...Böyük Britaniyanın Nyukasl Universitetinin arxeologiya fakültəsinin tələbəsi Yara Souza İngiltərənin şimal-qərbində qazıntılar zamanı nadir orta əsrlərə aid qızıl əşya aşkar edib. Ən maraqlısı odur ki, kəşf tələbənin ilk qazıntısına başlamasından cəmi 90 dəqiqə sonra edilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Live Science bildirir.
9-cu əsrə aid nadir artefaktın dini və ya mərasim əhəmiyyəti olduğu güman edilir.
Yara Souzanın dediyinə görə, o, ilk qazıntı zamanı bu qədər tez dəyərli bir şey kəşf etdiyinə inana bilmirdi. 9-cu əsrə aid nadir artefaktın uzunluğu cəmi 4 santimetr olan, forması kiçik qələm kimi olan sirli obyekt olduğu ortaya çıxıb.
O, 2021-ci ildə metal detektoru tərəfindən tapılan oxşar obyektlə demək olar ki, eyni, lakin bir qədər böyükdür. Bu obyekt alimlər tərəfindən eramızın 800-1000-ci illərinə - erkən orta əsrlərə aid top başlı sancaq kimi müəyyən edilib.
Maraqlıdır ki, hər iki qızıl artefakt eyni yerdə - İngiltərənin şimal-şərqindəki Northumberland qraflığında, indi Dere küçəsi kimi tanınan əsas qədim Roma yolunun yaxınlığında tapılıb. Məlum olduğu kimi, bu yol Roma dövründə II əsrdə Şotlandiyanın ən şimal bölgələrinə malların çatdırılması üçün mühüm rol oynamışdır.
O dövrdə qızıl yüksək statusla əlaqələndirilirdi və buna görə də ekspertlər iki oxşar artefaktın bir-biri ilə əlaqəli olduğuna inanırlar.
Güman edilir ki, onlar mərasim və ya dini əhəmiyyətə malik ola bilərdilər və sadəcə aksesuar deyildilər. Qazıntılara rəhbərlik edən Nyukasl Universitetinin Roma arxeologiyası professoru Ceyms Gerrardın dediyinə görə, Dere küçəsinin romalılar getdikdən sonra da mühüm nəqliyyat arteriyası olaraq qaldığı məlumdur. Ona görə də çox güman ki, bu cüt obyekt qəsdən basdırılmış ola bilərdi.
Alimlər Britaniyanın Mobil Əntiqləri proqramı çərçivəsində obyektlərin tədqiqini davam etdirməyi planlaşdırırlar.
Qeyd etmək lazımdır ki, bu layihə metal detektorlarının və arxeoloqların Northumberlandın keçmişi haqqında anlayışımızı genişləndirməkdə necə daha təsirli ola biləcəyinin gözəl nümunəsidir.
Nazlı Almuradova