Kulis.az saytına istinadən ain.az xəbər verir.
Kulis.az Cem Kınayın yazısını təqdim edir.
Bəzi otellərdə sadəcə yatmazsınız. Onlar sizə zamanı unutdurur, hətta bəzən yenidən müəyyənləşdirir.
Tarixlə bu günü birləşdirən, daşlarında sivilizasiya izləri daşıyan, qapısından daxil olarkən sizə hekayəsini danışan otellər var.Romada barok bağda gəzərkən, Kyotoda çay mərasimində, Vyanada valsın səssizliyində və ya Pataqoniyada tək bir küləyin ardınca gedərkən...Bu 13 otel keçmişin zərifliyini, memarlığını, mədəniyyətini və səssizliyini bu günə daşıyır.Gəlin dünya xəritəsi üzərində vaxt səyahətinə çıxaq:Şahzadələrə inşa edilmiş saraylardan Zen məbədlərinə, Art Deko salonlarından səhranın ortasında mozaik həyətlərə ...Hazırsınızsa, birlikdə dünyanın ən təsirli irsi otellərinə yavaş addımlarla doğru gedək.
"Hotel İmperial" ( Avstriya)
“Bir vaxtlar şahzadələr üçün idi, indi zamanı yavaşlatmaq istəyənlər üçün.”
Vyananın Rinqstrabe küçəsində möhtəşəm bir bina yüksəlir. 1873-cü ildə Vürttemberqli Şahzadə Flipp üçün saray kimi tikilən bu bina, "Hotel Imperial" adı ilə 150 ildir zəriflik dərsi verir.Qapıdan daxil olanda, kristal çılçıraqların altında vals edirmiş kimi hiss edirsiniz. Mərmər sütunlar, ipək divar örtükləri, qızıl işləməli tavan bəzəkləri...Hər detal Habsburq zərifliyinin müasir təzahürüdür.Burada qalmaq yalnız bir oteldə qalmaq deyil. Mahlerin musiqisi, Straussun valsı, Freydin düşüncələri sanki bu divarlarda dolaşır.Çay vaxtında Strüdel ilə keçmişə incə bir salam göndərilir.
"Hotel de Russie" (İtaliya)
“Romada keçmiş hər küncdə pıçıltı ilə danışır. "De Russie" isə bunu zərifliklə təqdim edir.”
Piyazza del Popolo ilə Villa Borqhese bağları arasında gizli bir keçid..."Hotel de Russie", Romada 19-cu əsr aristokratlarının qaldığı, Pikasso, Coctau və Stravinskinin nəfəs aldığı bir sığınacaqdır.Neo-klassik zərifliklə müasir dizayn arasında mükəmməl bir tarazlığa sahibdir.Barokko sütunların kölgəsində uzanan gizli terras bağı, Romada xaosdan yalnız bir addım uzaqda sakit bir cənnət təqdim edir.Otaqlarda pastel tonlar, mozaik detalları və İtaliya zərifliyinin incə xətləri var.Axşamüstü aperitivo ilə, bağdakı portağal çiçəklərinin qoxusu keçmişin izlərini bu günə daşıyır."Hotel de Russie" Romada yalnız daşları deyil, ruhunu da hiss edə biləcəyiniz nadir otellərdəndir.
"Claridge’s" ( İngiltərə)
“Bəzi otellər tarixə şahid olur, bəziləri isə tarixdir.”
Londonun ürəyində, Mayfayrın səssizliyində 1856-cı ildən bəri möhkəm dayanan zəriflik abidəsi: "Claridge’s".İngiltərə krallıq ailəsinin, Çörçillin, Kerri Qrantın və daha bir çoxlarının seçimi... Bura İngiltərənin “rəsmi olmayan sarayı”dır.Kristal çılçıraqlarla işıqlanan məmər döşəməli lobisi, ağ-qara damalı döşəmələri və simmetrik Art Deko xətləri ilə zamanın zərifliyini bu günə gətirir.Salonlarında 1930-cu illərin Londonu hələ də əks-səda verir.
İngilislərin ənənəvi “axşam çayı” burada bir mərasim kimidir : gümüş çay dəstləri, incə kaşılar səssiz bir nəciblik haqqında pıçıldayır.Bu otel İngiltərənin zərifliyini, səssizliyini və ənənələrlə bağlılığını dərindən yaşamaq istəyənlər üçündür.
"Raffles Paris" (əvvəlki Royal Monceau) ( Fransa)
“Parisdə bəzi otellər yalnız divar deyil, dövrün ruhudur.”
"Champs-Elysees"ə bir neçə addım məsafədə yerləşən bu möhtəşəm bina, bir zamanlar Napoleon Bonapartın kölgəsini daşıyan bulvarda yüksəlir.1920-ci illərin Parisində sənətçilərin, yazıçıların və dövlət adamlarının görüş yeri idi. Koko Şanel, Ernest Heminquey və Çörçill…
Hamısı bu koridorlarda iz buraxıb.Bu gün Rafles Paris, Filip Stark toxunuşu ilə yenidən dizayn edilsə də, keçmişə hörmətini hər küncündə saxlayır.Kitabxanalar, heykəllər, yüksək tavanlı salonlar...Otaqlar bir qalereya kimidir; sənət, tarix və zəriflik iç-içədir.Avanqard ruh ilə klassik zərifliyin qovuşduğu bu otel, tam mənası ilə Parisin yaşayan xatirəsidir.Burada qalmaq, sanki öz filminizin səhnəsinə addım atmaqdır.
"Parador de Santiago" ( İspaniya)
“Bu daşlar ziyarətçilərin dualarını, kralların addımlarını və zamanın səssizliyini saxlayır.”
1499-cu ildə katolik krallar tərəfindən Santiaqo de Kompostelaya gələn ziyarətçilər üçün xəstəxana və qonaq evi kimi tikilib.
Bu gün "Parador de Santiago" Avropanın hələ də fəaliyyət göstərən ən qədim otelidir.Qotik, renessans və barok memarlığının birləşdiyi dörd həyətli möhtəşəm bina, hər daşında inancın və sivilizasiyanın izlərini daşıyır.Qövslü daş koridorlar, nəhəng taxta qapılar, daş oymalı həyətlər və zəng səsləri ilə dolu zaman kapsulu kimidir.Otaqlar orta əsrlərin daxili səssizliyini bu günün rahatlığı ilə birləşdirir.Burada qalmaq, mühüm ziyarətin bir hissəsində olmaq kimidir.Parador de Santiago, yalnız otel deyil; tarixə söykənib başınızı söykədiyiniz dayanacaqdır.
"Six Senses Fort Barwara" (Hindistan)
“Bir zamanlar Racput döyüşçüsünün qalası idi… İndi isə sakitliyin qorunduğu müqəddəs bir məkandır.”
XIV əsrdə Racput döyüşçüləri tərəfindən inşa edilən Barvara qalası, Hindistan tarixinin möhtəşəm daş abidələrindən biridir.Bu gün isə "Six Senses" toxunuşu ilə mənəvi bir sığınacağa çevrilib.Orijinal divarlar, qüllələr və məbədlər böyük hörmətlə bərpa edilib.Hər detalda davamlılıq və tarix əl-ələdir: ənənəvi daş işləmələri, Cayn memarlığı izləri, hovuzlu həyətlər və meditasiya zalları...Otaqlardan biri hələ də kral taxt zalıdır, digəri isə qədim bir məbədin kölgəsində yerləşir.Burada qalmaq yalnız Hindistanı görmək deyil; onun ritmini eşitmək kimidir.Qızılgül suyu qoxulu dəsmallar, yoqa ilə açılan səhərlər və müqəddəs səssizlik... Zəkanın və bədənin sarayda görüşdüyü yerdir bura...
"Hoshinoya Kyoto" ( Yaponiya)
“Bəzi otellərdə səsləri deyil, səssizliyi eşidirsiniz.”
Kiotonun Araşiyama bölgəsində, Oi çayının sahilində gizlənmiş 160 illik ənənəvi yapon malikanəsi: Hoşinoya Kioto.Yalnız çaydan qayıqla çatmaq mümkün olan bu ryokan tipli otel, girişdəcə sizi dünyadan uzaqlaşdırır.
Tatami döşəmələr, şoji qapılar, bambuk meşəsinə baxan xüsusi eyvanlar...Hər otaqda mövsümün səsi var: yayda cırcıramalar, payızda düşən yarpaqlar, qışda suyun axını...Daxili məkanlar minimal, amma dərin: heç bir əşya artıq deyil, hamısı bir mərasimin hissəsidir.Burada səhərlər çay mərasimləri ilə başlayır, axşamlar "kaiseki" menyusunun poetik axışı ilə bitir.Hoşinoya, sadəcə otel deyil, Zen fəlsəfəsinin maddi dünyadakı təcəssümüdür.
"La Mamounia" (Fas)
“Günəş çəkilər, həyətdə su susar... Və keçmiş divarlara pıçıltı ilə qayıdar.”
1923-cü ildə inşa edilən La Mamounia, adını Fas sultanlarından birinin oğluna hədiyyə etdiyi XVIII əsr bağlarından alır.Bura sadəcə otel deyil, Fas memarlığını, ədviyyatlarını, naxışlarını, səssizliyini və zərifliyini birləşdirən bir dünyadır.Zellij mozaikaları ilə döşənmiş həyətlər, taxta oyma tavanlar, rəngli vitrajlar və təzə nanə qoxusu...Hər detalda Fasın incə ehtişamı gizlidir.Həyətlərdə portağal ağacları kölgə salır, otaqlarda isə bərbər xalq toxuması xalçalar və sidr ağacından işlənmiş başlıqlar sizi qarşılayır.Uinston Çörçillin “dünyadakı ən gözəl yer” adlandırdığı bu məkanda zaman yavaşlayır, rənglər isə dərinləşir.La Mamouniada qalmaq, Fasın ruhuna toxunmaq deməkdir.
"Sofitel Legend Old Cataract" (Misir)
“Nil sahilində zaman dayanır; kölgələr uzanır, hekayələr başlayır.”
1899-cu ildə açılan "Old Cataract", Asuanın qırmızı qranit qayalarına inşa edilib.Nil çayına baxan kolonial eyvanları, Viktoriya dövrü tavanları, mərmər mozaikaları və qızılvaraq güzgüləri ilə həm Misirin mistisizmini, həm də İngilis zərifliyini daşıyır.Aqata Kristi burada “Nil üzərində Ölüm” əsərini yazdı.
Uinston Çörçill, Hovard Karter və Kral VII Faruq bu daş divarlar arasında gəzişib.Otelin hər küncü roman səhnəsi kimidir; Nil sahilində içilən bir fincan çay belə bir dövrün mərasiminə çevrilir.Bu gün zərif bir restavrasiya ilə yenilənmiş otel həm tarix, həm də komfortun əhatəsində bir sığınacaqdır.Əbədiyyəti izləmək istəsəniz, baxışlarınızı Nil üzərində gəzdirin, otel gerisini pıçıldayacaq.
"Aman Sveti Stefan" (Monteneqro)
“Addımınızı atdığınız anda əsrlərin içinə girmiş olursunuz.”
XV əsrdə balıqçı kəndi kimi inşa edilən "Sveti Stefan", zamanla Monteneqro zadəganlarının yay istirahətinə, sonra isə bütün dünyanın maraqla baxdığı daş adaya çevrildi.Bu gün adanın tamamı Aman zərifliyi ilə yenidən həyat tapıb.Tarixi daş evlər orijinallığını qoruyub, içəridə isə minimal və müasir sadəlik hökm sürür.Dar küçələr, kirəmit damlar, daş pilləkənlər və şam meşələri... Hər şey incəliklə qorunub saxlanıb.Adanı əhatə edən çəhrayı daşlı çimərlik isə yalnız qonaqlara məxsusdur.Sofiya Lorendən Elizabet Teylora qədər bir çox ulduz bu adada vaxt keçirib."Aman Sveti Stefan", yalnız Monteneqronun deyil, Adriatik dənizinin də yaddaşına həkk olunmuş bir şeirdir.
"Belmond Hotel das Cataratas" (Braziliya)
“Bəzi otellər mənzərəyə baxmaz; onun bir hissəsinə çevrilər.”
İquasu şəlalələrinin tam qarşısında, 1950-ci illərin pastel zərifliyi ilə ucalan çəhrayı fasadlı bina ..."Belmond Hotel das Cataratas", Braziliyanın təbii möcüzəsini birbaşa yaşamaq üçün dünyadakı ən imtiyazlı ünvanlardan biridir.Portuqaliya kolonial memarlığından ilham alan tikili, əyri eyvanları, taxta pəncərə örtükləri, dəmir məhəccərləri və xurma ağacları ilə əhatəli eyvanları ilə sanki bir zaman səyahəti təqdim edir.Daxildə ənənəvi Braziliya keramika nümunələri, tropik toxumalar və antik mebellərlə zərif bir atmosfer qurulub.Amma ən möhtəşəm olan: səhərin ilk işığında, yalnız otel qonaqlarının İquasu şəlalələrinə çata bilməsidir.Burada təbiətin səsi otelin özü qədər möhtəşəmdir."Belmond das Cataratas", sadəcə otel deyil — təbiət möcüzəsinin qəlbində səssiz bir ehtişamdır.
"Post Ranch İnn" ( ABŞ)
“Səma ilə okean arasında asılmış bir sakitlik...”
Sakit Okeanın sahilində, Kaliforniyanın qayalıqlarından birində yerləşən "Post Ranch İnn", müasir lüksü təbiətlə harmoniyada yenidən müəyyənləşdirir.Bura saray və ya qala deyil, amma təbiətin özü burada mirasdır.Şüşə, taxta və daşın uyumu ilə inşa edilmiş orqanik memarlıq sanki meşənin bir hissəsi kimi yüksəlir.Otaqlar uçuruma baxan eyvanlara açılır; divar sobalı daxili məkanlar isə səssizliyə qucaq açır.Burada nə televizor, nə saat, nə də uşaq səsi var, yalnız quşlar, külək və dalğaların uğultusu ...Gecələr ulduzlar, səhərlər duman, günortalar isə Sakit Okeanın maviliyi..."Post Ranch Inn", sadəcə bir sığınacaq deyil, özünlə görüş yeridir.Təbiətə toxunmadan onunla yaşamağı seçən bir fəlsəfənin lüks formasıdır.
Explora Patagonia ( Çili)
“Yol bitəndə başlayır həqiqi kəşf. Və orada yalnız təbiət danışır.”
Pataqoniyanın qəlbində, küləklə formalaşmış qranit zirvələrin və buzlaq göllərin arasında səssizcə yüksələn ağ bina ...1993-cü ildə "Torres del Paine" Milli Parkında, təbiətə zərər vermədən inşa edilən bu cəlbedici otel, kəşf ruhuna həsr olunmuş bir həyat tərzi təqdim edir.Bina sadədir: geniş pəncərələr, təbii materiallar, təbiətlə iç-içə düşünülmüş sahələr...Amma mənzərə möhtəşəmdir: "Paine Massifin" qarla örtülü zirvələri, firuzəyi "Pehoé" gölü və gecələr səmanı deşən ulduzlar.Burada qalmaq rahatlıq axtarışı deyil; təbiətlə harmoniya axtarışıdır.Bələdçili yürüşlər, tənha cığırlar, səssiz göl sahilləri..."Explora", Pataqoniyanın sonsuzluğunda daxili bir səyahət dəvətidir.Bəzi otellər zamanla dost olur... Bu otellər yalnız bir tikili deyil. Onlar yaşanmışlıqla qurulan bağların, tarixlə yoğrulmuş səssizliklərin, daşla yazılmış hekayələrin şahididir.
Bəzisi bir şahzadənin sarayı idi, bəzisi ziyarətçi yolunun sığınacağı, bəzisi ulduzlu gecədə özünə dönüş qapısıdır. Dünyanı gəzərkən təkcə yeni yerlər görmək deyil, bir zamanla qarşılaşmaq, bir ruhla tanış olmaq istəyənlər üçün bu otellər hələ də oradadır...
Çünki bəzi otellərdə sadəcə qalmazsınız, tarixi yaşayarsınız...
Maykl Ceksonun qızı “İnterviziyada” ABŞ-ı təmsil edə bilər
Kino tarixində ilk - Süni intellekt filmi dəyişdirdi
"İsa Məsihin iztirabları" filminin davamı iki hissəli olacaq
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.