Kardioloqlar 60 yaşdan yuxarı şəxslər üçün ürək sağlamlığını dəstəkləyən ən faydalı məhsulun losos balığı olduğunu bildiriblər. Mütəxəssislərin fikrincə, bu məhsul ürək-damar xəstəliklərinin riskini azaltmaq üçün ideal qidadır.
Vətəninfo.az xəbər verir ki, Parade nəşrinə danışan tibb elmləri doktoru Çen-Xan bildirib ki, düzgün zülal seçimi ürək sağlamlığını qorumaqda əsas rol oynayır. Bu baxımdan losos balığı yüksək keyfiyyətli zülal və omega-3 yağ turşularının ən zəngin təbii mənbələrindən biridir.
“Losos ürək üçün əla seçimdir. O, HDL (yaxşı) xolesterinin səviyyəsini artırmağa, LDL (pis) xolesterinin isə azalmasına kömək edə bilər,” – deyə doktor Çen qeyd edib.
Yüksək LDL xolesterini arteriyalarda lövhələrin yaranmasına səbəb olur, bu da infarkt və insult riskini artırır.
Başqa bir kardioloq – doktor Supriti Behuriya isə bildirib ki, lososdakı omega-3 yağ turşuları bədəndə iltihabın azalmasına da kömək edir. Qısamüddətli iltihab toxumaların bərpası üçün vacib olsa da, xroniki iltihab şəkərli diabet və xərçəng kimi ciddi xəstəliklərlə əlaqələndirilir.
Bundan əlavə, omega-3 yağ turşuları damarların sağlamlığını qoruyur, bu isə infarkt, insult və periferik damar xəstəliklərinin riskini azaldır.
Niyə zülal yaşlı insanlar üçün vacibdir?
Doktor Çenin sözlərinə görə, zülal orqanizmdə əzələ kütləsinin qorunmasına kömək edir. Nəzərə alsaq ki, ürək də əzələdir, bu, onun funksiyasına da müsbət təsir göstərir.
“Zülal ümumi əzələ gücünü qoruyur və sağlam çəkiyə dəstək olur. Bu da yaşlandıqca ürək-damar sağlamlığının qorunmasına töhfə verir,” – deyə kardioloq əlavə edib.
Mütəxəssislər həftədə iki porsiya omega-3 ilə zəngin balıq yeməyi tövsiyə edirlər. Əgər lososu tez-tez yemək istəmirsinizsə, onun əvəzinə skumbriya və ya treska kimi digər faydalı balıq növlərini seçə bilərsiniz.
Xatırladaq ki, bundan əvvəl mütəxəssislər 60 yaşdan sonra fiziki aktivliyin qorunması üçün ən vacib idman hərəkətini də açıqlamışdılar.