Gənclər və idman naziri Fərid Qayıbov tələbəlik illərindən sonra ilk işinin Balaxanı neft mədənlərində olduğunu bildirib. O, bu haqda ASAN TV-nin “Qeyri-rəsmi” proqramında tanınmış jurnalist Emin Musaviyə danışıb.
İxtisasca iqtisadçı olmasına baxmayaraq, Fərid Qayıbov Balaxanıda ilk dəfə fəhlə kimi çalışmağa başlayıb.
“Mənə dedilər ki, işi başa düşmək üçün lap aşağı vəzifədən başlamalıyam”, - deyən nazir F.Qayıbov 2001-ci ildə altı ay fəhlə kimi çalışdıqdan sonra digər vəzifəyə irəli çəkilib.
Ümumilikdə isə onun iş həyatının üç ili Sabunçuda Balaxanı neftçiləri ilə birgə keçib.
Qeyd edək ki, Abşeron yarımadasının ən iri və nadir neft-qaz yatağı “Balaxanı-Sabunçu-Ramana”da hasilat işləri aparan “Balakhani Operating Company LTD”nin hazırkı işçi heyətinin təxminən 15 faizi gənclərdir.