RU

Məhərrəm Zülfüqarlı - 70 - MÜSAHİBƏ +FOTO


“Mən o taylı-bu taylı Azərbaycanı özündə birləşdirən, bütöv azərbaycanlıyam!”

“...Ən böyük mükafat tələbələrimin mənə səmimi münasibəti və verdiyi yüksək dəyər olub”

Tanınmış ictimai-siyasi xadim, tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlının 70 yaşı tamam olur. Zəngin, mənalı, keşməkeşli və mübarizə dolu ömür yolu keçən professor Məhərrəm Zülfüqarlının təqdimata ehtiyacı olmasa da, onun ömür səhifələrinin ictimaiyyət üçün maraqlı olduğunun fərqindəyik.

- Məhərrəm müəllim, keçdiyiniz ömür yoluna 70-in zirvəsindən baxanda nələr yada düşür? Bildiyimiz qədər, memuarlarınızı yazmısınız və kitaba "Mübarizəmin salnaməsi" adı vermisiniz...

- Hər bir insan müəyyən yaşa çatdıqdan sonra dönüb arxaya baxmalı, yaşadığı illərin acılı-şirinli hadisələrini yada salmağı bacarmalıdır. Kitabın ("Mübarizəmin salnaməsi") əvvəlində 1974-cü ilin dekabrında və 1975-ci ilin oktyabrında, tələbə olarkən auditoriyada yazıb indiyə qədər qoruduğum iki əlyazma verilib. O fikirləri yazanda mənim 19-20 yaşım vardı. Mən bu prinsiplərə sadiq qaldığıma görə, heç zaman ruhdan düşməmiş, çətinliklərdən qorxmamış, daim öz gücümə inanmış və gərgin mübarizədə təkbaşına xeyrin şər üzərində qələbəsinin mümkünlüyünü sübut etmiş, insanlara yaxşılıq etməyə çalışmışam.

Bəli, 70 yaşım tamam olur. Yaşadığım illər sovet rejimi, çağdaş milli azadlıq hərəkatı, dövlət müstəqilliyinin bərpası və möhkəmləndirilməsi, demokratik azadlıqlar uğrunda mübarizə dövrünə düşdüyündən,illərin necə gəlib-keçdiyini, demək olar ki, hiss etməmişəm.

- Siz dünən də, bu gün də sözünüzü deyən ziyalı, alim kimi həmkarlarınızın çoxundan fərqlənmisiniz…Bəzən buna görə çox şeylərdən məhrum da olmusunuz…Bəs mənəvi olaraq bu illər ərzində nəyi özünüzün ən böyük mükafatınız sayırsınız?

- Bir gün mərhum tarixçi, professor Eldar İsmayılov zarafatla mənə dedi ki, səninlə mənim sözümüzü yuxarıda deyən yoxdur, ona görə də bizə nə vəzifə, nə də mükafat verirlər.

“Xalq rəssamı”, “Xalq artisti”, “Əməkdar artist”, “Əməkdar rəssam”, “Əməkdar müəllim”, “Əməkdar elm xadimi” fəxri adlarını sovet dövrünün qalığı, dövlətə deyil, hakimiyyətə xidmətə görə verildiyi, bir çoxlarının bu adları hansı yollarla aldığı ictimaiyyətə məlumdur. Sabiq mədəniyyət naziri də bu yaxınlarda öz müsahibəsində qeyd edib: “Vaxt gələcək, bu adlar ləğv ediləcək. Onlar sovet dövrünün qalığıdır”. Amma çox təəssüf ki, bu şəxslər yalnız vəzifədən çıxarıldıqdan sonra bu cür obyektiv fikirlər söyləməyə başlayırlar.

48 illik müəllimlik dövrümdə mənim üçün ən böyük mükafat tələbələrimin mənə səmimi münasibəti və verdiyi yüksək dəyər olub.

- Siz Göyçayda doğulmusunuz, amma niyəsə sənəddə doğum yeri olaraq Ucar göstərlib. Görəsən səbəb nə olub?

- 19 avqust 1955-ci ildə anadan olmuşam. Bəli, rəsmi sənəddə Ucar şəhərində anadan olmağım qeyd olunsa da, əslində, Göyçay şəhər xəstəxanasında dünyaya gəlmişəm. Anadan olduğum dövrdə Ucar və digər ətraf rayonlarda xəstələrin vəziyyəti ağır olanda, onları əvvəllər qəza mərkəzi olmuş Göyçaya aparırdılar.

Sovet dövründə, digər sahələrdə olduğu kimi,yeni doğulan uşaqların qeydə alınması ilə də bağlı ciddi nöqsanlar var idi. Məsələn, mən təyinatla işlədiyim kənddə dərs dediyim 30 nəfərlik sinif şagirdinin eyni ildə və eyni gündə anadan olması haqqında kənd sovetinin rəsmi sənəd verməsinin şahidi olmuşam.

Bu cür saxtakarlığa qarşı daim mübarizə apardığım üçün yazdığım memuarda anadan olduğum yerin düzgün qeyd olunmasını lazım bildim. Dünyaya gözümü Göyçayda açdığımdan bu şəhəri özüm üçün vətənin başlanğıc nöqtəsi saymışam.

- Şəcərəniz haqda nələri qeyd edə bilərsiniz?

- Ata babam Zülfüqar Məmmədqulu oğlu və nənəm Nübar Sadıxova Cənubi Azərbaycanın Qaradağ vilayətinin mərkəzi Əhər şəhərindən 10 km aralıda yerləşən Sumbulan kəndindən Göyçay qəzasının Ucar stansiyasına təxminən 1918-1920-ci illərdə köçüblər. Babam bacarıqlı, işgüzar bir insan olduğu üçün burada dəmir yolu stansiyasının yaxınlığında çayxana, yeməkxana açaraq ailəsini dolandırmaqla yanaşı, bir neçə nəfərə də çörək qazanmaq imkanı yaradıb.

- Heç getmisizmi baba yurduna?

- 2014-cü ildə Ərdəbildə Şah İsmayılın yaradıcılığına həsr olunmuş elmi konfransda iştirak etdikdən sonra, həyat yoldaşımla birlikdə mənim üçün doğma və əziz olan Təbrizə, sonra isə Əhərə, Sumbulan kəndinə gedib, o torpaqları ziyarət etdim.

Ana babam Mirzəqulam Salamov Bakının Buzovna kəndində böyük malikanələri, dükanları, torpaq sahələri olan varlı, sayılıb-seçilən şəxslərdən olub. 1937-ci ildə repressiyaya məruz qalaraq həbs edilib, əmlakı müsadirə olunaraq Qazaxıstana göndərilib. Əvvəllər məktublar gəlsə də, sonrakı taleyi barədə heç bir məlumat yoxdur.

Ana nənəm Sona xanım özü də varlı bir ailənin, Sabunçunun varlı neftxudalarından birinin qızıdır. Ailə quraraq Buzovnaya gəlin köçüb. Babamın həbsindən sonra həyəti və malikanələri müsadirə edilmiş, yerində Bakının Voladarski adına tikiş fabrikinin “Çiçək” pioner düşərgəsi salınmışdı. Sovet rejimi ləğv olunduqdan sonra həmin həyətdə bir müddət məcburi köçkünlər yaşadı. Varislərinin iddia qaldırmasına baxmayaraq, hazırda baxımsız, istifadəsiz qalan mülk onlara qaytarılmır.

Ata tərəfimin Cənubi Azərbaycandan, ana tərəfimin Şimali Azərbaycandan olması tələbələrimə dediyim fikri təsdiqləyir; mən, doğrudan da, özümdə doğma vətənimiz Azərbaycanı birləşdirir, bütövləşdirirəm

Atam Paşa Zülfüqar oğlu Məmmədov 1921-ci ildə Ucar şəhərində anadan olub. İkinci Dünya müharibəsində qardaşı Novruz Məmmədovla birlikdə iştirak edib, bir neçə dəfə yaralanıb.

1941-ci ilin dekabrında səfərbərliyə çağırılmış, birbaşa qızğın döyüşlərin getdiyi cəbhəyə göndərilmiş və qələbəyə qədər döyüşlərdə iştirak etmişdir. 1942-ci ilin noyabrından 1943-cü ilin aprelinə kimi Bakının Buzovna qəsəbəsində müalicə olunmuşdur. Müalicə aldığı müddətdə ailəsinin təkidi ilə evlənmiş və yenidən döyüşən orduya qayıtmışdır. 1944-cü ilin fevralında cəbhədə döyüşərkən ilk övladı dünyaya gəlmişdir.

Odun-alovun içindən sağ-salamat qayıtsa da, 1958-ci il mayında Göyçay-Ucar yolunda baş verən avtomobil qəzası nəticəsində 6 uşaq atası olan atam 37 yaşında vəfat etdi. Anam, Bağırova Xanımana Mirzəqulam qızı 1927-ci ildə Bakının Buzovna kəndində böyük malikanələri, dükanları, torpaq sahələri olan Mirzəqulam Salamovun varlı, imkanlı ailəsində dünyaya göz açıb.

…Ailə quraraq, həyatını Ucar rayonunda davam etdirdi. 6 uşaq böyüdüb tərbiyə etdiyinə görə, sonradan SSRİ Ali Sovetinin qərarı ilə ona “Analıq medalı” verildi. Anam çox savadlı və dünyagörüşlü bir qadın olduğundan, çoxlu şeirlər və hekayələr yazmışdı. O zaman bütün qonşular ərizə yazmaq üçün ona müraciət edirdilər.

- Ananız 6 uşağı necə böyütdü?

- İlk vaxtlar ailəni dolandırmaq üçün evdə paltar tikirdi. Lakin sonradan bununla uşaqlarını bir yana çıxara bilməyəcəyini anlayıb, çox böyük çətinliklə, dəfələrlə dövlət qurumlarına müharibə veteranının həyat yoldaşı kimi yazılı müraciətlər etdikdən sonra “Azərittifaq”ın tabeliyində, evimizin yanında kiçik bir ərzaq dükanı aça bilib. Bundan sonra ailəmizin dolanışığı yaxşılaşmağa başladı.

- Uşaqlıq xatirələri də maraqlıdır…Nələr qalıb yadınızda?

- Anam mənim gələcək inkişafım üçün əlindən gələni əsirgəmirdi. O, kiçik yaşlarımdan müəllim tutaraq qarmon öyrənməyimə nail oldu. Mən artıq 5 yaşımda Ucar şəhər mədəniyyət evində təşkil olunan tədbirlərdə iki nəfərin köməyi ilə səhnəyə çıxaraq “Kukla” mahnısını ifa edirdim. İki nəfərdən biri məni qaldırıb stula qoyur, o biri qarmonu gətirib mənə verirdi. İfa edib qurtardıqdan sonra yenə həmin iki nəfərin köməyi ilə səhnəni tərk edirdim. Kiçik bacım Ziyarətlə hər gün evimizin balkonundakı sürahinin üstünə çıxıb bərkdən şeirlər deməyimiz xoş xatirə kimi yadımdadır…

Orta məktəbdə oxuduğum illərdə şagird dostlarımla birlikdə futbola böyük marağımız var idi. Komandamıza xüsusi forma hazırlayır, kustar üsulla nömrələr yazırdıq. Mən sinif nümayəndəsi olmaqla yanaşı, həm də futbol komandasının kapitanı idim. O zaman ən çox ehtiyat etdiyimiz məsələ futbol yarışı günü yağışın yağması idi. Məktəbin stadionu palçıq olur, futbol oynamaq mümkün olmurdu.

Bir dəfə 4-cü sinifdə oxuyarkən yarış keçirməli idik. Yuxudan oyanıb gördüm hava tutulub. Qanım qaraldı və narahat olub bədahətən bu misraları yazdım:

Yağma, yağış, yağma,

Stadionu islatma,

Qoy günəş çıxsın hər yanda,

Şəfəq saçsın stadionda!

Bu mənim həyatda ilk və son şerim oldu.

Orta məktəbdə əla qiymətlərlə oxuduğuma görə 8-ci sinfin yay tətilində Moskvaya, 9-cu sinifdə isə Leninqrada ( hazırkı Sankt-Peterburq) pulsuz “putyovka” ilə mükafatlandırılmışdım.

- Eşitdiyimizə görə, ali məktəbi bitirib təyiantla işləməyə getdiyiniz kənd məktəbində müəllimlər arasında futbol yarışı da təşkil etmisiniz. Bunun cəzası nə oldu?

- Bəli, bir dəfə mənim təşəbbüsümlə gənc müəllimlər toplaşıb, siniflərarası futbol yarışı təşkil etmək qərarına gəldik. Direktor bizə qarşı çıxaraq hər vəchlə mane olmağa çalışdı. Şagirdlərin istəyini nəzərə alaraq, biz heç nəyə əhəmiyyət vermədik və yarışı keçirməyə başladıq. Oyunların birində direktor yarışın keçirildiyi stadiona kanaldan su buraxdırdı. Bütün çətinliklərə baxmayaraq, biz yarışı keçirdik…

Final oyunu qurtarana yaxın bir də gördük stadionun qırağına üstünə qırmızı parça çəkilmiş stollar qoyuldu. Oyun qurtardıqdan sonra direktor əlində kubok gələrək, heç nə olmamış kimi geniş bir çıxış etdi və axırda da soruşdu: “İndi bukuboku kimə verək?”…

- Elmə gəlməyiniz necə oldu?

- Təyinat başa çatdıqdan sonra, həyatımın sonrakı mərhələsində anamın mənə düzgün istiqamət verməsi gələcək taleyimdə mühüm rol oynadı. Bununla əlaqədar öz həyatımdan mənim üçün çox önəmli olan bir məsələni diqqətə çatdırmağı lazım bilirəm.

Bakı mühitindən sonra 3 illik çətin kənd həyatı məndə bəzi yeni fikirlərin formalaşmasına səbəb oldu. Fikirləşdim ki, evin tək oğluyam, təyinat müddətim qurtarandan sonra qayıdıb Ucar şəhərinin mərkəzindəki evimizdə fəaliyyətimi davam etdirim. Kənddəki çətinliklərdən sonra rayon mərkəzindəki evimiz gözümdə çox böyümüşdü və məni tam qane edirdi. Anama bunu deyəndə fikirləşmədən mənə qəti etiraz etdi: “Sənin qədrini burada kim biləcək, balıq dəryada böyüyər, mütləq Bakıya qayıtmalısan!” O zaman könülsüz razılaşsam da, bu fikrin doğruluğu sonra təsdiqləndi… O zaman anam məni düzgün istiqamətləndirməsəydi nə dissertasiya müdafiə edərdim, nə də ali məktəbdə dərs deyərdim, nə də professor olardım. Deməli, digər məsələlərlə yanaşı, universiteti bitirdikdən sonra əldə etdiyim bütün nailiyyətlərə görə də mən yalnız anama borclu olmalıyam.

Elm aləminə gəlməyimə gəlincə, xoş təsadüf nəticəsində, bir günün içində Bakıda, AMEA kimi nüfuzlu bir elm mərkəzində işlə təmin olundum. Bu, anamı çox sevindirdisə də, qohumlarımızın təəccübünə səbəb oldu…

İradə SARIYEVA

Избранный
30
baki-xeber.com

1Источники