Stadionları “12-ci oyunçu"suz, yəni azarkeşsiz təsəvvür etmək mümkün deyil.
Azarkeşin yaratdığı coşqu, tribunadakı səs, ab-hava futbolun dinamikasını artırır.
Azərbaycanda bu mənzərəni ən çox “Qarabağ”ın avrokubok oyunlarında görürük.
Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında ən azı əsas mərhələyədək irəliləmiş Azərbaycan təmsilçisinin minlərlə azarkeş ordusu var.
Elə bu həftə Tofiq Bəhramov adına Respublika stadionu "Qarabağ"ın Şimali Makedoniya "Şkendiya"sına qarşı keçirdiyi Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda 25 mindən çox tamaşaçıya ev sahibliyi etdi. İzdiham, coşqu, atmosfer, bir sözlə, hər şey əla idi. Ta ki, hakimin final fitinə qədər.
Gecə saat 1-2 deyildi, yəni, metro da, avtobuslar da işləyirdi. Amma tamaşaçılar tələsik stadionu tərk edirdilər. Oyun başa çatanı bir saat deyildi, tribunalar boşaldı. Amma sən demə boş deyilmiş…
“Təmizlik imandandır” - deyib, atalar. Amma bu yazıda hədəf imanına doğru-düzgün əməl edə bilməyən, yaxud etmək istəməyənlərədir. “Qarabağ”ın “Şkendiya” səddini aşaraq tarixində 4-cü dəfə Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsinə sevinməmək əldə deyildi. Gəl ki, azarkeşlərlərin özləri ilə gətirdikləri su qablarını, selofonları, tum qabıqlarını, boş su qablarını oturduqları yerdə necə gəldi atıb getdiklərini görüb, çaş-baş qalana qədər.
Qısacası, stadionun idman ruhu qalırdı, amma mədəniyyət izi itib-batırdı. Elə bil hər şey belə də olmalı imiş, kimsə gəlib onları yığışdırmağa borclu imiş, ya da zibilləri skamyaların həndəvərindən götürüb neçəsə metr o tərəfdə olan zibil qablarına atmalı imiş.
Teleqraf əməkdaşları olaraq, müşahidə apardıqda hansısa sektorda, sırada və ya səmtdə bir yer tapmadıq ki, zibilsiz olsun. Əlbəttə, hamısına aid deyil, əlində gətirdiyi zibili özü ilə götürüb yolustü atanların haqqına girmək düzgün olmaz. Kaş ki, digərləri onlardan nümunə götürərdilər.
Nümunə demişkən, dünya təcrübəsindən də faktlar sadalamaq olar.
Bəzi ölkələr bu məsələdə çoxdan fərqli yol tutub, həll yolu düşünüb və tətbiq ediblər. Məsələn, Yaponiyada azarkeşlər böyük idman tədbirlərindən sonra könüllü olaraq oturduqları yerləri təmizləyirlər. Bu, artıq milli adət halına gəlib. Almaniya kimi “top-5” futbol ölkəsində də zibil problemi mövcuddur. Amma böyük arenaların hər matçdan sonra təmizlənməsi üçün 100-dək işçi cəlb edilir. Orta hesabla 6-8 saat davam edən bu proses xüsusi təmizlik planı ilə aparılır. İngiltərədə isə bəzi klublar stadion təmizliyi üçün illik 250-300 min funt sterlinq xərcləyirlər.
Azərbaycanda biz bunu "Şahdağ Qusar" azarkeşlərinin timsalında görmüşdük. Onlar ötən mövsüm Quba Olimpiya İdman Kompleksinin stadionunda yerli "Hypers Guba"ya qarşı I Liqa matçından sonra oturduqları sektoru təmizləyərək, getmişdilər.
Tofiq Bəhramov adına Respublika stadionu beynəlxalq oyunlara ev sahibliyi etdikdən sonra təmizlik işləri stadionun öz işçilərinə həvalə olunur.
Stadionun təsərrüfat şöbəsinin müdiri Elman Qurbanov Teleqraf-açıqlamasında bu barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, təmizlik işlərini 15 nəfərlik heyət həyata keçirir: “Avrokubok oyunlarından sonra bütün ərazinin – giriş qapılarından başlayaraq tribunalar və meydança daxilinə qədər təmizlənməsi üçün bütün heyət səfərbər olur”.
Stadionda təmizlik işlərinin təxminən 4-5 gün çəkdiyini deyən stadion rəsmisi zibil probleminə görə bu müddətdə digər işlərə vaxt ayırmağın çətinləşdiyini qeyd edib: “Təmizlik işləri hava şəraitindən asılı olaraq dəyişir. Yağışlı havalarda proses daha uzun çəkir, əlverişli havada isə daha tez başa çatır. Əvvəlki illərlə müqayisədə vəziyyət müəyyən qədər yaxşılaşıb, lakin yenə də azarkeşlərin bu məsələdə daha diqqətli olmaları vacibdir. “Qarabağ” bəzən çempionat oyunlarını da burada keçirir. Həftədə iki matç olarkən isə təmizlik işçiləri üçün daha çətin olur”.
Qurbanovun sözlərinə görə, stadionun girişində təmizliklə bağlı xəbərdarlıq və maarifləndirici reklam lövhəsinin qoyulmasına baxmayaraq, problem tam aradan qalxmayıb.
Respublika stadionunun məsul şəxsi oyun keçirilməzdən bir neçə gün öncədən təmizlik işlərinə başlanıldığını qeyd edib: “Həmçinin oyundan 3 gün əvvəl bütün oturacaqlar yuyulur, silinir və ərazi yenidən səliqəli vəziyyətə gətirilir. Azarkeş sayından asılı olmayaraq – 15 min və ya 30 min nəfər olsun, eyni sayda işçi ilə təmizlik aparılır. İşçi heyətinin idarə olunması “Qarabağ”ın deyil, stadion rəhbərliyinin səlahiyyətindədir. Oyunlardan sonra stadion daxili və ətrafı tam təmizlənir. Hər yerdə zibil qutusu qoyulmasına baxmayaraq, insanların böyük əksəriyyəti onlardan istifadə etmir, çox vaxt zibilləri onların ətrafına atırlar. Bu isə işçi heyətimiz üçün olduqca çətin və vaxt aparan prosesdir”.
Qurbanov sonda azarkeşlərə də çağırış edib: “Xahiş edirik ki, stadionda keçirilən oyunlar zamanı təmizliyə riayət etsinlər və ətraf mühiti çirkləndirməsinlər. Qarşıda böyük oyunlarımız var və ümid edirik ki, “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanacaq. Lakin bu uğurlu yolda azarkeş dəstəyindən başqa, təmizlik məsələsində də anlayışlı davranış vacibdir. Hər kəsdən xahiş edirik ki, zibil və digər tullantılarını ayrılmış qutulara atsınlar və stadionun səliqəli qalmasına kömək etsinlər. Oyun bitdikdən sonra zibil paketlərini, plastik su qablarını və digər tullantıları zibil qutularına atsınlar. Bu, stadionun daha təmiz saxlanmasına kömək edəcək”.
Futbol sevgisi yalnız 90 dəqiqəlik dəstəklə bitmir. “12-ci oyunçu” olmaq həm də oyundan sonra stadionu səliqəli buraxmaqdır. Çünki bu gedişin bir dönüşü də olur. Gedəndə təmiz saxlamaq lazımdır ki, qayıdanda da təmizlik tələb etməyə üzün olsun.
Ölkəmizə fərqli ölkələrin, fərqli millətlərin nümayəndələri gəlir. Oturduğumuz yeri təmiz qoymaqla həm işçilərin zəhmətinə hörmət edirik, həm də futbol mədəniyyətimizi göstəririk.