Ramil Hüseynov: “Bu o deməkdir ki, hansı dövlət Zəngəzur dəhlizinin əleyhinə olsa, qarşısında ABŞ-ı görəcək”
Dövlət Departamentinin sözçüsü Temmi Brüs Zəngəzur dəhlizinə - "Tramp marşrutu"na qarşı çıxanlara xəbərdarlıq edib.
“Mən müəyyən hərəkətlərlə bağlı nə edə biləcəyimiz, yaxud edə bilməyəcəyimiz barədə ehtimallar irəli sürməyəcəyəm. Bütün dünya bilir ki, prezident Trampı ciddi qəbul etmək lazımdır. Bu saziş onun üçün vacibdir”, – o deyib.
Sözçü bunu İran və ya Rusiya Zəngəzur dəhlizinə (Tramp yolu) mane olmağa çalışsalar, Vaşinqtonun hansı addımları atacağı ilə bağlı sualı cavablandırarkən deyib.
O bəyan edib ki, Azərbaycan və Ermənistan ABŞ ilə iqtisadi sazişlər imzalayıb ki, bu da ABŞ biznesi üçün yeni imkanlar açır.
T.Brüs onu da əlavə edib ki, Avropa İttifaqı, Fransa, Rusiya və Bayden administrasiyası Ermənistan və Azərbaycan arasında sülhə cəhd etsələr də, buna yalnız Tramp nail olub.
Onu da qeyd edək ki, İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Tehranın Zəngəzur dəhlizinin açılmasına qarşı çıxacağını bəyan edib.
“Ermənistan daxilində müəyyən təxribatların, diversiyaların törədilməsinə çalışacaq”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynovun fikrincə, ABŞ rəsmisinin məlum açıqlaması İran və Rusiyaya ünvanlanıb: “Bu o deməkdir ki, hansı dövlət Zəngəzur dəhlizinin əleyhinə olsa, qarşısında ABŞ-ı görəcək. Çünki burada həm də Birləşmiş Ştatların imicindən söhbət gedir. İran və ya Rusiya Zəngəzur dəhlizinin (Tramp yolu) həyata keçməsini əngəlləsə, bu, həm də ABŞ-ın imicinə zərbə olacaq. ABŞ-ın imicinə vurulan zərbə prezident Donald Trampın nüfuzuna, reytinqinə vurulan zərbə deməkdir. Bəli, İran bunun əleyhinədir və burada yeni bir şey yoxdur. Ancaq hesab etmirəm ki, Tehran bu layihəni əngəlləyə bilsin. Onların belə bir imkanı yoxdur. İran açıq şəkildə bunu əngəlləməyə cəhd etsə, bu onlara baha başa gələcək. İranın nə iqtisadi, nə hərbi imkanları ABŞ-ın növbəti zərbələrini dəf etmək imkanındadır. 12 günlük İsrail-İran müharibəsi bir daha bunu sübut etdi. Bəli, Rusiya da bunun əleyhinədir. Çünki Rusiya 10 noyabr 2020-ci ildə əldə edilən üçtərəfli razılaşmadan çıxış edərək dəhlizə özü nəzarət etmək istəyir. Ancaq istər Ermənistan, istər Qərb, o cümlədən, Azərbaycan bunun tərəfdarı deyil. Çünki Rusiyaya etibar yoxdur. Ona görə ki, Rusiyanın nə zaman nə edəcəyi bəlli deyil. Rusiya dəhlizin ABŞ şirkətinə icarəyə verilməsinə mane olmaq üçün Ermənistan daxilində müəyyən təxribatların, diversiyaların törədilməsinə çalışacaq. Əlbəttə ki, Rusiya bunu kəşfiyyat qurumları vasitəsilə gizli şəkildə törətməyə çalışacaq. Rusiya istəməz ki, buna görə açıq şəkildə ABŞ-la konfrontasiyaya getsin. Çünki Ukrayna ilə müharibənin gedişi Rusiyaya baha başa gəlir. Belə bir şəraitdə növbəti qarşıdurma Moskvaya sərf etmir. Ən başlıcası isə, Rusiyanın Ermənistanda əvvəlki güclü sosial dayaqları yoxdur”.
Vidadi ORDAHALLI