RU

ABŞ dollarına qarşı Çin "qızıl gedişlərinə" başladı...


Çin şirkətləri Qlobal Cənubda qiymətli metal axtarışına son vaxtlarda xüsusi diqqət etməyə başlayıblar. İndoneziya, Qana, Mali və digər inkişaf etməkdə olan ölkələrdə axtarışlar sürətlənir. Bunlar o fonda baş verir ki, Vaşinqtondan Çinin dollar ehtiyatlarını devalvasiya ilə təhdid edən sanksiyalar da daxil olmaqla digər hədələyici təhdidlər gəlir.

Məhz belə bir bir şəraitdə Çin xaricdəki qızıl kəşfiyyatçılarını maliyyələşdirməyə başlayıb. Bunun sayəsində Çin qızıl ehtiyatlarına görə Rusiyadan dərhal sonra dünyada yeddinci yerə yüksəlib.

“The Washington Post” qəzeti yazır ki, Çin dolların hegemonluğuna qarşı fəaliyyətini genişləndirir: “İndoneziyanın Bali yaxınlığındakı Lantunq adasında təpənin üstü ekskavatorlar tərəfindən çılpaqlaşdırılır. Yaxınlıqda basketbol meydançası boyda xəndəklərə kimyəvi maddələrdən ibarət südlü maye yığılır. Çin firmalarının bu işi qızılı imdiyə kimi əl ilə çıxaran yerli mədənçilərin nəzərləri altında edir və onlara qiymətli metalı necə çıxardığını göstərir. İndoneziyalı araşdırmaçılar deyirlər ki, bütün bunlar həm kapital, həm də hökumət əlaqələri olan Çin mədən sindikatlarının işidir. Sindikatlar öz geoloji xəritələrini, ekskavatorlarını və yuyulma avadanlıqlarını gətirirlər. Yerli qızıl alverçisi Geru Xairuddin deyir: “Biz onların əşyaları hara aparacaqlarını bilmirik. Bizim bildiyimiz odur ki, onlar burada qalmayacaq”. Nəşr qeyd edir ki, Çin ABŞ-ın potensial sanksiyalarından qorunmaq və beynəlxalq valyuta sisteminə təsir etmək üçün strateji addım atıb. Sürətlə qızıl hasil edir. Bu səy Qlobal Cənubda mədənçilik fəaliyyətinin artmasına səbəb olub. Qazma işləri Asiya, Afrika və Latın Amerikasında aparılır, lakin xüsusilə İndoneziyada geniş yayılıb. Çin şirkətlərinin əməkdaşları qəzetin suallarını cavablandırmayıblar. Bununla belə, Çində bu işlə məşğul olan firmalar istehsalın miqyasının artdığını təsdiqləyiblər. Təsadüfi deyil ki, bu firmalar Çində sosial şəbəkələrdə İndoneziyada böyük qızıl ehtiyatlarına çıxışın “tez və asan” olduğunu söyləyən reklamlar yerləşdiriblər. May ayında Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC) xəbərdarlıq etdi ki, mütəşəkkil cinayətkarlıq qızıl tədarük zəncirlərinə o dərəcədə nüfuz edib ki, bu qlobal təhlükədir. Və bu qruplar Çinli qızıl mədənçiləri ilə əlaqə yaratmağa çalışırlar. Böyük qızıl ehtiyatlarına malik bəzi ölkələr Çini kasıb ölkələri soymaqda ittiham edir. Pekin ittihamı rədd edir. Çinin Qanadakı səfiri bildirib ki, Çini qeyri-qanuni qızıl hasilatı ilə əlaqələndirmək kobud ədalətsizlikdir. Bu fonda Tramp administrasiyası hələ mart ayında ilk dəfə bir sərəncamla qızılı ölkə üçün həyati əhəmiyyət kəsb edən mineral adlandırıb. O, ABŞ-ın xarici təchizatçılardan asılılığını azaltmalı olduğunu söyləyib. Bir neçə gün sonra Respublikaçı Konqresmen Kris Smit Çinin qeyri-qanuni qızıl ticarətindən ən böyük faydalanan ölkəyə çevrildiyini söyləyib. Afrikada Çin şirkətləri Nigeriya, Mali, Konqo Demokratik Respublikası və Qanada qızıl hasil edir. Qismən Fransa hökuməti tərəfindən maliyyələşdirilən Strateji Araşdırmalar Fondu isə bildirir: “Çinli investorlar Latın Amerikasındakı Fransanın xaricdəki departamenti olan Fransız Qvineyasında eyri-qanuni qızıl bazarında əsas oyunçuya çevriliblər. Bu, Çin hökuməti tərəfindən təşviq edilən resursların ələ keçirilməsinin qlobal kontekstinin bir hissəsidir”. Çinli ekspertlər qızıl ehtiyatlarının artırılmasının ölkənin milli təhlükəsizliyinin təmin edilməsi üçün son dərəcə vacib olduğunu inkar etmirlər.

Ümumdünya Qızıl Şurasının məlumatına görə, Çin son on ildə ən çox qızıl alıcılarından biri olub. Bəs Qərb mediasının Çinin qızıl ovu ilə bağlı kampaniyası Pekini iblisləşdirmək və ona aqressiv dizaynlar aid etmək cəhdi deyilmi? Bunu Dünya Qızıl Şurasının məlumatları da göstərir. Məsələ burasındadır ki, qızıl ehtiyatı baxımından ABŞ dünyada birincidir. Bu ölkənin 8133 ton qızılı var. Almaniya 3351 tonla ikincidir. Beynəlxalq Valyuta Fondu üçüncüdür. Sonra İtaliya, Fransa, Rusiya gəlir. Sonra isə 2294 ton ehtiyatla Çin gəlir.amma proses göstərir ki, Çin qızıl ehtiyatını artırmaqda davam edəcək. Bu, ölkəyə həm də ABŞ dollarından asılılığı azaltmaq üçün lazımdır. Rəsmi məlumata görə, Çinin özündə qızıl yataqlarının ümumi ehtiyatları 15-20 min tondur. Ölkədə qızıl hasilatının artması zərgərlik məmulatı istehsalında bu qiymətli metala yüksək tələbat olması ilə stimullaşdırılır. Indi isə qızılın qiyməti tarixi zirvələrə yaxınlaşdıqca, Çindən olan investorlar aktiv şəkildə qızıl alırlar. Ekspertlər bu tendensiyanın Çinin ABŞ-dən iqtisadi asılılığını azaltmaq planının elementi olduğunu vurğulayırlar. Belə ki, qızılın qiyməti son həftələrdə nəzərəçarpacaq dərəcədə yüksəliş göstərir. Bu yüksəlişin arxasında həm qlobal gərginliyin artirdığı tələb, həm də Çinin həyata keçirdiyi alışlar dayanır. Bu baxımdan mütəxəssislər qızılın yenidən “təhlükəsiz liman”a çevrildiyini bildirirlər. Qızıl bazarını yaxından təqib edən “BullionVault” platformasının direktoru Edrian Eş çinli investorlarının son yüksəlişdə xüsusilə həlledici olduğunu, Şanxay Qızıl Birjasındakı əməliyyat həcmlərində əhəmiyyətli artımların olduğunu bildirib. Ümumdünya Qızıl Şurasının baş bazar strateqi Cozef Kavatoni Çinin son 15 ildə həm fərdi investorlar, həm də dövlət qurumları vasitəsilə müntəzəm olaraq qızıl aldığını, lakin ticarət gərginliyi və geosiyasi qeyri-müəyyənliklərin xüsusilə Tramp dövründən bu yana bu prosesi sürətləndirdiyini vurğulayıb. O qeyd edir ki, Çinin ABŞ-dən qaynaqlanan iqtisadi riskləri azaltmaq və öz maliyyə suverenliyini möhkəmləndirmək məqsədi bu dövrdə açıq şəkildə hiss olunur.

Ramil QULİYEV

Избранный
16
baki-xeber.com

1Источники