazdan çıxmayıb. Ermənistanda - Gümrüdə hərbi bazası var və sərhəddə rus əsgərləri xidmət edir. Sadəcə, Rusiya mövqelərini itirir və bu, onun üçün xoş mənzərə deyil. 2020-ci ildən bəri, xüsusilə Qarabağ və Suriyada ciddi mövqelərini itirib. Amma hələ də regionda qalır və çalışacaq ki, ya itirdiklərini geri qaytarsın, ya da qalan mövqelərini qoruyub saxlasın".
Siyasi şərhçi bildirib ki, tarix göstərir ki, böyük diktator nə qədər güclü olsa da, itirməyə başladıqda ilk növbədə onun ətrafındakılar ona qarşı çıxmağa başlayır. Belə hallarda diktator özünə uyğun, bəzən ondan da daha aqressiv və eqoist bir çevrə formalaşdırır. Uğursuzluqlar başlandıqda həmin çevrə "Nə oldu bəs?" sualını verməyə başlayır. Bunu ilk dəfə Vaqner hadisəsində gördük. O zaman məsələ hərbi fiqurla bağlı idi və sistemdən çıxarmaq daha asan oldu. Amma indi söhbət filosof kimi tanınan, bəlkə də Putin rejiminin əsas ideoloqlarından biri olan Duqindən gedir. Əgər uğursuzluqlar davam edərsə, daha səlahiyyətli fiqurlar da eyni tərzdə tənqidə başlaya bilərlər.
Sevda Dəniz