RU

Rusiyanın yeddi milyon dollara satdığı Alyaska: Tramp-Putin görüşü niyə burada keçirilir?

5 may 1943-cü ildə ABŞ-nin ovaxtkı prezidenti Franklin Delano Ruzvelt İosif Stalinə yazdığı məktubda Alyaskada görüşüb Hitler Almaniyası ilə mübarizəni və müharibədən sonrakı dünya bölgüsünü müzakirə etməyi təklif edirdi. Ruzvelt yazırdı ki, Afrikada görüşdən söhbət gedə bilməz, çünki almanlarla qaynar qarşıdurmanın istiqamətlərindən biri də "qara qitə"dir. İslandiyadan xoşu gəlmir və əmindir ki, Stalin üçün də buraya uzunmüddətli uçuş rahat olmayacaq. Odur ki, ən rahat yer Berinq keçidinin ya o, ya da bu tayıdır.

Stalin Ruzveltlə Çörçilsiz görüşmək istəmirdi, ona görə də amerikalı həmkarının təklifindən yayınır və nəticədə seçim Tehranın üzərinə düşür, tərəflər hazırkı İranda görüşmək qərarına gəlirlər.

Alyaska ABŞ-Rusiya rəqabəti kontekstində 82 il sonra bir daha aktuallıq kəsb etməyə başlayıb, çünki sabah Donald Trampla Vladimir Putin məhz burada bir araya gəlib sözdə Ukraynanı müzakirə edəcəklər, əslində isə daha çox başıbəlalı dünyanın yenidən bölünməsini danışacaqlar. Belə şeyləri telefonla həll etmək olmur...

Niyə məhz Alyaska?

Düz bir həftədir ki, bütün dünya iki liderin çoxdan gözlənilən görüşündən daha çox, onun harada baş tutacağını müzakirə edir. ABŞ və Rusiya liderləri Ruzveltlə Stalin kimi İranda bir araya gələ bilməzlər, səbəblər məlumdur. Odur ki, niyə məhz Alyaska? Tramp Putini Alyaskaya dəvət etməklə Rusiya liderinə hansı mesajları verir? Öz növbəsində, Putin də bu təklifi qəbul etməklə amerikalı həmkarı qarşısında zəifliyinimi göstərir?

Güman ki, Rusiya prezidentinin hazırkı reallıqda üçüncü dövlətə səfəri müşkül məsələyə çevrilib, ən azı, Roma Statutu var, ona görə. Ortaq ölkə tapmaq vaxt aparacaq, təcili çözüləsi problemlər var, üstəlik, tərəflər danışıqların maksimum konfidensial qalmasını istəyirlər. Alyaska bu niyyət üçün tam uyğundur - digər dövlətin ərazisindən istifadə etmədən başa gəlir. Sibirlə ABŞ-ni, sadəcə, kiçik Berinq keçidi ayırır.

Bu sualları doğuran ən böyük amil ondan ibarətdir ki, Alyaska Rusiya müstəmləkəçiləri tərəfindən zəbt edilib, buradakı yerli əhali qanlı döyüşlərlə tabe etdirilib və bu torpaqlar faktiki olaraq imperiyanın periferiyalarından biri olub. Ancaq sonra, gözlənilmədən çar II Aleksandr zəngin təbii ehtiyatlara və faydalı qazıntılara malik Alyaskanı amerikalılara satmaq qərarına gəlib. Məhz buna görə Trampın Alyaska təklifi müəmmalarla doludur: ABŞ prezidenti rus həmkarını bir vaxtlar Rusiyadan pul müqabilində aldıqları əraziyə dəvət etməklə nə demək istəyir? Görüşün də hərbi bazada keçirilməsi başqa bir sual: yaxşı, bəs bu nə deməkdir? Yəni Tramp Putini öz "qanadları altına" alır?

İndiki ABŞ-nin 20%-ni amerikalılara kim və niyə satıb?

Alyaskanı Sibirlə yalnız Berinq keçidi ayırdığından indi ABŞ-nin ştatlarından biri olan bu böyük ərazini məhz rusların zəbt edib müstəmləkəyə çevirmələri təbiidir. Ruslar Alyaskanı 1732-ci ildə kəşf ediblər. Təqribən yüz il ərzində burada yerli hindu tayfaları ilə qarşıdurma şəraitində əsas etibarilə xəz-dəri ticarəti ilə məşğul olublar. Ancaq bir müddət sonra, xüsusilə Krım müharibəsi fonunda anlamağa başlayıblar ki, bir tək heyvan xəzi ilə böyük xərclər tələb edən uzaq torpağı büdcəyə bağlamaq ağır fəsadlara səbəb olur. Bu səbəbdən, II Aleksandrın ətrafı ona Alyaskanı pul müqabilində ABŞ-yə satmağı məsləhət görür. Təklif çarın xoşuna gəlir və ABŞ-də vətəndaş müharibəsi qurtaran kimi ticarət baş tutur: cəmi 7.2 milyon dollara Alyaska amerikalıların nəzarətinə keçir. Hətta nəzarətə keçmir, təhvil-təslim edilir.

Yeri gəlmişkən, onun məhz amerikalılara satılması da təsadüfi deyil, çünki Alyaskaya Britaniya da göz qoymuşdu, hətta məşhur səyyah Kukun bu torpaqlara ekspedisiyası da gerçəkləşmişdi. Bu hadisələr rusların ingilislərlə münasibətlərinin gərgin dövrünə təsadüf etdiyindən Aleksandrın ətrafı belə qənaətə gəlmişdi ki, özümüz saxlaya bilmiriksə, heç Britaniyaya da qismət olmamalıdır, sataq ABŞ-yə. Britaniyalılar bundan əvvəl hindulara ruslarla qarşıdurmada da yaxından və hərtərəfli dəstək vermişdilər. Rus tacirlərinin yazışmalarında belə qeydlər var ki, hindular odlu silahları, hətta topları onlardan yaxşı idarə edirdilər, özü də hərbi təchizatları ruslarınkından daha müasir idi.

Çox vaxt belə bir yanlış tarixi təsəvvür hökm sürür ki, Alyaskanı amerikalılara II Yekaterina bağışlayıb. Burada, ən azı, vaxt baxımından tarixi uyğunsuzluq var, çünki II Yekaterina ilə Alyaskanı ABŞ-yə satan II Aleksandr arasında I Pavel və I Aleksandr olub. Düzdür, II Yekaterina şəxsi keyfiyyətləri, kapriz və fiziki ehtiyacları baxımından bunu edə bilərdi, ancaq onun marağı daha çox Hind okeanına çıxışa yönəlmişdi deyə, Alyaska yadına belə düşmürdü.

7.2 milyon dollar indinin ekvivalenti ilə təqribən, 150-160 milyon edir. Bu gün bu pula normal futbol stadionu tikmək olar, o vaxt isə Rusiya həmin vəsaiti onu cənubun isti dənizlərinə aparan Kiyev-Kursk, Ryazan-Kozlovsk və Moskva-Ryazan dəmiryollarının çəkilişinə sərf etdi. Belə baxanda, bu sərmayə özünü doğrultdu, çünki Qafqaz və Orta Asiyanın işğalı da bu dövrə təsadüf edir.

"Biri əsirin bədənini kəsib parçalayır, digəri ölünün əl-ayaqlarını doğrayır"

Alyaskanın ovaxtkı aborigenləri əsas etibarilə aleutlardan, eskimoslardan və tlinkitlərdən ibarət olub. İlk iki qəbilə üzüyola idi, ruslar onlarla tez dil tapıb, pravoslavlığı qəbul etdirib, cəsur və qəddar döyüşçüləri olan tlinkitlərə qarşı istifadə etməyə başladılar. Ruslar tez-tez tlinkitlərin torpaqlarına soxulub, orada icazəsiz ov etdiklərindən aralarında döyüşlərin başlanması an söhbəti idi.

Haşiyədən kənara çıxmayaraq qeyd edək ki, tlinkitlər eskimoslarla aleutları sevmirdilər, onlara yuxarıdan-aşağı baxırdılar və ruslara tabe olduqlarına görə satqın hesab edirdilər. Mahir döyüşçü olan tlinkitlərin nizami, hazırlıqlı və həddindən artıq qəddar ordusu var idi. Döyüşçülər yerli möhkəm ağac növlərindən hazırlanmış və suiti dərisi ilə üzlənmiş dəbilqələrdə olurdular və avropalıların atıcı silahı bu cür müdafiə qarşısında aciz idi. Tlinkit döyüşçüləri başlarına müxtəlif heyvanların kəlləsindən hazırlanmış dəhşətli görüntü yaradan xüsusi kaska taxmaqla hücum etdiklərini vahiməyə salırdılar.

Bu qəbilədə hər kəs - uşaq, böyük, ahıl, qadın və ya kişi, - hamı amansız və güzəşt etməyən ruhda tərbiyə olunurdu. Düşmən əzablı üsullarla öldürülürdü, əsirlər tlinkit girovluğundan heç yuxuda da can qurtara bilmirdilər. Yuri Lisyanski "Neva" gəmisində dünya ətrafında səyahət" kitabında yazır: "Onlar əsirləri ilə qəddarcasına davranırlar. Bu amansız və qeyri-insani işdə hər kəs iştirak edir: ahıllardan tutmuş uşaqlaradək. Biri əsirin bədənini kəsib parçalayır, digəri ölünün əl-ayaqlarını doğrayır. Şamanlar əldən düşmüş əsirlərin kəlləsində dərini dairəvi şəkildə kəsir, sonra saçlarından tutub dartırlar. İnsanların başları nizələrə taxılıb nümayiş etdirilir".

Tarixi mənbələrə görə, tlinkitlərin rus əsirləri üzərində ən sevdikləri əzab belə həyata keçirilirmiş: onlara tam soyunub çılpaq qaçmaq əmri verilirmiş, sonra döyüşçülər qaçan rusların cinsiyyət orqanlarını oxla vurmağa çalışırmışlar.

Rusiya hinduların soyqırımını törədibmi?

Ruslar tərəfindən Alyaska 1794-cü ildə səyyah Vitus Berinq tərəfindən kəşf olunub və dərhal da Rusiyanın ərazisi elan edilib. Ancaq imperiyanın mərkəzindən çox uzaq olduğundan buranın ruslarla məskunlaşması barədə danışmaq çətindir. Elə bu səbəbdən də imperiyanın bu torpaqlarla əlaqələri indinin terminologiyası ilə desək, sırf biznes xarakteri daşıyırdı. Bir faktı qeyd etmək olar ki, 1867-ci ildə Rusiya Alyaskanı ABŞ-yə satanda orada, təqribən, 50 min nəfərə yaxın yerli əhali və yalnız 800-900 rus yaşayırdı.

Bununla belə, ruslarla yerlilərin birgəyaşayışının könüllü şəkildə baş vermiş reallıq olduğunu da düşünmək sadəlöhvlük olardı. Bəzi tarixçilər hətta hesab edirlər ki, Rusiyanın burada XVIII yüzilliyin sonlarından etibarən təqribən yarım əsr ərzində yerli qəbilələrə qarşı apardığı qırğın siyasəti əsl soyqırımı olub. Məsələn, 1802-05-ci illərdəki rus-hindu müharibəsində Unalaşka adasında 5 000 yerli amansızcasına qətlə yetirilib. Qriqori Şelixovun ekspedisiyası ərzində 2 500-dək eskimosun qılıncdan keçirildiyinə dair tarixi faktlar var. 1808-09-cu illərdə Attu adasının, demək olar, bütün əhalisi qətlə yetirilib.

Ümumiyyətlə, 1812-ci ilin Fransa-Rusiya müharibəsi fonunda rusların Alyaskadakı fəaliyyətləri bir növ kölgədə qalır, çünki tarix Avropada yazılırdı. Çoxları bilmirlər, ancaq rus-hindu müharibəsi düz 200 il davam etmiş sayılır, çünki rəsmən 2004-cü ildə bitib - Putinin hakimiyyətdə olduğu dövrdə. Məhz bu ildə yerli tlinkitlərin varisləri ilə simvolik barışıq mərasimi keçirilib. 1802-05-ci illərdə baş verən müharibə, təbii ki, daha güclü Rusiyanın qələbəsi ilə başa çatıb. Hərçənd bu müharibədə nizami ordunun iştirakından danışmaq düzgün olmazdı, Rusiya Alyaskanın dərinliyinə irəlilədiyinə görə tacir Aleksey Baranova minnətdar olmalıdır. Məhz onun fərasəti hesabına bu torpaqlarda Rusiyanın bayrağı qaldırılmışdı. Ancaq 1805-ci ildə imzalanmış sülh hindu qəbilə başçıları tərəfindən rəsmən tanınmamışdı deyə müharibə 200 il davam etmiş sayılırdı. Yerli hindulara görə, sülh mütləq müqəddəs hesab edilən ritualların həyata keçirilməsi halında gerçək sayıla bilərdi.

2023-cü ildə Rusiya Ukraynaya soxulandan sonra ABŞ KİV-də Alyaskada iki əsr əvvəl baş vermiş hadisələr yenidən aktuallaşmağa başlayıb və rusların burada yerli qəbilələri soyqırımına məruz qoyduğuna dair müxtəlif fakt və mülahizələr yer alıb. Məsələn, məşhur "Politiko" nəşri Rusiyanı "vəhşi müstəmləkəçi" adlandıran məqalənin başlığına belə bir iddia da çıxarıb: "Rusiyanın Alyaskada yerli əhalini qətlə yetirməsi bizə Ukraynada nələrin baş verdiyini anladır". Müəllif Keysi Mişel yazır ki, əgər kimsə Ukraynadakı problemin mahiyyətini dərk etmək istəyirsə, bir vaxtlar indiki ABŞ-nin 20 faiz torpaqlarına nəzarət edən Rusiyanın Alyaskada törətdiklərinə nəzər salmalıdır.

Sabahkı görüş ərəfəsində, təbii ki, belə məzmunlu yazıları görmək bir qədər çətindir, çünki buna nə vaxt var, nə də Trampın xoşuna gəlir. Hətta Britaniyanın Baş naziri Kir Starmer alman və fransız həmkarlarına Alyaska görüşü barədə heç nə danışmamağı tövsiyə edirsə, deməli, tarixə ekskurs etməyin vaxtı və yeri deyil. Amerikalıların cəmi yeddi milyon dollara ruslardan aldıqları Alyaskada iki əsr sonra hansı ticarətin baş verəcəyini də yalnız iki nəfər proqnozlaşdıra bilər: Tramp və Putin. 1867-ci ildən fərqli tək zaman və reallıq deyil, həm də geosiyasi ticarəti aparan şəxslərdir: o vaxt rusları tacirlər təmsil edirdilər, indi isə ABŞ-ni biznesin gücünü dünyadakı bütün həmkarlarından yaxşı başa düşən prezident./oxu.az

Избранный
5
1
turkustan.az

2Источники