RU

Rusiyanın taleyi Alyaskada həll olunur - ya çökdürüləcək, ya da...


ABŞ prezidenti Donald Tramp bildirib ki, rusiyalı həmkarı Putinlə görüşü normal keçərsə, dərhal Ukrayna lideri Volodimir Zelenskinin də iştirakı ilə üçtərəfli sammit keçirmək istərdi. Ancaq xəbərdarlıq edib ki, istədiyi cavabları ala bilməsə, ikinci görüş olmayacaq:

“Birinci görüşdən daha məhsuldar olacaq ikinci görüşümüzü keçirmək şansımız çox yüksəkdir. Lazımi cavabları almadığım üçün məqsədəuyğun olmadığını hiss etsəm, ikinci görüş baş tutmaya bilər”.

Rusiya və ABŞ prezidentləri arasında avqustun 15-nə planlaşdırılan danışıqlar Alyaskanın ən böyük şəhəri Ankoricdə baş tutacaq. Rusiyalı həmkarı ilə görüş ərəfəsində Donald Tramp Rusiyanı Ukraynaya qarşı müharibəni dayandırmasa, çox ağır nəticələrlə üzləşəcəyi barədə xəbərdar edib. Tramp Moskvanın Ukraynada 3 il yarımdan artıqdır davam edən müharibəyə son qoymayacağı təqdirdə hansı nəticələrlə üzləşə biləcəyi barədə heç bir təfərrüat verməyib. Avropa liderləri və Ukrayna prezidenti isə Trampla videokonfransdan əvvəl açıqlamalarında Vaşinqtonu Avropanın və Ukraynanın fundamental təhlükəsizlik maraqlarını qorumağa çağırıb. Tramp deyib ki, məqsəd müharibəni bitirməkdir. Onun açıqlamasından əvvəl isə Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen ABŞ prezidenti və Avropa liderləri ilə keçirdiyi müzakirəni çox yaxşı adlandırıb, Almaniya kansleri Fridrix Merts isə videokonfransı konstruktiv kimi xarakterizə edib. Tramp da videokonfransın çox yaxşı keçdiyini deyib. Zelenski videokonfransdan sonra Berlində kansler Mertslə birgə keçirdiyi mətbuat konfransında bildirib: “Ümid edirik ki, Tramp-Putin görüşündə əsas mövzu atəşkəs olacaq. Dərhal atəşkəs”. Tramp və Putin arasındakı danışıqlar İkinci Dünya müharibəsindən bəri Avropadakı ən böyük münaqişəyə son qoymağa həll tapmağa yönəlib. Tramp bildirib ki, şiddətli döyüşlərə son qoymaq üçün hər iki tərəf ərazi mübadiləsinə getməli olacaq. Vaşinqton müharibəyə son qoymaq üçün Kiyev və Moskvanı böyük güzəştlərə hazırlayır kimi görünür. ABŞ-nin vitse-prezidenti Ceyms Vens xəbərdarlıq edib ki, istənilən sülh razılaşması, çox güman ki, hər iki tərəfi narazı qoyacaq. Fransa prezidenti Emmanuel Makron bildirib ki, Tramp Avropa liderləri ilə onlayn müzakirədə atəşkəsə nail olmaqla bağlı çox aydın mövqeyini ifadə edib. Makronun sözlərinə görə, Tramp açıq şəkildə bəyan edib ki, Ukrayna ilə bağlı ərazi məsələləri yalnız Ukrayna prezidenti tərəfindən danışıla bilər. Makron qeyd edib ki, Tramp həmçinin Zelenskinin də iştirak edəcəyi gələcək üçtərəfli görüş keçirməyə çalışacaq: “Hazırda masada ciddi ərazi mübadiləsi sxemləri yoxdur. Məncə, bu, çox mühüm məqamdır. Ümid edirik ki, görüş bütün tərəflər üçün məqbul olan, Avropada yerləşən neytral bir ölkədə keçirilə bilər”. Onu da qeyd edək ki, Avropa liderləri avqustun 13-də bəyanat yayaraq Ukraynada qətllərin dayandırılması, Rusiyanın təcavüzkar müharibəsinə son qoyulması və ədalətli, davamlı sülhün əldə olunması istiqamətində Trampın səylərini alqışladıqlarını bildiriblər. Amma onlar bir daha vurğulayıblar ki, Ukraynada sülhə gedən yolu Ukraynasız həll etmək olmaz. Əgər Trampın Ukraynanın prosesə cəlb olunmasında israrı təsdiqlənərsə, bu, həm Avropanın, həm də Kiyevin qorxularını azaltmağa kömək edəcək. Bu qorxu isə iki supergücün liderlərinin Avropa və Ukraynanın təhlükəsizlik maraqlarını qurban verən və Ukrayna ərazilərinin Moskvaya verilməsini təklif edən bir razılığa gəlmək ehtimalı ilə bağlıdır.

Rusiya indilikdə Zelenski ilə görüş ideyasına soyuq yanaşır və bunun yalnız tərəflər atəşkəs sazişi deyil, sülh sazişi imzalamağa yaxın olanda mümkünlüyünü bildirir. Həmçinin ərazi və təhlükəsizlik də daxil olmaqla bir sıra əsas məsələlər üzrə Rusiya və Ukraynanın mövqeləri arasındakı ciddi fikir ayrılığı davam etdiyindən bu görüş hələ uzaqda görünür. Danışıqlar həlledici bir məqamda baş tutur. Belə ki, Tramp getdikcə Putindən daha çox narazı qalır, Rusiya prezidenti isə Kremlin maksimalist tələblərindən geri çəkilməklə bağlı heç bir siqnal vermir. Tramp və Putin indiyə qədər altı dəfə telefonla danışıb və Ağ Evin xüsusi nümayəndəsi isə ən azı üç dəfə Moskvaya səfər edib. Putinlə şəxsən görüş qərarı Trampın Rusiya lideri ilə münasibətlərinin davamlı sülh razılaşması əldə edəcəyinə olan inamını əks etdirir. Böyük Britaniya baş nazirinin ofisi baş nazir Kir Starmerin videokonfrasda iştirakından sonra bildirib: “Ukraynaya dəstəyimizin sarsılmazlığı ilə bağlı baş nazir aydın mövqe ortaya qoyub. Beynəlxalq sərhədlər güc yolu ilə dəyişdirilməməlidir və Ukrayna istənilən razılaşmanın bir hissəsi kimi ərazi bütövlüyünü qorumaq üçün möhkəm və etibarlı təhlükəsizlik zəmanətlərinə malik olmalıdır”. Avropa liderləri adından Avropa İttifaqı Şurasının yaydığı bəyanatda isə Ukraynanın güclü və etibarlı təhlükəsizlik təminatlarına malik olması vurğulanıb və qeyd edilib ki, “İstəklilər koalisiyası” fəal rol oynamağa hazırdır. Bunlar fonunda "Axios" portalı məlumat yayıb ki, Donald Tramp Avropa liderləri və Volodimir Zelenskinin iştirakı ilə keçirilən videokonfrans zamanı Ukraynada cəbhə xəttinin dondurulmasını və ərazi mübadiləsinin aparılmasını təklif edib. ABŞ prezidenti bu məsələlərin Rusiya və Ukrayna arasında müzakirə edilməli olduğunu vurğulayıb. Tramp, həmçinin atəşkəsə nail olmaq niyyətini açıqlayıb.

Nahid SALAYEV

Избранный
14
baki-xeber.com

1Источники